Tarix sızlamağı xoşlamır, unutqan olmağı isə heç bağışlamır. Tarix kifayət qədər ədalətsizliyin şahidi olub. Elə bilməyin ki, süqut edən imperiyalar, yer üzündən silinən dövlətlər, böyük arzularla yaşayan hökmdarlar öz əcəlinin qurbanları olublar? Qətiyyən.
Azərbaycan xalqı da tarixin ədalətsizliklərindən yan keçməyib. Bir zaman müstəqil Azərbaycan xanlıqları çar Rusiyanın işğalının qurbanı oldu. Heç kimin ağlına gəlməzdi ki, Cənubi Qafqazla heç bir əlaqəsi olmayan ermənilər Azərbaycan torpaqlarına köçürüləcək və xalqımızın faciələri başlayacaq. Təəssüflər olsun ki, xalqımızın başına gətirilən bu faciələri ibrət tarixinə çevirə bilmədik. Çar Rusiyası işğalını sovet işğalı əvəz etdi. Heç nə dəyişmədi. Şimaldan əsən soyuq külək xalqımıza repressiya, torpaq itkisi, deportasiya dərdi bəxş etdi. Bu qanlı tarix 2020-ci ilin payızına kimi davam etdi.
Sovet dövləti çökən ərəfədə illərlə müstəqilliyin həsrərində olan xalqlar arzu və istəklərini ortaya qoydular. Azərbaycan imperiya əsarətindən qurtulmaq ərəfəsində olanda erməni tərəfi yenidən şeytan kimi peyda oldu. Can verən imperiya öz məkrli əlini qaniçən ermənilərə uzatdı. Qərbin çirkin əli erməni məsələsində canüstə olan sovet rəhbərliyinin maraqları ilə üst-üstə düşdü.
Müstəqilliyimizi bərpa etdik, amma onun şirinliyini dada bilmədik. Çünki erməni tərəfi Azərbaycanı zəif bənd hesab edərək tarixi torpaqlarımızın işğalına başladılar. Heç bir dövlət, heç bir nufuzlu təşkilat Ermənistana dur!- demədi. Amma ermənilərə bu təcavüzə görə xeyir-dua verən dövlətlər xeyli çox oldu. Yalançı erməni göz yaşı hətta tarixi bilənləri də yoldan çıxardı. Bəzi dövlətlər sözdə bizi müdafiə etsə də, erməni təcavüzünə biganə qaldılar. Çoxları ağıllarına da gətirə bilmirdilər ki, bu xalq tarixdə güclü dövlət, nəhəng imperiya yaradan xalqların cərgəsində yer alıb, Müsəlman Şərqin ilk Cümhuriyyəti bu xalqın adı ilə bağlıdır. Dəfələrlə işğala məruz qalıb, amma dilini, dinini, adət-ənələrini və gələcəyə olan ümidini itirməyib. Ermənilər torpaqlarımızı işğal etsə də müstəqilliyə olan inamımız itmədi, əksinə xalq bu Vətəni işğaldan azad edə biləcək o böyük insanın axtarışında idi. O insan ki, “Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq”- deyəcək.
Torpaqları işğal olunan, bir milyon qaçqın və köçkünü olan Azərbaycan tərəfi olsa da, bizi Ermənistanı blokadaya alan tərəf kimi qınadılar və dünyanın super dövlətinin Konqresi 1992-ci ildə 907-ci düzəlişi tətbiq etdi. Azadlığa dəstək haqqında Akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən düzəliş idi.Haqq səsimizi eşidən olmadı. 1993-cü ildə erməni tərəfinin işğalını qınayan BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Çoxumuza belə gəlirdi ki, qətnamənin mürəkkəbi qurumamış erməni hərbi birləşmələri torpaqlarımızdan çıxarılacaq. Dünyada ən ağrılı şey sadəlövhlükdür. Üstəlik bizi tam əmin etmək üçün ATƏT-in Minsk qrupunu yaratdılar. Guya bu qurum Qarabağ problemi ilə məşğul olub, haqq və nahaq tərəfi üzə çıxaracaqdı. Uzun illər ərzində üç dövlətdən olan həmsədrlər dəyişdi, amma onların problemin həllinə münasibəti dəyişmədi.
Birinin cəsarəti çatmadı, desin ki, Ermənistan işğalçı tərəfdir, işğala məruz qalan Azərbaycandır. Otuz ilə yaxın həmsədrlərin ədalətini gözlədik, amma bu zalımlardan səs çıxmadı. Əslində hərdən mızıldayırdılar ki, gəlin barışın, məsələ həll olunsun. Yəni erməni işğalını qəbul edin, rahat yaşayın. Bundan böyük namərdlik nə ola bilərdi?
Haşiyə: 1918-ci ilin dekabrın əvvəlində Milli hökumətin Baş naziri Fətəli xan Xoyski ilə Bakının qubernatoru general Tomson arasında gərgin bir görüş olur. Hökumətin təşkili və parlamentin fəaliyyətə başlaması ilə bağlı Tomsonun öz tələbləri var idi. O, tələbləri üstündə israr edirdi. Baş nazir generalın tələblərini rədd etdi. General əsəbi şəkildə Baş nazirə: “Nəyə arxayın danışırsan? Mənə çatan məlumata görə elan etdiyiniz dövlətin heç ordusu yoxdur.” Baş nazir cavabında:” Cənab general, Siz xalqın gücünün nə olduğunu bilmirsiniz.Çünki siz orduya rəhbərlik edirsiniz. Siz bura üç min sipahi əsgəri ilə gəlmisiniz. Siz başda olmaqla əsgərləri Xəzər dənizinə tökmək çətin deyil. Xalqımız bunun öhdəsindən rahatlıqla gələr. Amma qonağı heç vaxt belə qarşılamırıq. Biz min illərin adər-ənənəsi ilə fəxr edirik.”
Qarabağın işğalından illər keçdi. Azərbaycan tərəfi əmin oldu ki, bu ağrılı yük onun çiynindədir. Heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanın haqq işində ona kömək etmək istəmir. Beləliklə, Azərbaycan tərəfi Aprel döyüşlərindən sonra ilk dəfə düşmən tərəfi ilə döyüş meydanında üz-üzə gəldi. Ermənistanın havadarları vay- şivənə başladılar. Hədələyən kim, Ali Baş Komandanla müstəntiq kimi danışan kim, döyüş meydanından xeyli kənarda yerləşən şəhərləri bombalayan kim, məsələni BMT Təhlükəsizlik Şurası səviyyəsinə qaldıran kim? Bunların hamısı əbəs idi. Çünki Azərbaycan 90-cı illərin Azərbaycanı deyildi. Ali Baş Komandanın sözləri ilə desək: “ Xalq və iqtidar birliyinin təmin olunması; Problemin tarixi tərəfinin və hüquqi müstəvisinin bütün dünyaya çatdırılması; Güclü iqtisadiyyatın yaradılması nəticəsində ən müasir silahlara sahib olması; On yeddi il hakimiyyəti dövründə güclü ordunun yaradılmasına nail olunması.
44 günlük Vətən Müharibəsində illərlə arzusunda olduğumuz qələbəni əldə etdik. Düşmən torpaqlarımızdan qovuldu, Ermənistana qalib dövlət deməyə hazırlaşan Qərbin arzusu ürəyində qaldı. Separatçı rejimin fəaliyyətinə son qoymaqla Ermənistan və havadarları Azərbaycan xalqının gücünü dərk etməyə başladılar.
Düşmən məlum, danışıqsız təslim edildi.Havadarları məlum, bu gün də bizə böhtan atmaqla məşğuldurlar, ermənidən daha çox erməni olmaq istəyirlər. Gözəl deyimimiz var:” İt hürər, karvan keçər”!
Bu gün Azərbaycanın qazandığı uğurları heç kim inkar edə bilməz. ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın dövlət başçısı dünyanın diqqət mərkəzindədir. ATƏT-in Minsk qrupu Azərbaycanın tələbi ilə tarixin arxivinə verilir. Ermənistan öz Konstitusiyasında lazım olan dəyişikliyi etməlidir. Azərbaycanı birləşdirən dəhliz xalqımızın maraqlarına xidmət etməlidir.
Bu gün dünyanın super dövləti Azərbaycanın dövlət başçısını Ağ evə dəvət edirsə, buna sevinməmək olarmı? Uzun illər və üzücü bir müharibə sülh müqaviləsi ilə sona çatır. Buna görə biz sevinməyək, bəs kim sevinsin?
Qarabağ problemi uzun illər müxalifətə bu məsələyə öz nöqteyi-nəzərdən münasibət bildirməyə şərait yaratmışdı. Hər dəfə ağa qara demək mümkün olmasa da müxalifət buna öyrəşmişdi. İndi dünyanın gözü qarşısında sülh müqaviləsi ilə bağlı ilk uğurlu addımlar atıldı. İlk gündən Azərbaycan hansı şərtləri irəli sürmüşdüsə, müqavilə o əsasda hazırlanmışdır. Görəsən, müxalifətin növbəti böhtanı nə olacaq?
Qərbin qucağına sığınmaq olar, amma bu qucaq nə isinməz, nə də isitməz, çünki Vətənə xəyanət edənlər heç vaxt rahat ola bilməz.. Vətənimizi, dövlətimizi, dövlət başçısını sevək və sevdirək. Bizim amalımız budur!
Anar İsgəndərov
Milli Məclisin Elm və təhsil komitəsinin sədri