AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 Yanvar - Ümumxalq Hüzn Günü

  • + A
  • - A
  • Dünən, 17:00

    20 Yanvar - Ümumxalq Hüzn Günü

    Şimali Osetiya – Alaniya Respublikasında Şimali Osetiya “Azərbaycanlılar Konqresi”nin Mərkəzi ofisində Konqresin fəxri prezidenti Şahin Məmmədovun və Konqresin sədri Murtaza Gülməmmədovun, konqres üzvülərinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirəsi yad edilmişdir.

    Zaman axımında baş verən tarixi hadisələrin bəziləri xalqın, millətin yaddaşında əbədiləşir. 20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq mücadiləsində cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsidir. 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin gecədə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. 35 ildir ki, Azərbaycan xalqı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsini, dərin hörmət və ehtiramla yad edir.
    20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.

    Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 
    20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

    Hazırladı: Elçin Şükür


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR