AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: "Həmsədrlərin bu imtinası nə Azərbaycan reallığını, nə də yeni standartları dəyişə bilər"

  • + A
  • - A
  • 13-07-2021, 17:26


    “Prezidentin tapşırığına əsasən ölkəmizə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri təşkil edilir. Bu səfərlərin təşkilində məqsəd nümayəndələrin mövcud vəziyyətlə yerində tanış olmaları və Ermənistanın ərazilərimizdə 28 ilə yaxın hansı vandalizmləri törətdiklərini görmələri üçündür”.

    Bu sözləri AzadMedia.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

    O, diplomatik korpusun nümayəndələrinin Şuşaya təşkil edilən səfərinin əhəmiyyəti və bu səfərdə Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirlərinin iştirak etməməsinə münasibətini bildirib:

    “Bu səfərlərdə diplomatik korpusun nümayəndələri iştirak ediblər və səfərlər davam etməkdədir. Bu dəfə Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin ölkəmiz üzrə nümayəndələri də səfərdə iştirak ediblər. Bu səfərləri yüksək qiymətləndiririk, lakin bu həm də, onların borcudur. Onlar bu səfərlərdə öz ölkələrini təmsil edirlər. Bu səfərlər sayəsində onlar vəziyyəti, işğalın dəhşətini öz gözləri ilə görürlər, öyrənirlər. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin səfirlərinin də Şuşaya səfərə dəvət olunmaları, amma sonradan bu iştirakdan imtina etmələrinə bir çox aspektdən yanaşmaq olar. Lakin bu səbəbləri saymağa ehtiyac yoxdur, səfirlərin bu addımının səbəbi hər kəsə aydındır. Çox təəssüf ki, ikili standart məsələləri hələ də özünü göstərməkdədir. Həmsədr ölkələr çox vaxt bir fikri deyib, başqa fikirlə hərəkət edirlər. Onların Şuşaya getməkdən imtina etmələri, həqiqətləri öz gözləri ilə görmək istəməmələri nələrisə dəyişə bilməz”.

    Deputatın fikrincə, səfirlər bu səfərdə iştirakdan imtina etməklə əslində beynəlxalq hüquqa, bölgədə sülhün yaranmasına laqeyd olduqlarını göstərdilər:

    “Onlar səfərdən imtina etməklə bu məsələlərə - beynəlxalq hüquqa söykənən mövzulara laqeyd olduqlarını göstərdilər. Həmsədrlər ölkələr bir çox bəyanatlarda, məktublarında Azərbaycanın haqq işində iştirakçı olduqlarını göstərsələr də, biz çox vaxt bu ölkələrin medialarında, parlamentlərində başqa fikirlərin şahidi oluruq. Bu, sözügedən ölkələrdə ikili standartların olduğunu bir daha sübut edir. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarını düşmən işğalından azad etdi. Bununla da, ordumuz indiyə qədər yerinə yetirilməyən beynəlxalq hüququn norma və prinsiplərini, ədaləti bərpa edib. Hansısa ölkənin bu cür vacib məsələlərə laqeyd olması, səfərlərdən imtina etməsi reallığı dəyişə bilməz. Bu reallığı Azərbaycan öz gücü, ordusu hesabına yaradıb. Çox istəyərdik ki, həmin nümayəndələr də işğaldan azad olunmuş ərazilərə gedərək, ermənilərin 30 ilə yaxın müddətdə o torpaqlarda necə vəhşilik törətdiklərini görsünlər. Lakin onların bu imtinası nə Azərbaycan reallığını, nə də yeni standartları dəyişə bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR