AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayraqları bayraq yapan üstündəki al qandır — Üçrəngli bayrağımızın tarixçəsi

  • + A
  • - A
  • 9-11-2017, 13:49

    Bayraqları bayraq yapan üstündəki al qandır — Üçrəngli bayrağımızın tarixçəsi











    Azərbaycan Respublikası Konstitusiyası maddə 23. Azərbaycan dövlətinin rəmzləri I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.



    Bayraq nədir?

    Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır.

    Ölkə.Az redaksiyası Azərbaycan xalqını Bayraq Günü münasibətilə təbrik edir və üçrəngli bayrağımızın tarixçəsini oxucularına təqdim edir.

    Xalis Azərbaycan sözü olan bayraq – ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Bu söz türkologiya elminin bahadırı sayılan Mahmud Kaşğarinin məşhur «Divanü-lüğat-it-türk» (XI əsr) əsərində müasir dilimizdəki mənada və bayrak // batrak fonetik variantlarında (şəkillərində) qeydə alınmışdır. Bayraq sözü istər qədim, istərsə də müasir türk dillərinin əksəriyyətində, əsasən, eyni mənadadır. Araşdırıcıların fikrincə, həmin söz «batırak < batrak< bayrak» semantik-struktur təkamül modeli əsasında batır – («batırmaq», «sancmaq») felindən törəmişdir. Bayraq sözü müasir anlamda dövlətçilik termini olaraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki Dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli azadlığını, milli dövlətçiliyini əks etdirir. Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur. Bu bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir. Azərbaycan bayrağı – Azərbaycan vətəndaşlarının namus və qeyrət emblemi olub, dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqidir...

    Bu gün Bayraq Günüdür

    Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını lakonik, obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Hələ qədim zamanlardan başlayaraq bütün dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri – simvol və rəmzləri olmuşdur. Bunlar müxtəlif emblem, bayraq, gerb, medal və sairdən ibarət olmuşdur. Azərbaycanın dövlətçiliyi təşəkkül tapdıqdan sonra onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərinin təxirə salınmadan yaradılması tədbirlərinə əl atmışlar. Bu tədbirlər sırasında ilk növbədə gözəl təsvirli və çoxmənalı bayrağın qəbul edilməsini xüsusilə qeyd etmək lazımdır. Dövlətin mühüm atributlarından sayılan himnin və gerbin layihələri də hazırlanmış, lakin rus işğalçılarının ölkəyə müdaxiləsi üzündən təsdiq edilməsinə imkan olmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmışdır. Arxivlərdə təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Lakin bir çox sənədlər sovet hakimiyyəti illərində məhv edildiyindən dövlət rəmzləri və atributları haqqında məlumatlar dolayı mənbələrdən əldə edilir. Keçmişdə xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Məsələn, folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, şir, əjdaha, qartal, simurq, tovuz və s. bu kimi heyvan və quşların, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçəklərin təsvirləri, həndəsi və nəbati naxışlarda həkk olunmuş obrazları simvolik məna kəsb etmiş, milli təfəkkürü, xalqın bədii zövqünü, estetik və əxlaqi təsəvvürlərini əks etdirən rəmzi mahiyyət daşımışdır. Təsadüfi deyildir ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq və istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri, gözəllik anlayışları qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur.

    Tarixi mənbələrdə bayraq

    Tarixi mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanələri – “tuğra”ları olmuşdur. Məsələn, görkəmli dövlət xadimi, sərkərdə və istedadlı şair Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Azərbaycan Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Bununla yanaşı, “Qırmızı taclı” “qızılbaş şahı”nın özünəməxsus gerbi də olmuş – “Simurq quşu ilə əjdahanın döyüşünü” təsvir edən “tuğra”sı dövlətin rəsmi rəmzi, bir növ emblemi mahiyyətini daşımışdır. Hökmdarlara məxsus belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı.

    Çar Rusiyasının işğalı dövründə bayraq

    XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar. Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası üzərində daş lövhədə həkk olunmuş buğa kəlləsi ilə qoşa şirlərin təsviri də Şirvanşahlar dövlətinin qüdrətinə işarə edən monumental emblemdir. Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. O, bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən emblemli qumaş parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir.

    1918-ci ildə qəbul edilən bayraq

    Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

    Tarixdən məlumdur ki, 1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi. O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlananantiazərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların (əslində qanunların), o sıradan, Azərbaycanda hərbi vəziyyət elan edilməsi (19 iyun 1918-ci il), Azərbaycan Milli Ordusunun (Korpusunun) yaradılması (26 iyun 1918-ci il), Azərbaycanın dilinin dövlət dili elan olunması (27 iyun 1918-ci il), nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur... Tarixi reallıq belədir ki, Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər.




    Üçrəngli bayrağın qəbulu

    Sonrakı tarixi hadisələr, xüsusənhəmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir. Belə ki, 1918-ci il sentyabrın 15-də türklərdən və azərbaycanlılardan təşkil olunmuş xilaskar missiyalı Qafqaz İslam Ordusunun köməyi ilə Bakı düşmənlərdən azad olunur, üç gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçür, Bakı Şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilir. Azərbaycan milli hökuməti dövlət quruculuğu sahəsində başladığı möhtəşəm tədbirlərini genişləndirmək və inkişaf etdirmək imkanı qazanır. Lakin Birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı İmperatorluğu Mudros müqaviləsinə (30 oktyabr 1918-ci il) görə öz qoşunlarını Azərbaycandan geri çəkmək məcburiyyətində qalır, İngilis ordusunun komandanı general V.Tomsonun rəhbərliyi ilə müttəfiq dövlətlərin qoşunları isə Bakıya daxil olur. Belə bir mürəkkəb və gərgin tarixi şəraitə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Hər il 9 noyabr günü üçrəngli milli bayrağımızın yaranması günü - Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentinin (Məclisi-Məbusanının) birinci iclasını açan Azərbaycan Milli Şurasının sədri M.Ə. Rəsulzadə üçrəngli milli bayrağımıza xitabən, onun əbədi olaraq başlarımız üzərində yüksələcəyinə sonsuz inamını ifadə edərək demişdi: «Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful etməyəcəkdir...» Lakin çox təəssüf ki, sonrakı tarixi-siyasi proseslər Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa, üçrəngli milli bayrağımızın başlarımız üzərində əbədi dalğalanmasını təmin etməyə imkan vermədi. Daxili ziddiyyətlər, partiyalararası mübarizələr və xarici müdaxilə – Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində «İnsanlara hürriyyət, millətlərə istiqlal» amalı ilə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...





    Üçrəngli bayrağın Heydər Əliyev tərəfindən bərpası

    Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr və proseslər göstərdi ki, kommunist-sovet rejiminin hər cür təzyiq və məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqını, Azərbaycan gəncliyini milli azadlıq, müstəqillik, istiqlal idealları və arzuları heç vaxt tərk etməmişdir. Azərbaycan Xalq Cümhuriyyətini «milli sərvətimiz, tariximizin parlaq səhifəsi» kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə dediyi kimi, «Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi». Lakin Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il mayın 3-də azadlıqsevər xalqımızın qəlbinə endirilmiş müqəddəs istiqlal rəmzi – üçrəngli milli, dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə (05.02.91, № 217-XII) ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı...



    Az müddətdən sonra «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» (18 oktyabr 1991-ci il) ilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini elan etdi. İlk olaraq Türkiyə Cümhuriyyəti ölkəmizin müstəqilliyini tanıdı. Böyük öndər Qazi Mustafa Kamal Atatürkün vaxtilə söylədiyi «Azərbaycan bayrağının Türkiyə bayrağı yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır» sözləri artıq həqiqətə çevrildi... İndi təkcə Türkiyənin deyil, dünyanın bir çox dövlətlərinin səmasında ölkəmizin səfirlikləri üzərində Azərbaycan bayrağı – müstəqilliyimizin müqəddəs rəmzi dalğalanır... Bu da sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edildi və həmin təşkilatın Nyu-Yorkdakı iqamətgahının qarşısında dünyanın 180- dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada Azərbaycan Bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.



    Rənglərin mənası

    Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

    Dünyanın ən hündür bayraq dirəyi

    Dövlət bayrağının istifadəsi 8 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.



    Bayraq günün mübarək, Azərbaycan!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR