Azərbaycan dini, milli, millətlərarası münasibətdə dünya üçün tolerantlıq nümunəsidir.
Bunu dünya ictimaiyyəti də dəfələrlə etiraf edib. Bu gün Qərbdə olan islamafobia fonunda Azərbaycanın multikultural dəyərlərə sadiq qalması dünyada bənzəri olmayan yanaşmadır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda tolerantlıq, multikulturalizm dəyərləri dövlət səviyyəsində qorunur. Xatırlatma üçün qeyd edək ki, rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisinin 8.4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir.
Onları birləşdirən vahid dəyər isə azərbaycançılıq ideologiyasıdır. Bu gün ölkədə yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, Şahdağ xalqları, ləzgilər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər, almanlar, ruslar yaşayır. Azərbaycanda yaşayan bütün xalqların isə dini, dili, mədəniyyəti ən yüksək səviyyədə qorunur.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” elan edilib, bir çox beynəlxalq tədbirlər keçirilib, dünya tərəfindən Azərbaycanın gördüyü işlər yüksək qiymətləndirilib. Prezident İlham Əliyev multikulturalizm dəyərlərinin qorunmasında Azərbaycanı dünyaya nümunə göstərərək deyib ki, eyni zamanda, ölkəmiz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışıb.
“Əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyllər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik”, - deyə Prezident İlham Əliyev “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış nitqində vurğulayıb.
Göründüyü kimi, Azərbaycanda multikultural dəyərlər ən yüksək səviyyədə qorunur. Bunun məntiqi nəticəsi kimi, bu gün Azərbaycanda milli, dini baxımdan heç bir problem, qarşıdurma yoxdur və bütün xalqlar qarşılıqlı hörmət, bərabərhüquqlu vətəndaş olaraq yaşayırlar
Bu gün ölkəmizdə onlarla milli azlığın nümayəndəsi yaşayır - rus, ukraynalı, tat, kürd, talış, yəhudi, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s... Amma milli zəmində heç bir toqquşma qeydə alınmayıb. Bu birgəyaşayışın səbəbi tarixlə bağlı olduğu qədər də Azərbaycan dövlətinin apardığı uğurlu siyasətlə əlaqəlidir. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldiyi andan milli məsələlərlə bağlı həssaslıq nümayiş etdirdi, separatizmə meyillənən düşmən qüvvələrin qanun qarşısında cavab verməsini təmin etdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın tolerantlıq nümunəsi bütün dünyaya nümayiş etdirildi. Artıq dünyada tolerantlığın Azərbaycan nümunəsi formalaşıb. Bu ideyanın formalaşmasında eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Mehriban xanın Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və dünyanın digər ölkələrində tolerantlığın təbliği ilə bağlı müxtəlif layihələr icra olunmuşdur”.
QHT sədri əlavə edib ki, Azərbaycan dövlətinin apardığı multikultural siyasət birgəyaşayışın təməlini qoyub:
“Aparılan uğurlu siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində minə yaxın dini qurum dövlət qeydiyyatından keçib. Dövlət tərəfindən dini icmalara maddi dəstək göstərilir. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, digər dinlərə sitayiş edən insanlara qarşı hər hansı mənfi münasibət mövcud deyil. İnsanların inanclarına hörmətlə yanaşılır, onların dini ayinlərini icra etmələri üçün dövlət tərəfindən imkan yaradılır. Azərbaycanda mədəni müxtəliflik tarixən mövcud olmuşdur. Ölkəmiz ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub”.
C.Hüseynzadə əlavə edib ki, bu gün də mövcud dini və milli tolerantlığın qorunması istiqamətində işlər aparılır:
“Hesab edirəm ki, xüsusən gənclərin maarifləndirilməsi hər zaman prioritet olmalıdır. Cahillik bütün fəlakətlərin əsas səbəbidir. Xüsusən dini və milli məsələlərlə bağlı cahil və savadsız kütlə fəlakətlərin başlanğıcıdır. Bu gün bəzi Şərq ölkələri buna əyani sübutdur”.
Qeyd edək ki, bu gün Azərbaycanın tolerantlığını göstərən əsas amil Qarabağ ermənilərinə göstərdiyi münasibətdir. Qarabağda yaşayan ermənilər 30 ilə yaxşı Azərbaycan torpaqlarının işğalda qalmasına yumşaq desək, susublar. Söhbət Qarabağda yaşayan mülki erməni əhalisindən gedir ki, onlar da işğal müddətində Ermənistanın hərbi-siyasi rəhbərliyinin, separatçı rejimin mövqeyini dəstəkləyiblər. Amma Azərbaycan onlara ən yüksək səviyyədə bərabərhüquqlu şəkildə Qarabağda yaşamaq şansı verib. Təbii ki, Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlara tabe olmaq şərti ilə bu hüquq onlara verilir. Göründüyü kimi, bu da dünya nümunəsində bir ilkdir və Azərbaycanın multikultural dəyərlərə necə sahib çıxdığının göstəricisidir.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.