İran Silahlı Qüvvələrinin Baş Qərargahı 2024-cü ilin mayında keçmiş prezident İbrahim Rəisi və ətrafının həlak olması ilə nəticələnən helikopter qəzasının səbəbləri ilə bağlı fərziyyələrə münasibət bildirib.
Bu barədə İranın “Tasnim” agentliyi Baş Qərargaha istinadən məlumat yayıb.
İranın Baş Qərargahı şənbə günü yaydığı bəyanatda faciəvi qəza ilə bağlı "iddiaları və məsuliyyətsiz şərhləri" rədd edib.
Bəyanatda virtual məkanda müxtəlif şəxslərin prezident Rəisinin öldürülməsi ilə bağlı əsassız açıqlamalarının reallığa uyğun olmadığı bildirilib və onların məlumatsızlıqdan, bacarıqsızlıqdan və ya müəyyən məqsədlərlə verildiyi vurğulanıb.
Baş Qərargahın üç rəsmi hesabatına istinad edilərək, qəzaya hadisənin baş verdiyi "bölgədəki mürəkkəb atmosfer və coğrafi şərait"in səbəb olduğu vurğulanıb və hər hansı texniki nasazlıq, təxribat, terror hücumu, partlayış, elektron müharibə ilə bağlı iddialar rədd edilib.
2024-cü il mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha 6 nəfər helikopterinin dağlarda qəzaya uğraması və alovlanması nəticəsində həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.