"44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən Müharibəsindən sonra ölkəmiz nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, müharibənin əsas nəticələrindən biri Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaradılmasından ibarət oldu. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur.”
Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, Azərbaycan ötən müddətdə bütün beynəlxalq platformalarda torpaqlarının işğal olunması, Ermənistanın Azərbaycana qarşı təcavüzü, azərbaycanlıların etnik təmizləmə və soyqırıma məruz qalması həqiqətini qəbul etdirə bilmişdi: “Bəzi ölkələr bu faktları öz siyasi maraqları kontekstində rəsmi şəkildə etiraf etməkdən çəkinsə də, ümumilikdə dünya ictimaiyyətində münaqişənin meydana çıxma səbəbləri barədə aydın təsəvvür formalaşdırılmışdı. İndi artıq müstəqilliyinin 30-cu ilinə yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olan Azərbaycanın dünyada çəkisi və rolu ciddi şəkildə artmaqdadır. Bu dəyişiklik xüsusən, dünyanın super dövlətləri ilə olan münasibətlərdə özünü daha çox biruzə verir. Bu günlərdə ABŞ Prezidenti Cozef Baydenin 28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub da iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi hesab olunur. Ötən 29 ildə də Azərbaycanla ABŞ arasında diplomatik münasibətlər davamlı şəkildə inkişaf edib.”
Deputat bildirib ki, ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması işində, əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb: “İki ölkə arasında əlaqələr beynəlxalq təhlükəsizliyin təmin edilməsində ortaq fəaliyyət və enerji layihələri ilə sıx bağlıdır. Buraya təbii ki, nəqliyyat dəhlizləri də daxildir. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğundan Azərbaycanın başlatdığı qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur. Bu baxımdan ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib.”
A.Məmmədov vurğulayıb ki, beynəlxalq təhlükəsizliyin təmini sahəsində də Azərbaycanın dünyanın müxtəlif bölgələrində sülhyaratma əməliyyatlarında aktiv iştirakı xüsusi qeyd edilməlidir: “Təcrübə göstərir ki, rəsmi Bakı məsələnin bu tərəfinə böyük diqqət yetirir. ABŞ rəhbəri Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi dəstəyi qabartmaqla hazırkı həssas dönəmdə rəsmi Vaşinqtonun Azərbaycanın terrorun qarşısında dayanan güc olduğunu qəbul etdiyini göstərmiş oldu. Bununla da qarı tərəf rəhbərliyi sözün həqiqi mənasında sülh və barış tərəfdarı olduğunu, beynəlxalq hüquq normalarına böyük önəm verdiyini, demokratik birgəyaşayışın bütün dünyada bərqərar olmasına çalışdığını və cinayətlərə qarşı güzəştsiz mövqedə dayandığını nümayiş etdirmiş olur. Bu sıraya, əlbəttə ki, Azərbaycanın terrorla mübarizəyə ciddi diqqət yetirdiyi də daxildir. Dünyanın istənilən regionunda terrora Azərbaycan “yox” deyir. Terrorla mübarizədə irəli sürülən təşəbbüsləri birmənalı dəstəkləyir və bu zaman tamamilə beynəlxalq hüquq normaları çərçivəsində problemlərin həll edilməsinə üstünlük verir. Bütün bunlar bir daha Azərbaycanın antiterror fəaliyyətinin nə dərəcədə genişmiqyaslı əhəmiyyətə malik olduğunu aydın surətdə meydana çıxarır. Bu mənada tamamilə təbiidir ki, terrorizmlə mübarizə istiqamətində Azərbaycanın fəaliyyəti dünya dövlətləri tərəfindən də yüksək qiymətləndirilir. Beləliklə, Azərbaycan Prezidentinin dünyada nüfuzu, onun fəaliyyətinə verilən yüksək qiymət, habelə Azərbaycanın dünyada nüfuzu, beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı artıq regionda kimin söz sahibi olması faktını bir daha təsdiqləyir.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.