“Bu il “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanında tətbiq olunan yenilik ondan ibarətdir ki, namizədlər imtahan başa çatdıqdan dərhal sonra qəbul olunub-olunmadıqlarını, düz və səhv cavablandırılmış sualların sayını öyrənirlər”.
Bu barədə AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarının gedişi ilə tanış olarkən açıqlama verib.
Ə.Məlikov imtahan nəticələrinin komissiyanın rəyi ilə təqdim olunduğunu vurğulayıb. Bildirib ki, nəticələrlə razılaşmayan namizədlərin müraciətlərinə həmin anda baxılır və yenidən yoxlanılır.
İmtahanların uğurla keçirilməsi üçün Təhsil şöbəsi tərəfindən hazırlıqların görüldüyünü deyən Ə.Məlikov imtahanda təqdim olunan testlərin hazırlanması, toplanması, mərkəzləşdirilməsi və xüsusi proqram vasitəsilə həyata keçirilməsi üçün bütün zəruri tədbirlərin icra olunduğunu diqqətə çatdırıb: “Sevindirici haldır ki, görülən bütün tədbirlər bu gün öz müsbət nəticəsini verdi. Bu prosesin həyata keçirilməsində AMEA prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov və AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov böyük dəstək göstəriblər”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.