AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dostluğa və tərəfdaşlığa söykənən münasibətlər

  • + A
  • - A
  • Bu gün, 15:43

    Dostluğa və tərəfdaşlığa söykənən münasibətlər

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı


    Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri göstərdi ki, Azərbaycanla bu ölkə arasında əlaqələr yüksək səviyyədədir


    Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini islam dünyası, o cümlədən ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi tutur. Öz növbəsində ərəb dünyası da Azərbaycanın inkişafını, eləcə də beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu yüksək qiymətləndirir, ölkəmizlə əlaqələrə xüsusi maraq göstərir. Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dəvəti ilə Prezident İlham Əliyevin yanvarın 13-14-də bu ölkəyə işgüzar səfəri də təsdiq etdi ki, ərəb dünyası Azərbaycana və onun rəhbərinə yüksək ehtiramla yanaşır.
    Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan BƏƏ arasında əlaqələr bütün sahələrdə daha da dərinləşib. İki ölkə arasında həm siyasi, həm də ticari-iqtisadi sferada geniş əməkdaşlıq mövcuddur. Azərbaycana məhsul idxalında, o cümlədən respublikamızın ixracatında bu ölkənin mühüm payı var. Hər iki ölkənin rəhbərliyi qarşılıqlı şəkildə əlaqələrin daha da inkişafına böyük səy göstərir. Prezident İlham Əliyev indiyə kimi bir neçə dəfə bu ölkədə rəsmi və işgüzar səfərdə olub. Eləcə də BƏƏ Prezidenti və ayrı-ayrı əmirliklərin rəsmiləri Azərbaycana səfərlər ediblər. Hər bir səfər əlaqələrin yeni mərhələyə yüksəlməsinə təkan verib. Hazırda iki ölkə arasında dərin və qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin olması, o cümlədən ümumvətəndaş pasportlarının qarşılıqlı olaraq viza rejimindən azad edilməsi barədə razılığın əldə edilməsi, BƏƏ-nin hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir.
    Bütün bunlar həm də ticari-iqtisadi əməkdaşlığın dərinləşməsinə yol açır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.
    Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasındakı görüşdə də bu məsələlər müzakirə olunub.Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıblar.
    İki dövlət arasındakı əlaqələrin bir istiqamətini də enerji sahəsində əməkdaşlıq təşkil edir Məlum olduğu kimi Qaradağ Günəş Elektrik Stansiyası BƏƏ-nin “Masdar” şirkəti tərəfindən inşa olunub. Bu layihənin hələ təməlinin qoyulması zamanı cənab Prezident İlham Əliyev Azərbaycan-BƏƏ əlaqələri barədə deyib:
    «Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var».
    Aradan ötən illərin reallıqları Azərbaycan-BƏƏ münasibətlərinin həqiqətən çox yüksək səviyyədə olduğunu göstərir. Bu münasibətlərin ən gözəl nümunələrindən biri də COP29 zamanı iki ölkə arasında həyata keçirilən əməkdaşlıq oldu. Məlum olduğu kimi COP-a sədrlik Azərbaycana BƏƏ-dən keçmişdi. Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdə bu məqama diqqət çəkən cənab Prezident İlham Əliyev COP29-un uğurla başa çatdırılmasında Azərbaycanın BƏƏ ilə əməkdaşlığının və bu ölkənin konsepsiyasının öz rolunu oynadığını deyib.
    Ümumiyyətlə prezidentlərin görüşündə toxunulan məsələlər iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən və qarşılıqlı əməkdaşlığa marağından xəbər verir. Bu görüş həm də münasibətlərin yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir.
    Onu da əlavə edəki ki, 2023-cü ilin oktyabrında Qaradağ Günəş Elektrik Stansiyasının açılışı zamanı Azərbaycan Hökuməti ilə “Masdar” şirkəti arasında yeni sənədlər imzalanıb. Bunlar «yaşıl enerji» istehsalı sahəsində yeni layihələrin həyata keçirilməsi ilə bağlıdır. Bütün bunlar göstərir ki, iki dövlət arasında enerji sahəsində möhkəm əməkdaşlıq formalaşıb.
    BƏƏ-nə səfəri zamanı Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimlərində də iştirak edib. Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir.
    Bu dəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edirdi. Dəvət olunan prezidentlərdən birinin məhz cənab İlham Əliyev olması dövlətimizin başçısının dünyadakı yüksək siyasi nüfuzunu, o cümlədən Azərbaycanla BƏƏ arasındakı dərin siyasi münasibətləri nümayiş etdirir.
    Bütövlükdə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri göstərdi ki, Azərbaycanla bu ölkə arasında əlaqələr yüksək səviyyədədir. İki ölkənin prezidentləri arasında keçirilən görüş dostluğa və tərəfdaşlığa söykənən əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyindən xəbər verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR