Gürcüstanda etiraz aksiyalarının tənzimlənməsi ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib
Gürcüstan parlamenti müəyyən şəxslərin siyasi fəaliyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Parlament konkret şəxslərin partiya fəaliyyətini, siyasi vəzifə tutma hüququnu və seçkilərdə iştirakını qadağan edən qanunvericilik paketini birinci oxunuşda 80 səslə yekdilliklə dəstəkləyib.
Qanun layihəsi "Gürcü Arzusu" partiyasının təşəbbüsü ilə plenar iclasda sürətləndirilmiş qaydada qəbul olunub.
Dəyişikliklərə əsasən, əgər Konstitusiya Məhkəməsinin qərarı ilə hər hansı partiyanın fəaliyyəti qadağan edilərsə, həmin partiyanın üzvləri və ona bağlı şəxslər passiv seçki hüququndan məhrum ediləcək. Bu şəxslər artıq parlament və bələdiyyə seçkilərində iştirak edə, konstitusiya orqanlarında rəhbər vəzifə tuta və digər partiyalara üzv ola bilməyəcəklər.
Sənəd, həmçinin bu şəxslərin digər partiyalara maddi dəstək göstərməsini də qadağan edir. Eyni zamanda, belə şəxsləri sıralarına qəbul edən partiyalar Cinayət Məcəlləsinə əsasən cərimə olunacaq.
Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladzenin sözlərinə görə, yeni qanunvericilik qüvvəyə mindikdən sonra "Gürcü Arzusu" Konstitusiya Məhkəməsinə müraciət edərək konkret partiyaların fəaliyyətinin qadağan edilməsini və onlara bağlı şəxslərin hüquqlarının məhdudlaşdırılmasını tələb edəcək: "Bu dəyişikliklərdən sonra siyasətlə məşğul olan agentliklərə son qoyulacaq".
O qeyd edib ki, təqdim edilən qanun layihəsi həm Gürcüstan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə tam uyğundur.
Qanunvericilik paketinin ikinci və üçüncü oxunuşlarda bu həftə ərzində qəbul ediləcəyi gözlənilir.