AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Din, vicdan azadlığı kimi sosial münasibətlərin sağlam əsaslar üzərində qurulmasında medianın üzərinə indi daha böyük məsuliyyət düşür

  • + A
  • - A
  • 2-07-2022, 14:36

    Din, vicdan azadlığı kimi sosial münasibətlərin sağlam əsaslar üzərində qurulmasında medianın üzərinə indi daha böyük məsuliyyət düşür

    “Din, vicdan azadlığı istənilən hakimiyyətin hesablaşmalı olduğu böyük gücdür, şübhəsiz ki, o, gələcəkdə daxili və xarici siyasətdə daha vacib rol oynayacaq”. Bu fikirlər məhşur amerikalı yazıçı və tədqiqatçı Çarlz Armstronqa məxsusdur.
    Dünyanın mövcud mənzərəsi Çarlz Armstronqun əslində, tam haqlı olduğunu üzə çıxarır. Çünki bu gün dünyanın bir çox yerlərində dinlə siyasətin biri-birinə təsirinin əhəmiyyətli dərəcədə artması, hətta proseslərin axarını müəyyən edən əsas faktora çevrilməsi müşahidə edilir. Eyni zamanda indi bütün dünya boyu dinə marağın getdikcə artması da özünü qabarıq büruzə verir və elə bu da din faktorunun daha çox nəzərə alınmasını zərurətə çevirir. Bu xüsusda azadlıqların təmin edilməsi, qanuni çərçivələrin müəyyən edilməsi ölkələrin firavan tərəqqisinin əsas şərtlərindən biridir. Günümüzdə bunun ən uğurlu nümunəsini yarada bilən ölkələrdən biri Azərbaycandır.
    Azərbaycan hər kəsin vicdan və dini etiqad azadlığının təmin edildiyi dünyəvi dövlətdir. Dövlətin dinlə bağlı siyasəti dünyəvi və dini dəyərlər sistemləri arasında harmonik birgəyaşayış və qarşılıqlı hörmət əsasında həyata keçirilir. Dini qurumların fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi Konstitusiya normaları əsasında həyata keçirilir. Lakin qloballaşmanın müsbət çağırışları ilə yanaşı, yaratdığı təhdidlərin də mütəmadi nəzərə alınması, adekvat preventiv tədbirlərin görülməsi zərurətdir. Bu baxımdan dövlət, vətəndaş cəmiyyəti və media dinlə, vicdan azadlığı ilə bağlı maarifləndirmə prosesini daim xüsusi diqqət mərkəzində saxlamalı, koordinasiya edilmiş qaydada birgə əhatəli iş aparmalıdırlar.
    Bundan başqa, ekstremizm kimi problemlərin önlənməsində vətəndaşların dini məsələlər, dünyəvi dövlətin qanunvericilik əsasları, insan hüquq və azadlıqları barədə məlumatlılığının mütəmadi artırılması mühüm rol oynayır. Bu baxımdan qeyd olunan bütün aktual məqamlarla bağlı ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu artır. Media din, vicdan azadlığı və digər müstəvilərdə sosial münasibətlərdə sabitliyin qorunmasında mühüm amildir. Özü də o şəraitdə ki, internet və informasiya texnologiyalarının inkişafı ilə əlaqədar əhalinin media resurslarından istifadə səviyyəsi daim yüksəlir. Bu da müasir mediadan dinə, vicdan azadlığına aid materialları daha savadlı hazırlamağı, prosesləri düzgün işıqlandırılmağı tələb edir. İndiki şəraitdə dini məsələlərin işıqlandırılmasında medianın rolunun öyrənilməsində mühüm sual da budur: Demokratik prinsiplərin və dəyərlərin formalaşması prosesində dini mövzuların işıqlandırılmasında KİV-in rolu nədən ibarətdir? Bu fonda mediada dini mövzuların işıqlandırılmasının bəzi xüsusiyyətlərini aşağıdıka şəkildə müəyyən etmək mümkündür.
    Birincisi, bu gün dinlə bağlı yerli mətbuatda dövlətin din sahəsində siyasəti, dini qurumların fəaliyyəti, ölkədə və regionda dini vəziyyət, milli təhlükəsizlik kimi məsələlər mütəmadi diqqət mərkəzində yer almır. Halbuki, bu məsələlər daim diqqətdə olmalı, müvafiq maarifləndirici mtaeriallar davamlı şəkildə cəmiyyətə təqdim edilməlidir. Bu cür məsələlərin mətbuatda işıqlandırılması zamanı onlar barəsində hərtərəfli araşdırma aparılmalı, ümumilikdə obyektiv və etibarlı məlumatlar cəmiyyətə təqdim edilməlidir. Bundan əlavə, ölkədə dini durum müasir mediadan bu müstəvidə məsələlərin işıqlandırılmasında əsaslı şəkildə yeni yanaşma və metodlar işləyib hazırlamağı, o cümlədən dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətində əsas nüansları diqqətə gətirməyi tələb edir.

    İkincisi, dinlə bağlı əksər məlumatlar qısa xəbərlərlə məhdudlaşır. Təhlükəsizlik, dinşünaslıq, ilahiyyat sahəsində ekspert və mütəxəssislərin rəylərini, habelə vətəndaş icmalarının, dövlət orqanlarının nümayəndələrin mövqeyini özündə əks etdirən analitik materiallar mediada azlıq təşkil edir.
    Hazırda dünyəvi dövlətdə dini münasibətlər sahəsində konstruktiv dialoqların yaranmasında media önəmli rola malik ola bilər. Bundan başqa, nəzərə alınmalıdır ki, jurnalistlərin din problemlərinin işıqlandırılmasında peşəkarlıq səviyyəsi bütövlükdə ölkədəki dini duruma ciddi təsir göstərmək iqtidarındadır. Qeyd edilənlər bir daha təsdiq edir ki, ölkədə dini durumun davamlı yaxşılaşması üçün dövlət, vətəndaş cəmiyyəti institutları və media qarşılıqlı faydalı fəaliyyət həyata keçirməlidir.
    Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlətin dini sahədə siyasətinin həyata keçirilməsinə yanaşması dörd əsas prinsipi rəhbər tutur: Azərbaycan suveren, hüquqi, dünyəvi və sosial dövlətidir. Konstitusiyaya uyğun olaraq Azərbaycan dinin dövlət idarəçiliyindən ayrı olduğu dünyəvi ölkədir. Dini qurumlar dövlət idarəçiliyi prosesinə qarışa və siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Ölkəmizdə dövlətin dünyəvi modeli Konstitusiyanın müddəalarına uyğun olaraq müəyyən edilir. Bununla yanaşı, Azərbaycan Konstitusiyası vicdan və dini etiqad azadlığına təminat verir, burada hər bir insanın sərbəst şəkildə dini və digər etiqadlara malik olmaq hüququ var. Heç kəs öz əqidəsini ifadə etməyə və ya onlardan imtina etməyə məcbur edilə bilməz. Yuxarıda deyilənlərin fonunda vurğulanmalıdır ki, müasir yerli media dini mövzuları işıqlandırarkən bu önəmli məqmaları mütləq nəzərə almalıdır. Çünki, bunlar həm də müasir Azərbaycanın beynəlxalq imicinin xarakterik xüsusiyyətləridir. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da sözügedən faktorlarla bağlı mühüm məqamlara toxunaraq qeyd edir ki, demokratik, hüquqi, dünyəvi və unitar respublika olan Azərbaycan bütövlükdə islam dünyasında dövlət-din münasibətlərini həm hüquqi, həm də mənəvi cəhətdən tam tənzimlənməsinə nail olmuş azsaylı ölkələrdəndir: “Sirr deyil ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda çox həssas bir məsələ olan din siyasətinin qüsursuz həyata keçirilməsi üçün, ilk növbədə, güclü və qətiyyətli siyasi iradənin, iqtisadi və siyasi müstəqilliyin olması zəruri şərtdir. Azərbaycanda ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə güclü mərkəzi hakimiyyətin qurulması, iqtisadi və siyasi müstəqilliyə nail olunması istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu hədəflərə tam nail olunub. Bu tendensiya, eyni zamanda, dövlət-din münasibətlərinə də sirayət edib, Azərbaycanda çoxəsrlik tolerantlıq ənənələrinin bazisində din siyasətində yeni bir səhifə açılıb. Xüsusən, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sferaya diqqət və qayğısı həm normativ sahədə qəbul edilən qərarlar, həm də əməli addımlarla dövlət-din münasibətləri ilə bağlı qəbul edilmiş konstitusion hədəflərə tam nail olunub”. Onun sözlərinə görə, Azərbaycanda dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi bütövlükdə cəmiyyət tərəfindən könüllü şəkildə dərk və qəbul edilən münasibətə çevrilib: “Azərbaycan kimi köklü dini ənənələri və ruhaniyyət mənəviyyatının güclü olduğu cəmiyyətlərdə din-dövlət münasibətlərinin dünyəvilik şərti ilə bu cür mükəmməl formada tənzimi təbii ki, ciddi səy və şəxsi nüfuz tələb edir. Prezident İlham Əliyevin dini ənənələrə münasibətdə şəxsi nümunə göstərməsi, müsəlmanların müqəddəs məkanları, o cümlədən Məkkəyə səfəri, habelə, onun hakimiyyəti illərində regionun ən gözəl məscidlərindən biri olan Heydər Məscidi kompleksinin tikilməsi, Bibiheybət, Təzəpir, o cümlədən Şamaxı Cümə məscidləri başda olmaqla çoxsaylı ibadətgah və dini abidələrin bərpası, işğaldan azad olunan bölgələrdə təmir və bərpa prosesinə məhz Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarətində dini abidələrdən başlanması ilə Azərbaycanda dünyəvi və dini ideyaların dəqiq sərhədlərinin müəyyən olunması təmin edilib. Eyni zamanda, istər işğal dövrü, istər sonrakı zamanlarda vandalizmə məruz qalmış dini abidələrlə bağlı tutduğu barışmaz və qətiyyətli mövqeyi, o cümlədən antiislam dairələr qarşısında cəsarətli duruşu ilə Prezident İlham Əliyev İslam dünyasının təəssübünü çəkən müsəlman aləminin liderlərindən biri olduğu reallığını ortaya qoydu”. Deputat qeyd edir ki, cəmiyyətdə bu sahədə hakimiyyətlə həmrəyliyin müşahidə olunmasının kökündə dayanan vacib nüanslardan digəri isə heç şübhəsiz Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın özlərinin şəxsi nümunələrində dini-mənəvi amillərə yüksək ehtiramla yanaşmalarıdır.
    Məhz bu şəraitdə Azərbaycanda yüksək tolerantlıq mühitinin, vicdan azadlığının təbliği medianın da əsas missiyaları sırasında yer almalı, xüsusən də xarici dillərdə yayımlanan KİV-lər burada daha aktiv olmalıdırlar. O da etiraf edilməlidir ki, ölkə mediasının mütləq çoxluğunun auditoriyası müasir Azərbaycan cəmiyyətində və qlobal miqyasda dinin yeri və rolu haqqında kifayət qədər həcmli, peşəkar, dəqiq və zəruri məlumat almır. Bu kimi problemlər də həllini tapmalı, dini mövzular üzrə peşəkar media işçilərinin formalaşması istiqamətində media subyektləri zərur addımlar atmalı, lazım gələrsə dövlət də bu prosesə yardım etməliidr. Nəzərə alınmalıdır ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da dini təhlükəsizliyin tam təmin olunması, cəmiyyətin, xüsusən də gənc nəslin sağlam ideoloji əsaslarla yetişməsində böyük əhəmiyyət kəsb edir. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Belə halda məkrli dairələrin dini dəyərlərdən radikal məqsədlərlə istifadə cəhdləri daha sürətlə iflasa uğrayacaq. Eyni zamanda dini dəyərlərin, vicdan azadlığının qorunması ilə Azərbaycanın dünyəvi əsaslarda harmonik tərəqqisi yeni uğurlarla davam edəcək.
    Elnurə Abuşova
    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR