“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Naxçıvan Muxtar Respublikasında keçirdiyi “Müharibə iştirakçıları üçün biznes təlimləri” adlı layihəsi ilə bağlı yekun hesabat yayıb.
Hesabatda bildirilir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə reallaşdırılan layihə çərçivəsində ümumilikdə 7 təlim keçirilib. Təlimlərdə 105 nəfər iştirak etməli olsa da, yekunda təlim iştirakçılarının sayı 112 olub. Layihə rəhbəri Emin Tarverdiyev təlimlər zamanı layihənin məqsədləri haqda məlumat verib. Təlimçi Vüsal Novruzov biznesə yeni başlayanlar üçün müvafiq məlumatlandırma sessiyaları keçirib.
İştirakçılar arasında təlimlər öncəsi pre-testlər keçirilib. Pre-testlərdə 299 düz, 261 səhv cavab qeydə alınıb. Təlimçi tərəfindən biznesə başlamaq üçün ilkin olaraq hansı addımların atılması, hansı işlərin görülməsi, risklərin, qarşıya çıxa biləcək maneələrin aradan qaldırılması istiqamətində məlumatlar verib, onların aradan qaldırılması yollarından danışıb. Yekunda post-testlər keçirilib və nəticədə 543 düz, 17 səhv cavab qeydə alınıb. Bu, keçirilən təlimlərin vacibliyini bir daha ortaya qoyub.
Təlimlərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev, Naxçıvan MR Ali Məclisinin deputatları Turan Məmmədli və İsmayıl Qəribli, Naxçıvan İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, həmçinin əməkdar mədəniyyət işçisi, “Şərur şəhidləri” kitabının müəllifi Ümbülbanı Musayeva qonaq qismində iştirak ediblər. Onlar da təlimlərin faydalılığından danışaraq, iştirakçılara uğurlar arzulayıblar.
7 təlimin nəticəsi olaraq ilk təlimdə iştirak edən Vətən Müharibəsinin qazisi İsa bəy öz şəxsi təsərrüfatında yaratmaq istədiyi biznes üçün plan, sloqan və loqo hazırlanıb. Onun xaricə arı məhsullarının satışı istiqamətində işlər görülüb. Qazimizin özünə aid olan məhsulunun Birləşmiş Ərəb Əmirlikləri bazarına çıxarılması üçün dəstək göstərilib. Həmçinin Sədərəkdən olan qazimiz İlkin bəy üçün biznes plan hazırlanıb, onun, Şərur-Sədərək yolunun üzərində həm avtomobillərin ehtiyat hissələrinin satışı, həm avtoyuma məntəqəsi, həm də avtomobillərə xidmət göstərmək üçün obyektinin açılması yönündə yardım göstərilib.
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, layihə rəhbəri Emin Tarverdiyev saytımıza açıqlamasında keçirilən layihənin ümumilikdə müsbət nəticələrinin olduğunu bildirib. Qeyd edib ki, təlimlərin sonrakı mərhələlərində aktivlik daha ciddi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.