Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirildi. Səhər 9-dan artıq həyəcanlı valideyn və şagirdlər məktəblərin qapısı önündə idi. Qızım Ülkər də imtahan verənlərin arasında idi və mən müşahidələrimi Nəsimi rayonunda 111 saylı məktəbin həyətində aparırdım. İmtahanın başlanmasına xeyli vaxt qalsa da, gələn valideynlər evin ilk uşağını gətirənlər idi. Valideynlərin həyəcanı şagirdlərin həyəcanından çox idi. Böyük bacı-qardaşları əvvəllər imtahanda iştirak edənlər nisbətən sakit idilər, hətta eşitdikləri təcrübəri bölüşürdülər. Onlar imtahana demək olar ki, içəri buraxılışın son anında gəldilər. Saat 10.45-də qapılar bağlanır...
Həyəcanlı anlar gəlib keçir və imtahan saat 14.00-da bitməli olduğu halda, 13.00-dan uşaqlar qapıda görünməyə başlayır. 13.30-da deyərdim ki, siniflərdə uşaq qalmadı. Çünki səhər tezdən yaşanan sıxlıq imtahanın bitməsinə yarım saat qalmış yenə yaşanırdı. Uşaqların üzü gülürdü, deyəsən tərtib olunmuş suallardan razı qalmışdılar. Ülkər ingilis dilindən mətnə qulaq asma sualından razı qalmamışdı. Deyir səs çox guruldayırdı, sözlər aydın başa düşülmürdü. Hətta təklif verməyindən də qalmır, deyir gələn dəfə qulaqcıqlarla qulaq asdırsalar, rahat olar. Az keçmiş uşaqlar arasında vəlvələ yaşanır. Böyük bacı-qardaşları 11-də oxuyanlar əminliklə deyir ki, sadə karandaşlarla yazılan cavablar qəbul olunmur. Övladı sadə karandaşla yazmış analar və qızların kövrəlməsini, oğlanların doluxsunmasını görmək lazım, övladım da daxil...
Özümü itirmirəm, tez DİM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadəyə telefonla zəng edib məlumat öyrənməyə çalışıram. DİM sözçüsü bildirir ki, 9-cu siniflərdə sadə karandaşla yazılan cavablar qəbul olunur. Amma 11-ci sinifdə və digər imtahanlarda açıq suallar olur, bu zaman cavablar karandaşla yox, qələmlə yazılmalıdır.
Dərindən nəfəs alırıq, həvəs və həsrətlə yaxşı nəticələr ümidi ilə evə dönürük.
Qeyd edim ki, bugünkü imtahanlarda 21423 şagird iştirak edib. İmtahanlar Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında keçirilib.
1 şagird telefonla gəldiyi üçün, 4 şagirdin hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb.
Elnurə Abuşova