İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
Gürcüstanın Keçmiş Baş naziri İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Ölkənin keçmiş Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müsahibə verərək istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib ki, yaxın günlərdə istintaq mövcud və əlavə olaraq əldə edilmiş sübutlar əsasında həm onun barəsində olan cinayət işinin nədən ibarət olduğunu, həm də həbs-qətimkan tədbirinin seçilməsini müzakirə edəcək.
Qeyd olunur ki, oktyabrın 17-də İrakli Qaribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze və onlarla əlaqəli digər 8 şəxsin evlərində axtarış aparılıb. Prokurorluğun məlumatına görə, əməliyyat zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul götürülüb.
DTX-dən əlavə olunub ki, son günlər keçmiş yüksək vəzifəli siyasi məmurların evlərində aparılan əməliyyat-istintaq tədbirləri davam edir.(Report)