AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistlər üçün tikilmiş binada mənzil alan baş redaktorlar, sayt rəhbərləri, QHT təmsilçiləri... – Ehtiyacı olanlar nədən kənarda qaldı? – DETALLAR

  • + A
  • - A
  • 13-08-2021, 16:49


    Prezidentin sərəncamı ilə tikilmiş 3-cü binanın jurnalistlərə paylanmasına etiraz edənlər və etiraz edənlərə etiraz edənlər səngərləşiblər. Mənzillərin jurnalistlərə veriləcəyi günəcən bu davanın gündəm olacağını düşünürük. Jurnalistika dili ilə desək, “prioritet mövzu” ortadadır. Çünki qarşıdurma tərəfləri gündəm yaradanların özləridirlər. Durumu analiz etmək istədik.

    Ölkə cəmiyyəti haqlı sual verir: “Nə üçün jurnalistlərə ev verilməlidir? Yaxud, jurnalistlər hansı haqla dövlətdən ev almalıdırlar?

    Media hüququ üzrə mütəxəssis Ələsgər Əhmədoğlu FB səhifəsində bu suala cavab olaraq yazır:
    Jurnalistlər üçün tikilmiş binada mənzil alan baş redaktorlar, sayt rəhbərləri, QHT təmsilçiləri... – Ehtiyacı olanlar nədən kənarda qaldı? – DETALLAR


    “Jurnalistlər və jurnalistlərin yaratdığı Mətbuat Şurası 2003-cü ildə "Azərbaycan Jurnalistlərinin Peşə Davranişi Qaydalari"-nı qəbul ediblər. Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması məqsədi ilə həmin qaydalarının 5-ci prinsipində deyir:

    “5.1. Jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır".

    Yəni jurnalistin başlıca funksiyası cəmiyyətin mənafeyini qorumaq, hökumətin (məmurların) fəaliyyətini təftiş, tənqid və ya təqdir etməkdir. Yəni “faktlar və hadisələr barədə həqiqəti cəmiyyətə çatdıran, ictimai nəzarətçi kimi hakimiyyətin, digər siyasi, iqtisadi, sosial institutların fəaliyyətini izləmək, inkişafa təhlükə yarada biləcək proseslər haqqında toplumu xəbərdar etmək, problemləri açıb göstərməklə onların həllinə optimal şərait yaratmaq funksiyasını daşıyan” (Bax: Jurnalistika terminləri lüğəti) “jurnalist hökumətdən hədiyyə, imtiyaz almamalı, hətta bunun təklifini özünün müstəqilliyinə müdaxilə hesab etməlidir”.

    Doğru. Ancaq bu cavab yalnız jurnalistika ideyalarını bilən vətəndaşları və jurnalistlərə ikrah edən əhali kəsimini razı sala bilər. Əslində, vəziyyət necədir və ölkə jurnalistləri niyə və necə ev almalıdırlar?

    Funksioneri olmağa çalışdığımız azərbaycanlısayaq jurnalistikanın 30-dan bir az çox yaşı var. Görək, bu sürədə cəmiyyət üçün çox vacib olan bu fəaliyyət sahəsi hansı yoğurub-yapmalardan, zorluqlardan keçdi, nəhayətdə nə formalaşdı?..

    Jurnalistikanın Beynəlxalq Doktrinasını incələdikcə ortaya bu fəaliyyətin qızıl orta olan universal prinsipləri çıxır. Bəlli olur ki, jurnalistikanın mahiyyəti cəmiyyətin bütün layları üçün bir düsturla formalaşmalıdır. Yəni Media hər hansı partiyanın, hökumətin, idarənin, QHT-nin tribunası olmamalıdır, əslində.

    Ancaq KİV Haqqında Qanunun “KİV-in Təşkilinin Hüquqi Əsasları” adlanan III fəslinin 17-ci Maddə-sində (Təsisçinin statusu) açıqdan açıq yazılır ki, idarə, müəssisə, təşkilat, dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər təsisçi ola bilir. Təsisçi redaksiyanın nizamnaməsini təsdiq edir, onun istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, maliyyə, avadanlıq və texniki təchizat məsələlərini həll edir. Beləliklə özünün məqsəd və istəklərini təşviq etmək üçün meydan qurur – çıxış edir, bəyanat verir, rəsmi məlumatlar yaymaq hüququ qazanır. Beləliklə, jurnalistika öz funksiyalarını – beynəlxalq peşə prinsiplərini unudur, yiyəsinin tələb etdiyi siyasi mövqedə döyüş açır, məqsədli təbliğat-təsir ordusu olur.

    Əgər Azərbaycan Respublikasının KİV haqqında QANUN-unun 17-ci maddəsi varsa, dostum Ələsgər Məmmədlinin də, çox hörmətli Mehman Əliyevin də jurnalistlərə mənzillərin verilməməsi barədə təklifləri bu qanunla işləyən Azərbaycan Mediasına aid deyil. Çünki bu Qanun xəyalını qurduğumuz jurnalistikanın mahiyyətini ifadə etmir.

    Əgər bu fəaliyyət sahəsi bu cür qurulubsa; ölkə jurnalistikasının sosiologiyası optimal istəklərə cavab vermirsə; sosial institut kimi formulə olunmursa; tipologiyası sarı-boz-qara-ağ-qırmızıdırsa; insanlarda ikrah yaradırsa nə etməli? Bunun düzələn tərəfinə getmək gərəkdir, ya düzəlməyəcəyini düşünüb kirimişcə oturmalıyıq? Yaxud, “sənəyimiz qızıldan deyilsə, saxsı sənəyimizi də sındırmalıyıqmı?”

    İqtidarın indiki durumunda hökumətdən hədiyyə, imtiyaz almaq yalnız hökumətin yuxarı qatının nöqsanlarını açığa çıxartmaq istəyən araşdırmaçı publisistlərin, reportyorların müstəqilliyinə müdaxilə ola bilir. Bu amalı seçmiş jurnalist xüsusi xarakterdir, fərqli temperamentdir. Hər kəs bu yolu gedə bilmir, o cür jurnalist ola bilmir. Azərbaycanda isə o sayaq jurnalistlər göz önündədir, işləri də, taleləri də bəllidir.

    Jurnalistikanın cəmiyyətdə oynadığı rol, yerinə yetirdiyi vəzifə isə yalnız cəsur araşdırmaçı fəaliyyəti ilə bitmir. Jurnalistika həm də daha çox 1) xəbərləndirir, 2) maarifləndirir, 3) əlaqələndirir, 4) əyləndirir, 5) təşkilatlandırır, 6) cəmiyyət nəzarətini formulə edir, 7) sorğular edir, 8) olayları izah (şərh) edir, 9) reklam yayır və s. Bunları ki edir! Bu redaksiyaların böyük əksəriyyətinə “Azad iradə” media nəzəriyyəsinin tələbləri ilə cəmiyyətə xidmət etmək imkanları verilməyibsə nə etməli? Düşünürəm ki, şərhə ehtiyac yoxdur. Beləliklə, həmin təsisatlar jurnalistikanın yalnız texnologiyalarından yararlanırlar, ancaq Ələsgər bəyin istədiyi ideal jurnalistikanı yarada bilmirlər. O təsisatlarda işləyən jurnalistlər isə bir növ məmurlaşmasınlar, neyləsinlər?

    Bir gün də Prezidentlə görüşündəki çıxışında Mətbuat Şurasının sədri deyir:

    “Möhtərəm Prezident, ...2005-ci ildə bizim arzu və təkliflərimizi nəzərə alaraq “Əməkdar Jurnalist” adını bərpa etdiniz. Milli mətbuatımızın 130 illiyi münasibətilə 37 həmkarımız bu ada layiq görüldü. Həmin gün daha 96 jurnalistimiz orden, medal, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı və prezident təqaüdü ilə təltif olundu. Bu təltiflər milli mətbuatımızın cəmiyyətdəki yerinə, jurnalist peşəsinə verilən son dərəcə böyük dəyər idi.” (!!!)

    İndi isə 146-cı ildönümdür. Keçən 16 ildə nə qədər jurnalist məmurlaşıb, yaxasına medal, prezident təqaüdünü, prezidentin fəxri diplomunu alıb? Göz önündədir. Əgər bu hal kütləviləşibsə, medianın rəiyyətini qılınclamaq problemi həll edirmi?

    Bu qalmaqal nədən başladı

    Gəlin, görək maaşla ev almaq imkanı olmayanlar Media təsərrüfatının hansı qatıdır və neçə faizdir?

    Onu deyək ki, ölkə universitetlərinin jurnalistika fakültələri hər il onlarla jurnalistə diplom verir. Jurnalistikanın beynəlxalq prinsipləri də, jurnalist əxlaqı da orada öyrədilir. Ancaq, məzunların böyük əksəriyyəti öyrənib-bildiyi normativləri ölkə mediasının bugünkü durumunda tapmır və bu sahədən uzaqlaşırlar. Başqa ixtisası almış ayaqdan yüyürək, dildən zirək gənclər jurnalistikaya gəlirlər. Cəmiyyətin operativ xəbər təminatını da hər hansı peşəkarlıq səviyyəsində olursa olsun, məhz bu gənclər yetirirlər... Elə bu məqamda mütləq deməliyəm ki, jurnalistika fədakar peşədir. Bu sahədə yalnız peşəsini sevənlər uzun müddət qala bilirlər. Neyləməli ki, bizim media arenasında bu fədakarlığı hamının boyuna biçmək mümkün deyil.

    Gəlirlər, görürlər ki, baş redaktorların (təsisçilərin) tam təminatlı yaşamı var. Hamısının altında maşını, hətta sürücüləri də var. İşəgötürən olaraq müxbirlərə 300 manatdan 700 manata qədər maaş verirlər. Beləliklə rəiyyət statusuna düşmüş müxbir (reportyor) gələcək həyatını qurmaq üçün dürlü-dürlü çabalarda bulunur. Ev istəyir, ailə qurmaq istəyir, cəmiyyətə layiq oğul-uşaq böyütmək istəyir.

    Hamı da bilir ki, bu ölkədə aylıq gəliri 1000 manat olan vətəndaş heç bir halda ev ala bilməz? Bu qazancla onlara sosial evlərdə də mənzil vermirlər! Bu problemi araşdıran “Yeni Sabah” redaksiyasından Sayad Həsənli: “Aylıq əməkhaqqı ilə yaşayan, normal biznesi olmayan şəxslərin bu şərtlərlə mənzil almaq imkanı heç üfüqdə də görünmür.” deyə yazır. “Ən ucuzunun 1 kv.m-i 1250 manat olan mənzili hansı jurnalist ala bilər?” Doğru sualdır. “Bizim kimi gözünü aylıq maaşa dikənlər isə mənzilə sahib olmaq üçün ömrünü bax belə araşdırma aparmaqla uyğun variant tapmağa xərcləyir. Ümidsiz və çarəsizcə...”

    Bu səbəblə hər şey ondan başladı ki, 2000-ci ilin ortalarında həmin o – “Azad iradə” mətbuat nəzəriyyəsinin tələblərinə etina etmək istəyən bir qrup jurnalist mənzil-kooperativ təşkilatı yaratdılar, öz hesablarına ev tikilməsi üçün torpaq sahəsinin ayrılması xahişi ilə Bakı şəhəri İcra hakimiyyətinə üz tutdular. Bu ən doğru seçim idi. Ancaq və lakin. Bakı şəhər meri qarışı qızıl olan Abşeron torpağında o jurnalistlərə yer vermədi.

    Fəndgir, fürsətçil yazar-pozarlara bəlli səbəblərlə, bəlli üsul və şərtlərlə mənzillər də verildi, torpaq sahəsi də. Fəndi-fürsəti qəbul etməyən, yaxud bacarmayan – jurnalistikanın rəiyyəti isə Mətbuat Şurasına üz tutub “gözlərindən yaş tökdülər”. Demək istədilər ki, “biz də bu millətin balalarıyıq!” MŞ sədri Əflatun Amaşov yazır: “Onların içərisində elələri var idi ki, illərdir ömrünü kirayədə keçirmişdi, illərdir sığındığı darısqal mənzildə ümidsizliyə qapılmışdı. Mənzil şəraitindən dolayı övladını evləndirə bilməyənlər yetərincə idi.” (“Araz” beynəlxalq qəzet. 19.07.2021 )

    Beləcə Azərbaycan Mətbuat Şurasının binasının açılışı zamanı cənab Prezidentlə müraciət olundu. Və 22 iyul 2010-cu ildə Prezident "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncam imzaladı. Bu dövlət adından konkret təyinatla verilmiş qərar idi. Əli Həsənovun, ya Ramiz Mehdiyevin təmənnası olsa da, “bu, dövlətimizin mediaya yönəlmiş sosial tədbiridir”.

    Zaman gəldi, “qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış birgə komissiya” bir barmağın göstərişi ilə mənzilləri pay-pülüş etdi, rəiyyətə də rəhm elədi.

    Binanın açılışında cənab Prezident mediada çarpışan vətəndaşlarının məişət durumunu dəqiq ifadə etdi: “...bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi”.


    Prezident o toplantıda dedi: “Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir...”

    Ancaq və lakin.

    Durum heç də tam belə deyildi. Cəmi 411 mənzil necə bölündü? Elə o vaxt – 02.07.2017-ci ildə “Azərbaycan” qəzeti yazırdı: “...şəxsi göstəriciləri komissiya tərəfindən elan olunmuş kriteriya və şərtlərə cavab verən KİV əməkdaşlarının müvafiq seçimlərdən sonra hazırlanmış yekun siyahısı müzakirə olunub. Komissiya üzvləri namizədlərin jurnalistika sahəsindəki xidmətlərini, ailə tərkibini, mənzilə olan ehtiyaclarını və haqqının çatmasını nəzərə alaraq mənzillərin bölgüsünü həyata keçirib.” Araşdırmamız isə başqa faktlardan danışır.

    Cəmi: 10 Tv-yə – 90 mənzil,

    50 qəzetə– 155 mənzil,

    10 jurnala – 13 mənzil,

    10 informasiya agentliyinə – 50 mənzil,

    20 sayta – 29 mənzil,

    Müstəqil jurnalistlərə – 26 mənzil,

    (Bunların neçəsinin jurnalist, texniki işçi, sürücü, katibə olduğunu araşdıra bilmədik).

    Rusiya Tv-lərin yerli bürosuna – 2 mənzil (Onların mənzil alması bizim dövlətin məsuliyyəti deyil).

    Azərbaycan nəşriyyatına – 5 mənzil (jurnalist deyillər)

    Jurnalistika üzrə QHT-lərə – 8 mənzil (!!!)

    Veteran jurnalistlərə – 7 mənzil (hamısının evi var)

    Həyatdan getmiş jurnalistlərə – 8 mənzil (!!!)

    Milli Teleradio Şurasına – 3 mənzil (rəiyyətin əlindən alınıb verilib)

    Jurnalistikaya aid olmayan 13 təşkilata – 15 mənzil (rəiyyətin əlindən alınıb verilib).

    Cəmi: 411 mənzil.

    Bir sözlə, qəzet, jurnal, İnformasiya agentliyi və sayt kimi müraciət edən redaksiyalara 411 evdən cəmi 248 ev verilib – 60 %. Mənzil üçün müraciət etmiş 92 redaksiyanın (Tv-lərdən başqa) baş redaktorunun, yaxud təsisçisinin 56 nəfəri evi özünə alıb. Baxmayaraq ki, onlardan 90 %-nin mənzili və digər şəraitləri var. Tv yiyələrindən yalnız Regional Tv-nin rəhbəri özünə ev alıb. Qalanlarının belə xırda-para paylara ehtiyacı duyulmayıb.

    Bundan sonra cəsur araşdırmaçılar mediada yaydılar ki: “Jurnalistlər üçün nəzərdə tutulan binada ev alanların 80-85 faizi evi olan baş redaktor və jurnalistlərdir. Hətta bəziləri bu mənzilləri jurnalist olmayan övladları üçün aldıqlarını belə gizlətmirlər. Digər tərəfdən, siyahıda hətta bir deputatın və onun qardaşının da evlə təmin olunması diqqətimizdən yayınmadı".

    “Evlərin verilməsinin əsas prioriteti jurnalistika sahəsində ən azı 10 il təcrübəsi olan və şəxsi mülkü, evi olmayan jurnalistlər olmalı idi. Amma yayımlanan məlumatlarda bir qrup şəxsin ümumiyyətlə jurnalist olmadığı, katibə, sürücü, texniki işçi olduğu, böyük bir qrupun ikinci, üçüncü, yaxud dördüncü evini əldə etdiyi, hətta bir nəfərin 24 yaşı olduğu iddia edilir.

    Ev verilənlərin bir hissəsinin isə Prezident Administrasiyasında, nazirliklərdə, Milli Məclisdə çalışdıqları, yəni məmur olduqları, jurnalistika fəaliyyəti ilə məşğul olmadıqları məlumdur.”

    Deyilənlərin doğruluğuna şübhə etmirəm. Bu da bugünkü Azərbaycan Media rəhbərlərinin, yaxud funksionerlərinin əksəriyyətinin simasıdırsa, hökumət əlindən ev, orden, medal... alan redaksiya rəhbəri tabeliyində olan hansı məğrur, intellektual, savadlı, cəsur, araşdırmaçı müxbirə/reportyora sizin təsəvvür etdiyiniz mövzuda danışmağa, yazmağa, göstərməyə imkan verər?

    O ki qaldı... “Turan” İnformasiya Agentliyi fəaliyyəti üzrə qibtə ediləcək səviyyədə simasını qorumuş kollektivdir. Uca ehtiramımızı çatdırırıq. Ancaq. Bu gün “Turan” İA ayaqdadırsa, Tanrının bir qisməti ilə maddi təminatını yetirə bilməsinə şükür etməlidir. Əks halda çox hörmətli Mehman müəllim indi memuar yazmaqdan başqa heç nəyə imkan edə bilməzdi.

    Bir sözlə Azərbaycan kütləvi informasiya yayımı meydanında reallıq budur – bir qrup ehtiyaca çarpılan jurnalist mənzil-tikinti kooperativi ideyası ilə çıxış edir, güzəştli şərtlərlə mənzil sahibi olmaq istəyir, dövlətimizin iqtisadi potensialının yüksək olduğu zəmində Prezident öz istəyi ilə dövlət adından sərəncam verir, binalar tikilir, əvəzində mənzillərin təxminən 65 %-ni – cəmiyyətin haqq sözünü deməli olanlar, yaxud jurnalistikaya aid olmayanlar qamarlayırlar, 35%-i ehtiyacı olanlara verilir.

    Bir gün də... Bir deputat Etibar Əliyev öz FB səhifəsində ölkənin media səhnəsini təsvir edir: “Azərbaycanda jurnalistlərə iki böyük bina inşa edilərək verilib. Amma bu jurnalistika öz keyfiyyətini əsla dəyişməyib. (!?) ...İndi də deyirlər ki, jurnalistlər üçün 3-cü bina tikilir. Ay məmləkət, ölkədə demək olar ki, qəzet yoxdur, cəmi üzdə olan 5-6 sayt var. Həmin saytlar da reklam və xəbərlər dərc etməklə məşğuldurlar. Başqa adamlar üçün o saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. (!?) Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti də sonradan axtarırsan ki, niyə fikrimi təhrif etmisən? (Öz başına gələni deyir!) Əvvəlki binalarda ev alanların çoxu jurnalistikadan uzaqlaşıb. (!!!) Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib.(Bəlkə səhv deyir?) Bu sənət belə ucuzlaşdırılıb. (Öz düşüncəsini deyir.) Tanıdıqlarımın bir neçəsi oradakı evləri satıblar və bu hallar davam edir”. (Bəlkə düz demir?) Bu deyilənləri bütün həmkarlarımın ünvanına qəbul etmirəm.

    Deputat rəyinin sonunda: “Belə təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir” deməsi qərar deyil, rəydir. Bu təklif MM tribunasından deyilməyib. Vətəndaş öz FB səhifəsində jurnalistikamızın bu günkü durumuna münasibətini bildirib. O, yaxşı bilir ki, onun bu FB statusu ilə Prezidentin sərəncamı dəyişilən deyil.

    Mətbuat Şurasının sədri araz.az xəbər portalının 19.07.2021-ci il yayımında deputat Etibar Əliyevin dediklərinə münasibət bildirir: “...Hörmətli deputatımız isə elə fon yaradır ki, sanki o binalardan mənzil sahibi olanların, orada yaşayanların heç biri layiqli deyil və buna görə də üçüncü bina jurnalistlərə verilməməlidir. Bu yanaşma yumşaq desəm, düzgün deyil.” Bax, Etibarın dediyi də məhz layiqlik məsələsidir.

    Jurnalistlərimiz isə, ümumiyyətlə verilən bu rəydə mediaya, medianın durumuna, Etibar Əliyevin iradlarına münasibət bildirmirlər. Nəyin üstündən bu cür düşündüyünü araşdırmırlar, susub keçirlər. Bir çoxları isə Etibar Əliyevi təhqir edir. Jurnalistika professoru Qulu Məhərrəmli də onlara cavab olaraq: “Bu, jurnalist həmrəyliyi deyil, korporativ maraq savaşıdır. Media və jurnalistika bunun üçün deyil…” yazır. Doğru. Ancaq və lakin.

    Sonra bəlli etmək istəyirlər ki, Etibar Əliyevin belə deməsi bəlli yerlərdən gələn sifarişdir. Bundan sonra həmin yerlərdən daha ciddi sifariş verilib, guya Mirşahinin yazdığı mətnlə, Etibar Əliyev demiş, “Jurnalistlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsi ilə bağlı bir qrup media və QHT nümayəndəsi Prezidentə müraciət edib”. Əsl qalmaqal da burdan başlayıb.

    Müraciətdə yazırlar: “Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun”.


    Və Prezidentə:“Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik.” deyirlər.

    Gəl indi dəqiqləşdir ki, bu müraciəti qəbul edən 38 nəfəri bu oyuna kimlər salıb! Müraciəti bir nəfər utanmadan yazır (Bu ifadəyə görə öncədən üzr istəyirəm), qalanları az qala çarmıxa çəkilirmiş kimi “Ləbbeyk” deməyə bilmir. Onların arasında şəxsiyyətinə böyük ehtiram duyduğum şəxsiyyətlər var, əqidələrinə bələdəm. Bu siyahıya adlarının düşməsinə könülsüz olduqlarına əminəm. Onlar duymamış deyillər ki, bu müraciətə qoşulmaqla cəmiyyət içində jurnalistikanın olan-qalan nüfuzuna da xələl gətirəcəklər. Oxuyanlar deyəcəklər: “Kimdir eee, bu jurnalistlər, havayı ev alırlar!” Onlar QAZİLƏRİMİZLƏ jurnalistləri üz-göz edirlər. Axı o mənzillərə sonsuz ümid kimi baxan, baş redaktorların rəiyyətinə çevrilmiş, evsiz-eşiksiz jurnalistlər var! Bu müraciətə imza atmış:

    “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov,
    “Respublika” qəzetinin baş redaktoru Hümmət Musayev,
    “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu,
    “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
    “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,
    “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli,
    “Milli.az” saytının baş redaktoru Elçin Alıoğlu,
    “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli,
    Azvision.az saytının rəhbəri Vüsal Məmmədov,
    “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev təminatlı mənzilləri ola-ola I və II binada o jurnalistlərin paylarını mənimsəyiblər. Hələ üstəlik başqalarının haqqı olan mənzilləri öz adlarından töhfə verirlər: “...Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar” – deyə yazırlar!. O bəylər kimin ümidini, ehtiyacını, haqqını töhfə edirlər? Haqları olmadan aldıqları mənzilləri niyə təklif etmirlər? Rəiyyətlərinə qarşı bu qədərmi qəddardırlar? Görsəniz deyin, deyin ki, tövbə edin, bəylər, tövbə edin!!
    2-ci binanın açılışında: “Möhtərəm cənab Prezident, ...Bu gün biz heç bir ölkənin nəinki Mətbuat Şurasının, hətta hansısa media qurumunun belə sahib olmadığı şəraitə malikik. Həmin gün, eyni zamanda, jurnalistlərimizin böyük qrupu da tərəfinizdən mükafatlandırıldı. İdarə heyəti üzvləri ilə görüşdə mediamızın mövcud durumunun konseptual təhlilini verdiniz. Jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərə həssas yanaşaraq onlara mənzil tikintisini nəzərdə tutan Sərəncam imzaladınız. Bu gün biz həmin Sərəncamın bəxş etdiyi sevincə şahidlik edirik.” – deyən Mətbuat Şurasının sədri də Prezidentin iradəsi əleyhinə yazılmış bu müraciətə qoşulub.

    Bu təşəbbüsdə adı keçən müharibə veteranları QHT-lərinin sədrlərini də dağdan-dərədən, arandan-yaylaqdan axtarıb tapıblar, onları bu nəticəsiz PiaR-ın “müqəddəsliyinə” telefonla inandırıblar! Hətta 98 yaşlı Fatma xanım Səttarovanı da narahat ediblər, “türemşik” M. Vəliyevi də, idarəsinin qapısı paslanmış general M. Sarıyevi də.

    Amma və lakin. İmza edənlərin bir mümkün düşüncəsini də görkə gətirməyə bilmirəm. Yəqin onlar əmin deyillər ki, bu mənzillər yenə də möhtəkirlərin əlinə keçməyəcək; ədalətli komissiya yaradılacaq; xəbər dalıyca çovuyub yüz sifətlə qarşılaşanlar, gözünün işığını monitorda əridənlər, darısqal mənzildə ailəsindən utananlar, ayın başında kirayəçi tələbindən tıncıxanlar, ... “başından var-dövlət yağan ölkənin bəxtəvər” vətəndaşı olduqlarına sevinəcəklər! Yəni layiqlik başa keçəcəkmi?

    Bütün hallarda, bu müraciəti yazmağı, bəlli heyəti yığmağı sifariş verən şəxs ölkə jurnalizmini heçə sayıb, ölkə jurnalistikasına istehza edib, ölkə jurnalistlərinə növbəti badalağını vurub.

    Görəsən, niyə “Əkinçi”mizdən bu günəcən Azərbaycan jurnalistikası cəmiyyət haqqını car eləmək qədər də öz haqqının davasın edir? Adam istəyir ki, 3-cü binanın divarına Həsən bəy Zərdabinin zikr etdiyi daşı yapışdırsın və üstünə bəzi-para sözlər yazsın.

    Görəsən, bu geniş dünyanın dürlü-dürlü ölkələrində jurnalistikanın bu sayaq düyünü necə çözülür? Çox asançılıqla. İndi dünya informasiya bazası hamımızın iş yerində, evində, hətta cibindəki telefondadır.

    Nə etməli sualını araşdıraq.

    1-ci bu ki, "525-ci Qəzet"in baş redaktoru Rəşad Məcid Trend-ə açıqlamasında deyib: “Bizim əsas problemlərimizdən biri məhz reklam bazarının məhdudluğundan irəli gəlir. Reklam bazarı inkişaf etdikcə, mətbuat orqanları arasında normal rəqabət də, iqtisadi inkişaf da hiss olunacaq". (23 İyul 2021)

    Media mütəxəssislərinin hesablamalarına görə Azərbaycanın mövcud iqtisadi inkişafı reklam bazarını yetərincə təmin edə bilər. Reklam bazarı dövlətin ÜDM-nin 1 faizi həcmində müəyyən edilərsə ölkə mediasına ildə 450 milyon manata qədər gəlir gələ bilər. Bu da peşəkarlığın yüksəlməsinə, rəqabətin müsbət tendensiyalarının yaranmasına, medianın cəmiyyətdə öz layiq yerini tapmasına təminat verər. Yəni azad reklam bazarının formalaşmasından alınan fürsət özünütənzimləməni və beynəlxalq jurnalistika prinsiplərini Azərbaycan jurnalizminə gətirə bilər.

    Bu qədər qazancla hər bir redaksiya maddi-mənzil-ezamiyyə-sağlamlıq... təminatını qazana bilər. Jurnalistikamızın dünya miqyaslı söz adamları ortaya çıxa bilər. Beynəlxalq Media miqyasında Azərbaycan mövzusunu layiqincə qoya bilər. Dövlətin İnformasiya təhlükəsizliyini qoruya bilər. Ta pencəyi-paltosu süzülmüş media mənsubları işə yemək gətirib, axşam boş banka ilə evə dönməzlər.

    MŞ-nin sədri görüşlərin birində dedi: “2008-ci ildə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi və Fond yaradıldı. Bununla da mediaya yardım ardıcıl, şəffaf bir sistemə çevrilib.” Şərhə ehtiyac yoxdur. Yeni yaradılan Media İnkişafı Agentliyi də reklam təminatı olmayan; yaxud güdülməyən, göz ağardılmayan, hədələnməyən sərbəst sponsoru olmayan və yaxud Beynəlxalq Humanitar jurnalistika Təşkilatları ilə əlaqələrə şərait yaradılmayan ölkə jurnalistikasını ələbaxım, təvəqqeli, minnətli durumda saxlamaqla jurnalistikamızın inkişafını ləngidəcək, “azad iradə” mətbuat prinsiplərini buxovda saxlayacaq.

    2-ci. Şəhərlərdə tikilən binalardakı mənzillərin 10 %-i şəhər icra hakimiyyətlərinin balansına verilir (yaxud verilməlidir). Hasablamalara görə bu sürəkliklə tikilən binalardan Bakı şəhər İcra hakimiyyətinin balansına 200 000-dən çox mənzil düşüb. Bununla da, ölkə cəmiyyətinin irad bildirdikləri kimi – bütün müəllimlərin, həkimlərin, sair işçilərin mənzil təminatını ödəmək mümkün olmazdımı? Elə jurnalistlərin də. Bu 38 təşəbbüsçü cənab prezidentə bununla bağlı müraciət edə bilməzmi? İllərdir MTK-lardan alınıb baha qiymətə satılan mənzillərin taleyi niyə baş redaktorların prioritet mövzusu olmasın? 38 nəfəri qara PiaR “təşəbbüsünə” təhrik etmək əvəzinə...

    3-cü. Yasamalın ən görkəmli yerində Prezident Aparatının, Nazirlər Kabinetinin, sair ötkəm qurumların məmurları üçün “şokolad” binalar tikib hədiyyə ediblər. Yerdə qalan vətəndaşlar haqq etmirmi? Əgər haqq etmirsə, haqlı yol var. Jurnalistlər üçün tikilmiş binaların hər kvadrat metrinin maya dəyəri 284 manatdır. Mümkündür ki, Prezidentdən hədiyyə, cəmiyyətdən minnət götürməkdənsə Yasamaldakı sosial evlər kimi jurnalistlər üçün də binalar tikilsin, uzun illərə ödəniş haqqı tanınsın. Kirayə verdiyini öz evinə versin.

    Jurnalistlər üçün tikilmiş 3-ü bina isə Dövlət adından verilmiş sərəncama uyğun olaraq jurnalistlərə paylanmalıdır. Buyurun, cənab media kapitanları – cəmiyyətin sözçüləri! Komissiya yaradın! Haqqın yanında olun!

    Sonda. Bu dediklərimə irad bildirmək istəyənlərə Azərbaycan respublikasının Konstitusiyasını xatırladıram:

    “Hər kəsin öz fikir və söz azadlığı vardır. (47-ci Maddə)

    Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. (50-ci Maddə)”

    Əlisafa Mehdi,
    Konflikt Jurnalistikası Məktəbinin rəhbəri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR