Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına daim xüsusi həssaslıqla yanaşılaraq onların şəhər və rayonlarda mütəmadi qəbulları davam etdirilir.
Aprelin 8-də ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarından və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı nazir Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən, keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışı məqsədilə aparılan nəhəng bərpa-quruculuq işlərindən bəhs edib, həmin rayonlardan olan vətəndaşların qayğıları ilə maraqlanıb.
Eyni zamanda hər bir vətəndaş diqqətlə dinlənilərək onların ədliyyə fəaliyyəti barədə müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması üçün nəzarətə götürülməklə nazirliyin qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Bölgə sakinləri Vətən müharibəsində qələbəmizi təmin edən ölkə Prezidentinin rəhbərliyi ilə azad edilmiş doğma torpaqlarına tezliklə qayıdacaqlarına əminliklərini bildirib, onların qayğılarına daim diqqət və həssaslıqla yanaşılmasına, yerlərdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmələrin işi ilə tanış olub, ədliyyə işçiləri və hakimlər ilə müşavirələr keçirərək ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işləri qeyd edib, qarşıda duran vəzifələrə toxunub, insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.