Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər.
AzadMedia.az xəbər verir ki, bunu "ARB24"ün “Gündəm” verilişinə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarını pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir:
“Cərimə ödənilməsə, müvafiq qaydada ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir. Vətəndaş bilməlidir ki, barəsində tətbiq olunan pul cəriməsi onun üzərində borc yükü kimi qalır. Məhkəmə tərəfindən inzibati icraata uyğun olaraq onun ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.
Hacıyev bildirib ki, 30 gün ərzində cərimə ödənilməsə, probasiya və məhkəmə xətti ilə onun ödənilməsi təmin ediləcək:
“Əgər şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir və həmin axtarışla bağlı müvafiq dövlət qurumundan polisə məlumat daxil olur. Axtarış üzrə isə vətəndaş tapılaraq, cərimənin ödənilməsi təmin edilir”.