ABŞ PKK-nın üç liderinin başına pul qoyub.
“Ölkə.Az” xəbər verir ki, Murat Karayılan, Cemil Bayık və Duran Kalkanın yerini təyin edə biləcək məlumat verən şəxslərə pul mükafatı veriləcək.
Karayılan üçün 5 milyon dollar, Bayık üçün 4 milyon dollar, Kalkan üçün isə 3 milyon dollar mükafat veriləcəyi açıqlanıb. Bu barədə açıqlamanı ABŞ xarici işlər nazirliyinin Avropa və Avrasiya üzrə müşavirinin müavini Metyu Palmer Ankaraya səfəri zamanı verib.
Murat Karayılan
Murat Karayılan Türkiyənin daxili işlər tərəfindən yayımlanan “ən çox axtarılan terrorçu” siyahısındadır. Suriyaya qaçdıqdan sonra 1999-cu ildə PKK lideri Abdullah Öcalanın həbsindən sonra qruplaşmanın lideri olub. 2013-cü ildə PKK-nın silahlı qolu olan Xalq Müdafiə Qüvvələrinin başına keçib.
Cemil Bayık
1955-ci ildə Elazığın Keban rayonunda anadan olub. PKK-nın 18 qurucusundan biridir. 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra xaricə qaçıb. Qruplaşmanın Suriya, Livan və Şimali İraqdakı düşərgələri ilə Avropa bürolarını idarə edib. Sonra PKK sədr şurasının üzvü olub. PKK-nın 2 nömrəli adamıdır. “Cuma” kod adı ilə tanınır.
Duran Kalkan
1952-ci ilin 14 avqust tarixində Adananın Tufanbeyli rayonunda anadan olub. PKK-nın liderlərindəndir. 1980-1990-cı illərdə Almaniyada terror qruplaşmasının maliyyə müşaviri olub. 1988-ci ildə Düseldorf şəhərində həbs edilib. 1993-cü ildə Şimali İraqa gedərək Kürdüstan Xalq Qurtuluş Ordusunun komandiri və PKK İdarəetmə Şurasının üzvü olub.
2015-ci ildən “ən çox axtarılan terrorçular”siyahısına əlavə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.