10 may. Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Ali təhsilin son ilindən mətbuatla əlaqəliyəm. Hələ tələbə vaxtı Yeni Azərbaycan qəzetində “Kimdir günahkar” adlı məqaləm dərc edilmişdi, o dövr üçün yüksək məbləğdə qonorar almışdım. Etiraf edim, bu illər ərzində heç vaxt Heydər Əliyev haqqında yazı yazmamışam. Şablon yazılar, şablon çıxışlar imkan verməyib ki, Heydər Əliyevi olduğu kimi tanıyım, böyüklüyünü dərk edim.
Şuşanın işğaldan azad olunması xəbərini cənab Prezident İlham Əliyev bizə qürurla, göz yaşı ilə xəbər verəndə atasının vəsiyyətini yerinə yetirdiyini bildirdi. Şuşanın alınması bütün vücudumu titrətsə də, həmin gün göz yaşlarım dayanmasa da, Şuşanı gedib görməyincəyə qədər bu vəsiyyətin necə möhtəşəm, tarixi, bütün xalq üçün əhəmiyyətinin fövqündə olmamışam. İki gün öncə illərlə Şuşanın işğalını göz yaşıyla qeyd etməyimizdən fərqli Şuşadan, Cıdır düzündən şəkillərimizi qürurla paylaşanda qərara aldım ki, gecikmiş olsa da, mən Heydər Əliyevə ürək sözlərimi yazmalıyam. Tanıyanlar bilir, yaltaqlıq, məddahlıq mənə yad olan hisslərdi. Mən bilmirəm bu yazımın adı nədir; köşəmi, essemi, məktubmu, məqaləmi? Sadəcə onu bilirəm içimdən gəldi və yazıram. Haşiyədən kənar olsa da da, bir qeydim var. Ruhların var olmasına, kimin ruh haqda nə deməsini harda olmasından asılı olmayaraq ruhların eşitməsinə inanıram. Anamı vaxtsız və qəfil itirəndə də məni ayaqda saxlayan onun ruhunun hər zaman yanımızda olması inamı olub. Bu yazımı da qəbrə deyil, məhz Ulu Öndərə yazıram, həsr edirəm, ümidvaram xəbər tutacaq ruhu....
Heydər Əliyev hakimiyyətə gələndə mən orta məktəbdə oxuyurdum. Qarışıq dövr idi. Bütün ölkədə olduğu kimi bizim Salyan rayonunun Sarvan kəndində də ağır illər idi və belə bir vaxtda Heydər Əliyevin hakimiyyətə gəlməsi siyasətdən çox uzaq olan qonşu qadınlarda, kənd camaatında belə bir inam yaratmışdı ki hər şey yaxşı olacaq, “o kişi gəlibsə, dünyamızı düzəldəcək”. Hamımız ümidlə dünyanın düzələcəyi günü gözləyirdik. Aylar, illəri əvəz edirdi, artıq tələbə idim. 3 övladıq, ali təhsil almamız dalbadal illərə düşüb. Sadə kənd müəllimi olan anam əlindən gələnin 10 artığını edirdi, ən zəruri ehtiyaclarımız üçün. Əsrin Müqaviləsi bağlananda mən çöldə pambıq dərirdim, oktyabrın 5də başlayacaq dərsimə madiyyata kömək olsun deyə. Anam rəhmətlik bizə o qədər gözəl ümidlər verirdi ki, dünyamız düzəlir, siz ali təhsil alacaqsınız, ən mötəbər yerlərdə işləyəcəksiniz, hər şey gözəl olacaq... Təhsil ocağım əvvəllər Ali Partiya Məktəbi olmuşdu, müəllimlərim ticarət naziri, prokuror, raykom və digər yüksək təbəqəli insanlar, Prezident aparatında işləyən məsul şəxslər idi. Hər kəndə gələndə qürurla bu barədə valideynlərimə danışırdım, həsrətlə təhsilin bitməsini gözləyirdim. Elə bilirdim belə şəxslərdən təhsil almış biri kimi institutu bitirən kimi iş yerləri məni gözləyir.... Təəssüf ki, müraciətlər cavabsız qaldı. Ulu öndərin ətrafındakılar bizi xəyal qırıqlığına uğratdı...
Mən qəzetlərdə qonorarla işləməyə başladım. Sonra qəzetimiz lisenziya problemi yaşadı, problemlər bir-birini əvəz etdi, yaxşı kollektivə rast gəlməyən kirayələrdə qalan gənc qız məcbur olub operatorluq öyrəndim, gecə gündüz yazılar yazıb günlərimi yola verdim. Haqsızlıqları gördükcə küsdüm hər kəsdən, hətta ölkədən də. Çünki tapşırıqla gələnlər idi hər yerdə. Bilərək savadlı, öz zəhməti ilə təhsil almış insanlara qapıları bağlamışdılar. Oysa mən ölkənin ən prestijli ali məktəbinə qəbul olanda elə hesab etmişdim iş yerlərinin qapısı üzümə taybatay açıqdı. Təəssüf ki Ulu Öndərin ətrafında özünə yer edən, rola girən məmurlar mən və mənim kimi bir çox gəncə şərait yaratmadı ixtisasımız üzrə hər hansı bir işlə məşğul olaq. Halbuki, Ulu Öndərin təhsilə verdiyi önəm, onun təhsil haqqında dedikləri qalaq-qalaq kitablara sığmaz. Çoxu küsüb birdəfəlik getdi ölkədən. Təbii ki, mənim də küskünlüyüm davam edirdi, hətta bir neçə il ailə vəziyyətini bəhanə edib ölkədən getdim. Qayıdanda yenə qapılar üzümə bağlı idi, bu dəfə mətbuat da mafialaşmışdı. Mən ölkədən gedəndə yamaqlı ayaqqabı ilə işə gələn media nümyəndələri atrıq hərəsi bir klanı caynağına keçirə bilmiş, xarici maşınları, biznesləri adla deyilirdi. Təbii ki, mənim kimi vicdanlı insanlar yenə az maaşla kənarda, yalnız düşmən sevindirməmək üçün abrına qısılaraq gününü yola verə-verə illəri yola saldı.
40-ı haqlamışdım. Təəssüf ki, hələki eyni vəziyyət - əqidəsi dəyişik adamlar dövlətin ayırdığı pullarla günü-gündən varlanır, mənim kimilər bu aydan-o aya minimum borcla çıxmq üçün əlindən gələni edirdi. Belə bir dövrdə müharibə başladı, bitdi, həyacanlı 44 gün geridə qaldı və biz qalib gəldik. Cənab Prezident qalibiyyət xəbərini verəndə anladım ki, bütün dünya gücləri düşmən tərəfində olan ağır geosiyasi bir dövrdə bizi qələbəyə aparan Heydər Əliyevin qoyduğu idarəçilik yolu, Heydər Əliyevin vəsiyyəti olub. Şuşanı gəzdikcə özlüyümdə qət etdim ki, üzləşdiyim haqsızlıqlara, çatışmazlıqlara rəğmən daha mənim Şuşanı bizə geri qaytaran cənab Prezident İlham Əliyevdən narazı qalmağa, qəlbimdə incik düşməyə mənəvi haqqım yoxdu. Bundan sonra da o mənim rəqibsiz Prezidentim olacaq. Mən Şuşanı gəzdikcə Heydər Əliyevin böyüklüyünü, onun Vətəni necə sevdiyini bütün varlığımla anladım.
Ulu Öndər, Sizin qoyduğunuz yoldur bu! Bu yolda layiqli davamçınız nəyi nə zaman etdiyini çox yaxşı bilir və bütün bunları nəinki biz, bütün dünya görür. Sizin məktəbin davamçısıdır Prezidentimiz, hazırcavablığı, hərəyə öz dilində cavab verməsi ilə dünyanın ən nüfuzlu xəbər portallarının başlıqlarını bəzəyir. Ruhunuz şad olsun, bizə Qələbəni bəxş edən Prezidentin Atası. Ruhunuz şad olsun, görmək istədiyiniz iqtisadi və siyasi cəhətdən inkişaf etmiş Azərbaycan artıq dünyanın ən aparıcı tədbirlərində təmsil olunur. Ruhunuz şad olsun, oğlunuz vəsiyyətinizi yerinə yetirdi. Bu xoşbəxtlik hər valideynə qismət olmur. Hələ bu vəsiyyət bir dövlətin müqəddəratını təyin edirsə....
Azərbaycanın güclü dövlətə, regionda söz sahibinə çevrilməsi məndə ümidlər yaradıb ki, mənim üzümə bağlı olan qapılar tezliklə açılar, övladım Vətəndə təhsil alar, savadına, ixtisasına uyğun işlə təmin olunar. Gec də olsa, mən də dövlətdən layiq olduqlarımı alaram, ölkədən getməyə səbəbimiz qalmaz, əksinə gedənləri ölkəmizə geri səsləyərik. Çünki aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ. Qarabağ Azərbaycandır!
Elnurə Abuşova