ABŞ Malayziya ilə bu ölkənin bazarını Birləşmiş Ştatların ixracına açacaq tarixi ticarət razılaşması barədə razılığa gəlib.
Bu barədə Ağ Evin saytında dərc olunmuş press-relizdə bildirilib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və Malayziyanın Baş naziri Ənvər İbrahim Kuala-Lumpurda keçirilən görüşdə qarşılıqlı ticarət sazişi imzalayıblar.
"Malayziya demək olar, bütün ABŞ ixracatına tarifləri aradan qaldıracaq və ya azaldacaq, ABŞ-nin kənd təsərrüfatı və sənaye malları, xüsusən avtomobillər üçün bərabər və ya güzəştli bazara çıxış təmin edəcək. Malayziya həmçinin ABŞ ixracatçılarının öz bazarına çıxışını təmin etmək üçün bir sıra tarif maneələrini aradan qaldıracaq", - bəyanatda deyilir.
Saziş həmçinin Malayziyanın "Petronas" şirkəti ilə çoxillik müqavilələr vasitəsilə ABŞ mayeləşdirilmiş təbii qazının alınması üçün illik 3,4 milyard dollara qədər investisiya, Malayziyada "TNB Fuel" şirkətinə ABŞ kömürünün satışı üçün illik 42,6 milyon dollar, ABŞ-nin 119 milyon dollar dəyərində telekommunikasiya məhsulları və xidmətlərinin alınmasını əhatə edir. Sazişə həmçinin əlavə 30 ədəd "Boeing" təyyarəsinin alınması da daxildir.
İki hökumət həmçinin dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı memorandum imzalayıb.
Tramp və İbrahim ikitərəfli münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını elan ediblər. Bunun ikitərəfli əlaqələrdə tarixi irəliləyiş olduğunu bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.