20 iyul 2024-cü il tarixində Azərbaycan Milli Konservatoriyasında “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Mədəniyyət paytaxtı” film-konsert layihəsi çərçivəsində çəkdiyi “Mədəniyyət paytaxtı” film-konsertin təqdimat mərasimi keçirildi. Film-konsert layihəsinin icrasında məqsəd Ölkə başçısı, Zati-ailələri İlham Əliyev cənablarının qərarı əsasında İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində və ümumilikdə ölkəmizdə 2024-cü il ərzində təşkil ediləcək silsilə tədbirlərə töhfə verməkdir.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov film-konsert haqqında ümumi məlumat verdi. Layihənin həyata keçirilməsində dəstəyinə görə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi.
Təqdimatda çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, musiqişünas və film-konsertin məsləhətçisi Abbasqulu Nəcəfzadə, müğənni Təhmiraz Şirinov, sənətşünaslıq üzrə fəlsəfə doktorları Rauf Bəhmənli və Saədət Təhmiraz qızı və digər çıxışçılar film-konsert haqqında fikirlərini bildirdilər. Mədəniyyət paytaxtı film-konsertində Şuşa şəhəri Yuxarı Gövhər ağa məscidinin imamı Mirabdullah Həsənli Şuşa şəhərinin məscidlərinin 30 illik işğalı dövründə dağıdılması və “Vətən müharibəsi”ndən sonrakı bərpa işləri haqda, Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas və film-konsertin məsləhətçisi Abbasqulu Nəcəfzadə ilk dəfə film-konsertdə səslənən mahnıları təhlil edib, Daxili Qoşunların xüsusi təyinatlısı, Vətən müharibəsi qazisi, “Qarabağ” ordenli kapitan Vüsal Həsənov “Vətən müharibəsi”ndə ordumuzun rəşadəti haqda, Əczaçı-bioloq, sitrus bitkilərinin seleksiyaçısı Rauf Rəhimov isə insanla təbiətin harmoniyası haqqında fikirlərini bildiriblər. Bəstəkar Bəhram Nəsibovun bəstələdiyi “Vətən bağı” (Sözləri: Ağabəyim ağa Cavanşir), “Cıdır düzü” (Sözləri: Rəfiq Zəka), “İslam dünyası” (Sözləri: Nəcməddin Mürvətov), “Şuşa qalası” (Sözləri Sabir Əliyev) mahnıları ilk dəfə film-konsertdə müğənni-bəstəkar Elnur Nuri tərəfindən səsləndirildi. Film-konsertdə mahnılar, müsahiblər, kadrarxası mətnlərin, interküylərin harmoniyasında tamaşaçıya çatdırılıb. Bu da tamaşaçını mövzuyla audio-vizual şəkildə tanış edir.
Film konsertin yaradıcı heyəti - Layihənin rəhbəri, ssenari müəllifi, montaj: Adil Nəsibov, Rejissor: Cəsarət Hüseynzadə, Operator - Elmir Mirzəzadə, Məsləhətçi Abbasqulu Nəcəfzadə, Prodüsser: Vüsal Əhmədov, Redaktor: Şəbnəm Tofiqqızıdır. Ümidvarıq ki, Mədəniyyət paytaxtı film-konserti mədəniyyətimizə layiqli töhfə olacaq.