İsrail Qəzzada atəşkəs rejimini davamlı pozmaqda ittiham edilib
Qətər əmiri Təmim bin Həməd əl-Tani İsraili HƏMAS-ın mövqelərinə silsilə zərbələrdən sonra Qəzza zolağında atəşkəsi pozmaqda ittiham edib.
Bu barədə "Əl-Ərəbiyyə" məlumat verib
"Biz İsrailin Fələstində yol verdiyi bütün pozuntuları, xüsusilə Qəzza zolağının insan həyatı üçün yararsız əraziyə çevrilməsini və atəşkəs rejiminin davamlı surətdə pozulmasını bir daha pisləyirik", - əmir bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın, eləcə də Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə oktyabrın 9-da İsraillə HƏMAS qruplaşması arasında Qəzza ilə bağlı sülh sazişi əldə olunub. Bu sazişə uyğun olaraq anklavda hərbi əməliyyatlar dayandırılıb.