Arzu xanım Nəsirli mənim ailəvi dostlarımın övladının müəllimidir. Hər dəfə ondan o qədər razılıqla danışırlar ki, balaca Zakirə söz verdim ki, müəlliminin ad gününü məqalə yazmaqla təbrik edərik. Bu gün o gündür. Zakirin sevimli Arzu müəlliminin ad günü. Arzu müəllim Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə ilk təhsilini alıb, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2015-ci ildə bakalavr təhsil səviyyəsini bitirərək, magistratura təhsil səviyyəsinə daxil olub. 2017-ci ildə Bakı Slavyan Universitetini Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə fərqlənmə diploma ilə bitirib. Çoxsaylı respublika, beynəlxalq konfransların iştirakçısı və məruzəçisidir. Tədqiqat işləri ilə bağlı tezis, məqalələrnin müəllifidir. 2018-ci ildən Bakı Slavyan Universitetinin doktorantıdır. “Sinifdənxaric və məktəbdənkənar iş yuxarı sinif şagirdlərinin sosiallaşması vasitəsi kimi” adlı dissertasiya işi üzrə tədqiqatı davam etdirir.
Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında saat hesabı əsaslarla müəllim kimi fəaliyyət göstərib. 2018-ci ildə MİQ müsabiqəsində iştirak etmiş, uğur qazanaraq 52 bal ilə Abşeron rayon Saray qəsəbə M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.
Tədris boyunca şagirdlərinin şəxsiyyət kimi formalaşmasında, inkişafında daim faydalı olmağa çalışır. Şagirdlərin dünyagörüşlərini artırmaq məqsədi ilə müxtəlif tarixi yerlərə, muzeylərə ekskursiyalar təşkil edir. Fəal təlim metodlarına əsaslanan dərsləri, şagirdlərinin iştirak etdiyi konfrans, müsabiqələr diqqət mərkəzindədir. Onlayn dərs zamanı interaktiv üsullar ilə şagirdləri dərs prosesinə maraqla yanaşmağa sövq edir. Şagirdi Osmanlı Rəhman 19-20 aprel 2019 tarixlərində Azərbaycan Dillər Universitetində təşkil edilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan təhsili" adlı Respublika tələbə - şagird elmi konfransında "Ana dilimiz milli sərvətimizdir" adlı tezislə çıxış etmişdir. Müxtəlif rəsm müsabiqələrində şagirdlər iştirak etmiş, qalib gəlmişlər. "Nərdivançı" layihəsinin təşkil etdiyi "Qarabağ dərsi" müsabiqəsinə 1-ci sinif şagirdləri ilə qatılaraq 2-ci yerə, "Şagird və müəllim üz-üzə" müsabiqəsinə qatılaraq 3-cü yerə layiq görülmüşlər.
İşlədiyi məktəbin rəhbərliyi tərəfindən səmərəli pedoqoji fəaliyyətinə görə təltiflərə layiq görülüb.
Təhsil prosesindəki yenilikləri izləmək, tədrisi yeni təlim modellərinə uyğun qura bilməsi üçün çoxsaylı yerli və beynəlxalq təlimlərdə iştirakçı olmuşdur. Ən son “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramının 3-cü raundunun iştirakçısı olmuşdur.
“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin təlimçisi, Microsoft Education portalının online kurslarının aktiv iştirakçısı, MİE Trainer, MİE Master Trainer proqramlarını uğurlar bitirmişdir.
Pedaqoqlar üçün Texnologiya Savadlılığı - 21-ci Əsrin Öyrənmə Dizaynı (Technology Literacy for Educators - 21st Century Learning Design) beynəlxalq imtahanında iştirak etmiş və uğur qazanaraq Microsoft Sertifikatlı Pedaqoq (MCE) adını almışdır. Həmçinin müəllim 2021-2022-ci il tədris ili üzrə “MİE Expert” adına layiq görülən Azərbaycanda 38 müəllimdən biridir.
“Virtual Məktəb“ ilə dərslərdə interaktiv texnologiyalardan istifadəyə dair video izahlar ilə www.virtual.edu.az saytında “Müəllim bloqları“ bölməsinin iştirakçısıdır. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra olunan ARTİ Tədqiqat Mentorluq Proqramının mentorudur.
Əziz Arzu xanım, xoşbəxt və şərəfli peşə sahibisiniz ki, nəinki şagirdləriniz, valideynlər tərəfindən də sevilirsiniz. Ad gününüzü təbrik edir, sizə daha yüksək nailiyyətlər arzulayıram.
Zakirin valideynləri sevimli müəllimlərinə şeir yazıb. Azadmedia.az şeiri təqdim edir.Ana dilin sevdirdin
Riyaziyyat öyrətdin
Zehni bacarıqları
Uğurla tətbiq etdin
Açdın elmin qapısın
Əziz şagirdlərinə
Görən əhsən söyləyir
Qayğına, diqqətinə
Müəllim sənətinin
Layiqli davamçısı
Zakirin sevimlisi
Arzu müəlliməsi.
Elnurə Abuşova