AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan hakimiyyəti pafosdan uzaq olan praqmatik siyasətlə məşğuldur

  • + A
  • - A
  • 15-01-2022, 18:00

    Azərbaycan hakimiyyəti pafosdan uzaq olan praqmatik siyasətlə məşğuldur

    Dünyada gərginlik səngimir. Böyük və ya kiçikliyindən asılı olmayaraq, qlobal qarşıdurma aşağı-yuxarı bütün xalqların, bütün ölkələrin maraqlarına toxunur. Fundamental beynəlxalq prinsiplər, bəşəri dəyərlər və oturuşmuş dünya nizamı təhlükələrlə üz-üzədir. Özünə hörmət edən, sözünü deməkdən və mövqe bildirməkdən çəkinməyən Azərbaycan kimi ölkələr müstəqillik, suverenlik və ərazi bütövlüyünün toxunulmazlığı məsələlərində güzəştin qəbuledilməz olduğunu açıq şəkildə nümayiş etdirirlər. Məhz savaş meydanında öz haqqını, beynəlxalq-hüquq normalarının aliliyini və tarixi ədaləti bərpa edən, bununla da milli ləyaqətini qorumağa qadir olduğunu bütün dünyaya göstərən Azərbaycan xalqı torpaq nisgilinin, el-oba həsrətinin nə qədər ağrılı və iztirablı olduğunu yaxşı bilir. Ötən illər ərzində hüququn siyasi maraqlara və ikili standartlara necə qurban verildiyini, ədalətin təmin olunmasında bəzən beynəlxalq səylərin də yetərli və birmənalı olmadığını gördüyümüzə görə bu ağrı-acını hələ də yaşayan Ukrayna xalqının duyğularını anlamamaq və biganə qalmaq mümkün deyil. Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri həm də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

    Bu fikirləri AzadMedia.az-a açıqamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

    Deputat qeyd edib ki, dövlətimizin başçısı yanvarın 12-də, səfər ərəfəsində yerli televiziya kanallarına verdiyi müsahibədə iki məqama xüsusi diqqət çəkdi. Bunlardan biri qeyri-neft sektorunun inkişafına xidmət edən iqtisadi layihələrə daha çox üstünlük verilməsi, o cümlədən alternativ mənbələr hesabına ölkəmizin enerji ixracatçısı kimi potensialının artırılması ilə bağlıdır. Prezident müsahibədə bildirdi ki, xarici investorların maliyyə vəsaiti hesabına ölkəmizdə 240 meqavatlıq külək elektrik stansiyası tikiləcək və xüsusi olaraq bunu vurğuladı: “Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Yəni, bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür”. Müsahibədən bir gün sonra, yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa olunacaq 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyev tədbirdəki çıxışında qeyd etdi ki, təməli qoyulan bu layihə ölkəmizin enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, çoxsaylı iş yerlərinin açılmasına da imkan yaradacaq. Prezident çıxışında bəzi müsəlman ölkələri üçün örnək ola biləcək bir məqamı xüsusi vurğuladı: “Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir”. Prezident İlham Əliyevin qabartdığı bu məqam həm də ona işarədir ki, iqtisadi və siyasi maraqlar, onların təməlində dayanan iqtisadi rifah və dövlətin təhlükəsizliyi bir-biri ilə üzvü şəkildə bağlı olan məsələlərdir. Prezident müsahibəsində də bu məqama xüsusi diqqət yetirmişdi: “Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”. Prezidentin müsahibədə xüsusi toxunduğu ikinci məsələ isə, pandemiya ilə əlaqədar dünyada müşahidə olunan ərzaq qıtlığı fonunda ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönələn əlavə addımların planlaşdırılması ilə bağlı oldu. Buğdaya daxili tələbat 3,3-3,4 milyon ton olduğu halda, yerli istehsal onun yalnız iki milyonunu tədarük etməyə imkan verir, qalanı isə idxal hesabına təmin olunur. Dünya bazarında taxılın qiymətinin və ona olan tələbatın artdığını görən bəzi ölkələr ixrac rüsumlarını qaldırdıqlarına görə, yerli istehsalın genişləndirilməsi daha da aktuallaşır. Bunu etmək mümkün olmadıqda, təbii ki, alternativ addımlara zərurət yaranır. Elə bu səbəbdən, Prezident İlham Əliyev müsahibədə bunları da dedi: “İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq-başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür”.
    Prezidentin Ukraynaya işgüzar səfəri çərçivəsində “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin , aqrar və energetika sahələri, ikitərəfli ticarətlə bağlı Anlaşma Memorandumlarının, eləcə də “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin olunmasına, Prezidentimizin müəyyən etdiyi strateji xəttin reallaşmasına xidmət edir. Dövlət başçılarının Kiyevdə imzaladıqları Birgə Bəyannamə də ona dəlalət edir ki, bağlanmış iqtisadi və ticari sazişlər, dövlətlərarası sənədlər həm də siyasi müstəqilliyimiz və onun dayanıqlığının təmin olunması ilə bağlı ortaq maraqlarımıza xidmət edir. Prezident İlham Əliyevin sənədlərin imzalanma mərasimindən sonra mətbuata verdiyi bəyanatda vurğuladığı növbəti açıqlama məhz bu anlamda xüsusilə əhəmiyyətlidir: “Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”.
    2022-ci ilin elə ilk günlərindən etibarən Prezident İlham Əliyevin verdiyi bəyanat və açıqlamalar, onların məzmununa uyğun şəkildə davam etdirdiyi əməli addımlar bir daha təsdiq edir ki, Azərbaycan hakimiyyəti pafosdan uzaq olan praqmatik siyasətlə məşğuldur və bu siyasətin təməlində xalqımızın, müstəqil Azərbaycanın ali maraqları, eləcə də dost və qardaş ölkələrlə münasibətlərdə müttəfiqliyin, etibarlı tərəfdaşlığın dönmədən qorunması dayanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR