“Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində Qax rayonunun Güllük kəndində şəhid ailələri, qazilər və veteranların iştirakı ilə maarifləndirici tədbir keçirilmişdi.
Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Elmira Mehdiyeva qeyd etmişdir ki, 44 gün davam edən müharibədə 3021 Azərbaycan vətəndaşı şəhid olub. Müharibə bitdikdən sonra daha 100-dən artıq Azərbaycan hərbçisi həyatını itirib. Döyüş əməliyyatları zamanı 11 mindən artıq hərbi qulluqçu yaralanıb. Açıqlanan rəqəmlərdən məlum olur ki, müharibə bitdikdən sonra 90 minə yaxın şəxsə “müharibə veteranı” adı verilib. Bu baxımdan, 44 günlük müharibədən sonra toplamda 100 mindən artıq şəxs – yəni, ölkə əhalisinin 1 faizi hökumətin sosial müdafiə siyasətinin yeni bir istiqamətini əmələ gətirib. Nəzərə almaq lazımdır ki, 80-ci illərin sonundan bəri 30 mindən çox Azərbaycan vətəndaşı Azərbaycan-Ermənistan münaqişəsinin qurbanı olub. Müharibə iştirakçıları ilə bağlı sosial siyasətin bu qədər çox insanı əhatə etməsi hökumətin bu istiqamətdəki fəaliyyətini Azərbaycanda sosial siyasətin əsas mövzularından birinə çevirir.
Ancaq, təəssüf ki, xüsusilə müharibədən sonrakı dövrdə müharibə iştirakçılarının sosial problemləri ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Zəfər tarixi və onun yaratdığı yeni reallıqlar ilə bağlı layihələrin icrası bu cəhətdən aktualdır. Həmin sosial qrupdan olan insanların qanunvericiliklə müəyyən edilən hüquqlarına dair maarifləndirici söhbətlərin mütəmadi aparılmasına ehtiyac vardır.
Layihənin eksperti İ.İbrahimov iştirakçıları dövlətin veteranlar, qazilər və şəhid ailələri ilə bağlı qanunlarının ən mühüm və vacib məqamları ilə tanış edir. Ekspert tədbirin interaktivliyinə xüsusi əhəmiyyət verir. İştirakçıların çətinlik çəkdikləri sahələrdə müxtəlif instansiyalara müraciətin forma və qaydalarını onlara izah edir. Tədbirin gedişindən məlum olur ki, kəndlərdə yaşayan qazi və veteranların, şəhid ailələrinin ən böyük problemi işlə təmin olunmaqdır. Kənd icra nümayəndəliyi və bələdiyyə bu sahədə onlara dəstək olmağa çalışsalar da kəndli gənclər işsizlikdən əziyyət çəkirlər. Onların bir istəyi də DOST mərkəzindən oldu. DOST mərkəzi kəndlərdə sosial işçilərlə bağlı proqramını daha da genişləndirsə xeyli sayda insan işlə təmin olunardı.
Asəf Məmmədovun həyatı bir film kimidir. O qanlı döyüşlərdə sona qədər vuruşub. Laçında isə təsadüf nəticəsində sağ qalıb. Düşmən gülləsi onun mobil telefonuna ilişib qalıb. Düzdür, o qolundan aldığı güllə yarasından əlil olub, lakin mobil telefonu onun ürəyini qoruyub. Asəf də işsizlikdən gileylənir. Lakin, hər halda biz ona həmin telefonu qoruyub saxlamağı tövsiyə edirik, çünki, bu telefon, həqiqətən, müharibəni gələcək nəsillərə danışdığımız zaman ən gözəl əyani vəsait olacaq.
Şəhid ailəsi Zərnişan Muradova, qazi Bədrəddin Novruzov, veteran Aslan Veysəlzadə və İlkin Sulxayev onları narahat edən məsələlərdən danışırlar. Bu şəxslərə müvafiq məsləhətlər verilir, yol göstərilir.
Qax Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev bildirir ki, hər bir iştirakçının dediklərinin qeydiyyatını aparmışıq. Rayon səviyyəsində həlli mümkün məsələlərdə onlara köməklik göstəriləcək. Qax Rayon İcra hakimiyyəti də iş yerləri ilə bağlı mümkün olan bütün qurumlara müraciət edib. Hər bir vakant iş yerinə bu qəbildən olan insanlar işə götürülür. Yəqin ki, dövlətin də gələcək illərdə iş yerləri ilə bağlı daha geniş proqramları olacaqdır.
Əlbəttə, bir layihə tədbiri zamanı problem qismən araşdırıla bilər. Odur ki, iştirakçılar layihənin əhəmiyyətini xüsusi vurğulayırlar və ucqar kəndlərdə belə layihələrin mütəmadi həyata keçirilməsinin vacibliyini vurğulayırlar.