Nazim Eynallı,
AAYDA nəzdində 19 saylı Xüsusi təyinatlı Yol İstismarı MMC-nin direktoruAzərbaycan Respublikasında gənclər siyasəti dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi formalaşmış və bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin gənclərə verdiyi yüksək dəyər, onların fiziki, mənəvi və intellektual inkişafını milli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi görməsi bu sahədə ardıcıl və sistemli dövlət siyasətinin əsasını təşkil etmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bununla da Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında gənclərə həsr olunmuş rəsmi bayram təsis edən ilk ölkə olmuşdur. Sonralar beynəlxalq səviyyədə bu təşəbbüsün əhəmiyyəti təsdiqlənmiş, BMT Baş Məclisinin 17 dekabr 1999-cu il tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilmişdir. Bu fakt Azərbaycanın gənclər siyasətində qabaqcıl mövqeyini bir daha nümayiş etdirir.
Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandıraraq onların potensialının üzə çıxarılmasını dövlətin prioritet vəzifəsi kimi müəyyən etmişdir. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması gənclərlə iş sahəsində fəaliyyətin mərkəzləşdirilmiş və koordinasiyalı şəkildə aparılmasına imkan yaratdı.
Təhsil sahəsində həyata keçirilən islahatlar, istedadlı gənclərin xarici ölkələrdə təhsil almasının dəstəklənməsi, yüksək bal toplamış abituriyentlərə Prezident təqaüdünün təsis edilməsi Ulu Öndərin elmə və gənclərin intellektual inkişafına verdiyi önəmin bariz nümunələridir. Eyni zamanda, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il tarixli Fərmanla gənc istedadların “Qızıl kitabı”nın təsis edilməsi istedadlı gənclərə göstərilən dövlət qayğısının institusional əsasını formalaşdırdı.
Azərbaycan gənclərinin forumlarının keçirilməsi də gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakını stimullaşdıran mühüm addımlardan olmuşdur. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndərin gənclər qarşısında qoyduğu tarixi vəzifə – müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünmək – bu gün də öz aktuallığını qoruyur.
Ulu Öndərin gənclər siyasətinin mühüm mərhələlərindən biri də 1999-cu ildə imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərman və 2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” Qanundur. Bu sənədlər gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini müəyyən edərək sahənin hüquqi əsaslarını formalaşdırmışdır.
Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı müasir dövrdə gənclər üçün yaradılan geniş imkanları vurğulayaraq onların bu imkanlardan səmərəli istifadə etməsini, həm şəxsi inkişaf, həm də dövlətə xidmət baxımından fəal olmasını əsas vəzifə kimi müəyyən edir. Sabit, güclü və özünə güvənən Azərbaycan gənclərin təşəbbüskarlığı və intellektual potensialı ilə daha da inkişaf edir.
Beləliklə, 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bir bayram deyil, həm də gənclərin dövlət və cəmiyyət həyatında rolunun, onlara göstərilən etimad və qayğının rəmzidir. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu təsdiqləyir