Azərbaycan ürək cərrahiyyəsinin formalaşma mərhələsi təkcə tibbi nailiyyətlərlə deyil, eyni zamanda taleyüklü kadr qərarları ilə yadda qalıb. Bu dövrün əsas simalarından biri, Akademik Topçubaşov adına Elmi Cərrahiiyə Mərkəzində ürək cərrahiyyəsinin təməlini qoymuş professor Fikrət Zərgərlinin komandasında anestezioloq kimi çalışan Fazil Abbasov olmuşdur.
1983-cü ildə professor Zərgərli dünyasını dəyişdikdən sonra təbii olaraq sual ortaya çıxdı: formalaşmaqda olan ürək cərrahiyyəsi məktəbinə kim rəhbərlik edəcək? Məhz bu mərhələdə Fazil Abbasov, ixtisasca anestezioloq olmasına baxmayaraq, ürək cərrahiyyəsi şöbəsinə rəhbərlik etmək iddiası ilə çıxış etdi. Lakin həmin dövrdə Azərbaycan Səhiyyə Nazirliyi bu yanaşmanı məqsədəuyğun saymadı və ürək cərrahiyyəsi üzrə ixtisaslaşmış kadr kimi Ukraynadan professor Əli Bağırovu dəvət etdi.
Professor Əli Bağırov Abbasova peşə etikası çərçivəsində, anestezioloq kimi fəaliyyətini davam etdirməyi təklif etdi. Bu təkliflə razılaşmayan Fazil Abbasov Moskva Onkoloji Mərkəzinə yollanaraq anestezioloq kimi işləməyə başladı və parenteral qidalanma mövzusunda doktorluq dissertasiyası yazdı. Bu elmi istiqamət, şübhəsiz ki, əhəmiyyətli olsa da, ürək cərrahiyyəsinin klinik inkişafı və cərrahi məktəbin qurulması ilə birbaşa əlaqəli deyildi.
Azərbaycana qayıtdıqdan sonra Abbasovun fəaliyyəti elmi-didaktik xətt üzrə deyil, daha çox inzibati və mövqe yönümlü müstəvidə davam etdi. Professor Cəmil Əliyevin insani münasibəti və etimadından yararlanaraq Onkologiya Mərkəzində Torakal Cərrahiyyə Mərkəzinin rəhbərliyinə gətirildi. Lakin burada da əsas sual cavabsız qaldı: yetişdirilən kadrlar haradadır, davamlı klinik nəticələr hansılardır, formalaşan məktəb varmı?
1994-cü ildə Fazil Abbasov Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə direktorun elmi işlər üzrə müavini təyin olundu. Elə həmin il Elmi Şuranın qərarı ilə professor Əli Bağırov ürək cərrahiyyəsindən uzaqlaşdırıldı və ixtisasca anestezioloq olan Abbasov ürək cərrahiyyəsi şöbəsinə rəhbər seçildi. Bu qərar artıq təkcə bir kadr dəyişikliyi deyildi — bu, bütöv bir sahənin inkişaf trayektoriyasının dəyişdirilməsi idi.
Ürək cərrahiyyəsi inzibati yolla idarə olunan sahə deyil. Bu sahə yalnız əməliyyat masasında, real klinik risk altında, illərlə formalaşan təcrübə ilə qurulur. Rəhbər şəxs yalnız təşkilatçı yox, eyni zamanda məktəb yaradan, tələbə yetişdirən, özü nümunə olan “usta” olmalıdır bəli, bəli məhz “usta” olmalıdır. Bu keyfiyyətlər olmadıqda struktur qalır, amma inkişaf dayanır.
Nəticə gözlənildiyi kimi oldu: Azərbaycanın ilk ürək cərrahiyyəsi mərkəzi formal olaraq mövcudluğunu saxladı, lakin məzmun baxımından inkişaf etmədi. Yeni nəsil ürək cərrahları yetişmədi, davamlı cərrahi ənənə formalaşmadı və mərkəz bu sahədə illərlə geridə qaldı.
Bu gün 75 illik yubileyi qeyd olunan “professor”un arxasında real cərrahi məktəb, sistemli tələbə nəsli və ya beynəlxalq səviyyədə tanınan klinik irs görünmür. Çünki öyrətmək üçün yalnız elmi ad kifayət etmir — öyrədən insanın özü peşənin içindən gəlməli, etdiyini göstərə bilməlidir.
Bu yazı şəxsi hesablaşma deyil. Bu, səhiyyə sistemində uzun illər yol verilmiş yanlış kadr siyasətinin, peşəkarlıq əvəzinə inzibati qərarların və şəxsi ambisiyaların bir sahəni necə durğunluğa sürüklədiyinin publisistik təsviridir. Azərbaycan ürək cərrahiyyəsinin itirdiyi illər məhz bu səhvlərin nəticəsidir.
Məqalə İlqar Heybətovun sosial media hesabından götürülüb