AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev: Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir

  • + A
  • - A
  • 4-02-2020, 10:24

    Prezident İlham Əliyev: Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir


    Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır.
    Trend bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

    Prezident qeyd edib:

    "Bu gün biz Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Proqram bir il bundan əvvəl qəbul edildi. Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır.

    Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq.

    Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir. Azərbaycan inkişaf, sabitlik yolu ilə getmişdir. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır. Mövcud problemlər öz həllini tapmır, əksinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddətli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.

    Hesab edirəm ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr islahatları aparılmışdır.

    Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. Əlbəttə ki, bütün biznes qurumları bunu görür, hiss edirlər. Vergi və gömrük inzibatçılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, əlbəttə ki, qeyri-neft sənayesində də özünü büruzə verir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR