AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda dünyaya örnək dövlət-din münasibətləri

  • + A
  • - A
  • 14-06-2021, 09:30


    Bəşər tarixinin bütün dövrlərində din cəmiyyətin sosial-siyasi inkişafının daim ayrılmaz bir amil kimi çıxış edib. Hətta müasir inkişaf dövründə belə din, onunla bağlı siyasətin əhəmiyyəti azalmayıb, əksinə, əvvəlki dövrlərlə müqayisədə daha yüksək mərhələyə qədəm qoyub. Bu mənada təsadüfi deyil ki, müasir sosioloji konsepsiyalar çərçivəsində din və dövlət qarşılıqlı əlaqələri daha detallı şəkildə öyrənilir.

    Dindən ayrı olmayan dünyəvi dövlət

    İslam dünyasında dövlət-din münasibətlərindən bəhs edərkən ona iki prizmadan yanaşmaq mühümdür. Bunlar normativ-hüquqi və etik-fəlsəfi istiqamətlər kimi təsbit edilə bilər. Digər tərəfdən burada nəzərə alınması vacib olan çox incə məqamlardan biri də bundan ibarətdir ki, digər dinlər kimi İslam da müstəqil ideoloji sistemdir. Məhz bu sistem ilk növbədə əxlaqi-mənəvi, eləcə də ideoloji meyarları ərsəyə gətirir. Bu mənada dövlətin həmin meyarları və onu ərsəyə gətirən dini nəzərə alması inkişaf prosesində olduqca mühüm şərtdir. Amma bu zaman dini dəyərlərə söykənən ictimai şüurun dövlətin seçdiyi inkişaf yoluna, xüsusən də demokratik meyarlara, vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq formalaşdırılması da olduqca mühümdür. Elə bu da din-dövlət münasibətlərinin nə dərəcədə vacib əhəmiyyətə malik olduğunu aydın təsəvvür etməyə imkan verir. Azərbaycanda məhz bu qarşılıqlı amilin nəzərə alınması ölkəmizin dinamik tərəqqisinin əsas məhək daşlarından biridir və təqdirəlayiq haldır ki, dövlət-din münasibətləri kifayət qədər rəvan bir müstəvidə inkişaf edir.
    Ümumiyyətlə, Azərbaycanda dövlət-din münasibətləri dünya üçün ən uğurlu modellərdən biri hesab edilir. Bu modelin ərsəyə gəlməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Xatırlatmaq yerinə düşərdi ki, ötən əsrin son dekadasında Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərinin tənzimlənməsi qarşıda duran ən ümdə vəzifələrdən birinə çevrilmişdi. Bu xüsusda mühüm addımlar məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra atıldı, sözügedən istiqamətdə sistemli xarakterə malik dövlət siyasəti yürüdüldü. “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”, - deyən Ulu Öndər tərəfindən din sahəsinə xüsusi diqqət və qayğı göstərildi, bərbad durumda olan ibadət ocaqları bərpa edildi, yeniləri inşa olundu. Özü də bu təkcə məscidlərə yox, kilsələrə, sinaqoqlara, digər dini ocaqlara da şamil edildi. O da mühüm hal idi ki, Ümummilli Lider mütəmadi şəkildə dini ibadət ocaqlarını ziyarət edir, din xadimləri və dini icma rəhbərləri ilə görüşür, onların üzləşdikləri problemlərin həlli üçün opertaiv addımlar atır, digər məsələlərin həllinə də köməklik göstərirdi. Bunlara paralel olaraq, insnların dini etiqad və vicdan azadlığı təmin olundu. Hansı dinə etiqad etməsindən asılı olmayaraq, vətəndaşlar dini inanclarınını, bunlarla bağlı ayinləri sərbəst şəkildə yerinə yetirə bildilər. Ümummilli Lider bu kontekstdə qeyd edirdi: “Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır”.
    Ulu öndərin təşəbbüsü ilə dini sahə ilə bağlı qanunvericilik aktlarında da ən qabaqcıl təcrübəyə cavab verən yeniliklər edildi, onlar beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyasında isə dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Nəticə etibarı ilə də Azərbaycanda dövlət-din münasibətlərində nümunəvi təcrübə və sonda uğurli bir model formalaşdı.

    Azərbaycan dinlərarası dialoq forumlarının vətəninə çevrilib

    Dövlət-din münasibətlərində atılan mühüm addımlardan “Dini etiqad azadlığı haqqında” qanunun qəbulu və bununla din amilindən sui-istifadə məqsədilə istifadə etməyə can atanların, xüsusən də missionerlik fəaliyyəti göstərən əcnəbi təşkilatların qanunazidd əməllərinin qarşısının alınması oldu. Lakin qeyd edilənlər fonunda belə dövlət-din münasibətlərinin tənzimlənməsi üçün ayrıca bir qurumun mövcudluğu ciddi zərurət kimi çıxış edirdi. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın yaradılması məhz bu zərurətdən irəli gəlirdi.
    Sözügedən qurum ötən dövr ərzində dini fəaliyyət sferasının mövcud qanunvericilik aktlarının tələblərinə riayət olunmaqla təmin edilməsində, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvində nə dərəcədə vacib təşkilat olduğunu praktiki olaraq təsdiqləyib. Eyni zamanda məhz bu qurumun fəaliyyəti dövlət-din münasibətlərinin kifayət qədər sağlam özüllər üzərində bərqərar olaraq inkişaf etməsində də mühüm əhəmiyyət kəsb edir. Təbii ki, burada mühüm rol oynayan əsas faktorlardan biri də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət-din siyasətidir. Məhz bu siyasətdən irəli gəlir ki, ölkəmizdə yaşayan müxtəlif din və məzhəblərin, təriqətlərin nümayəndələrinə xüsusi diqqət, qayğı göstərilir. Bu, ölkədə inşa edilən və ya əsaslı bərpa olunan yüzlərlə məscid, sinaqoq, müqəddəs ziyarətgahlar fonunda da özünü qabarıq büruzə verir. Yenə də bu siyasətin nəticəsidir ki, əvvəllər Azərbaycan dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən fəal iştirakçısı idisə, indi bu prosesin təşkilatçısıdır. Azərbaycanda müxtəlif vaxtlarda təşkil edilən dinlərarası dialoq forumları da bunun təsdiqidir.
    İndi bütün dünya Azərbaycanı tolerant, multikultural ölkə olaraq qəbul edir. Azərbaycan multikulturalizminin əsasında duran başlıca məqamlardan biri məhz dini müxtəliflikdir. Milli Məclisin deputatı, tələbə yoldaşım Məzahir Əfəndiyevin qeyd etdiyi kimi, Azərbaycanın multikulturalizm modeli sosial, dini və mədəni müxtəlifliyin tolerant əsaslarla interaktiv bir vəziyyətdə mövcudluğudur. Onun sözlərinə görə, bu model ölkənin əsrlərdən bəri formalaşan mədəniyyətlər və dinlərarası dialoq işinin təcrübədən keçirilməsi ilə yeni çağırışlara əsaslanaraq ərsəyə gəlib: “Azərbaycan hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olub. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə də qucaq açıb, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırıb. 2003-cü ildən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlığı prioritet hesab edib. Ölkəyə rəhbərlik etdiyi dövrdən bəri İlham Əliyev dünya miqyasında keçirilmiş beynəlxalq forumların, tədbirlərin müəllifi olub. Son dövrlərdə ümumdünya dinlərarası və mədəniyyətlərarası dialoq forumlarının vətəninə çevrilən ölkəmizi 2016-cı ildə Roma Papası Fransiskin “əsl tolerantlıq nümunəsi” adlandırması da Azərbaycan xalqına və Prezident İlham Əliyevin fəaliyyətinə verilmiş ən yüksək qiymətdir. Azərbaycanın vətəndaşları öz inanc və dinlərindən olan insanlara müqəddəs bayramlarını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verir. Dini ayin və ənənələrin, xüsusi gün və bayramların hər bir Azərbaycan vətəndaşı tərəfindən sərbəst qeyd olunması müxtəliflik və tolerantlıq ahənginin sübutudur. Azərbaycanda multikulturalizm dövlət siyasətinin mühüm tərkib hissəsidir və Prezident İlham Əliyevin son 18 illik fəaliyyəti dövründə daha da inkişaf edərək “Azərbaycanın multikulturalizm modelinə” çevrilib”.

    Artıq Qarabağda da azan səsləri eşidilir

    Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi xarakteri ötən il baş verən və ölkəmizin tarixi zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra baş verənlər fonunda da özünü qabarıq büruzə verir. Azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən təkcə məscidlər yox, digər dini abidələr, hətta ermənilərin tikdiyi kilsələr belə dövlət tərəfindən bərpa edilir. Azərbaycan bu yerlərdə də müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mədəni müxtəlifliyini qorumaq, inkişaf etdirmək niyyətini ən yüksək səviyyədə bəyan edib. Bu gün işğaldan azad olunan torpaqlarımızda azan səsi eşidilir, həmin ərazilərdə müxtəlif tarixi dini abidələrin bərpası isə bu yerlərdə də millətlərin və dini konfessiyaların dinc yanaşı yaşayacağının ilkin müjdəçisidir.
    O da danılmaz faktdır ki, Azərbaycanda dini müxtəlifliyin qorunması, inkişaf etməsində Heydər Əliyev Fondunun, xüsusən də onun rəhbəri, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, azad edilmiş ərazilərdə, o cümlədən mədəniyyətimizin paytaxtı Şuşada bir sıra dini abidələrin bərpası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Ümumiyyətlə, Fondun xətti ilə təkcə Azərbaycanda yox, onu xarixcində də bir çox dini abidələr bərpa edilib. Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilmiş Marçellinio və Pietro katakombalarını buna konkret misal kimi göstərmək olar. Dinə verilən yüksək qiymət, bu istiqamətdə atılan addımlar ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə öz vacib töhfələrini verir. Bununla Azərbaycanda dövlət-din münasibətlərinin harmoniyası daha möhkəm xarakterə malik olur, ayrı-ayrı inanclı insanların bərabərhüquqlu vətəndaş kimi yaşayıb fəaliyyət göstərmələrinə hərtərəfli şərait yaradılır. Elə bu da Azərbaycanın ən zəngin mənəvi sərvətlərindən biri kimi özünü büruzə verir, dünyada ölkəmizin vizit kartlarından birinə çevrilir.
    Elnurə Abuşova
    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR