“Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”. Bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
O, bildirib ki, qardaş Türkiyədə hərbçi pensiyaya çıxandan, yaxud işindən ayrılandan sonra xəstəxanadan pulsuz istifadə edir: “Bizdə də belə olmalıdır. Hələ ki, bizdə icbari tibbi sığorta tətbiq edilmir. Daxili İşlər Nazirliyində bu məsələ öz həllini tapıb. İşindən ayrılan işçilər də Daxili İşlər Nazirliyinin hospitalından istifadə edə bilir. Hərbçilər üçün də belə olmalıdır”.
İqtisadçı-ekspert Natiq Cəfərli deputatın sözügedən təklifini “Sherg.az”a dəyərləndirib:
“Belə təkliflər indiyədək bir neçə dəfə olub. Bir çox ölkələrdə analoji məsələ tətbiq edilir. Məncə də, polis və hərbçi qardaşlarımıza belə güzəştlərin olması pis fikir deyil. Əslində onlar üçün nə etsək azdır.
Sadəcə təklifin mexanizmini düzgün qurmaq lazımdır. Fikrimcə, sözügedən kateqoriyadan olanlar hər dəfə ictimai nəqliyyata minəndə xüsusi sənəd göstərməkdənsə, onların maaşlarına nəqliyyat xərcinin əlavə edilməsi daha yaxşı olar. Belə olsa, hesabatlılıq üçün problem yaranmaz.
Əks halda isə nəqliyyat şirkətləri sui-istifadə hallarına əl ata bilərlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.