Belarus Litva diplomatına etiraz notası təqdim edib

Belarus Xarici İşlər Nazirliyi Litva səfirliyinin nümayəndəsinə ümumi sərhədin birtərəfli bağlanması ilə bağlı etiraz notası təqdim edib.
Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilən növbəti birtərəfli sərhəd bağlanması ilə bağlı etiraz notası təqdim edilib", - məlumatda bildirilib.
XİN Vilnüsün qərarının Belarus, Litva və Avropa İttifaqı vətəndaşlarının hüquqlarına təsir etdiyini bildirib. Nazirlikdən vurğulanıb ki, Litvanın hərəkətləri Şengen zonasının və bütövlükdə Aİ-nin fundamental dəyərlərindən biri olan hərəkət azadlığının fundamental prinsiplərinə etinasızlıq nümayiş etdirir.
"Biz sıravi insanların siyasi konyukturanın əsirinə çevrildiyi bu cür hərəkətlərin xalq əleyhinə olduğunu dilə gətirməyə məcburuq", - XİN-in mətbuat xidmətindən qeyd edilib.
Bəyanatda həmçinin o da bildirilib ki, Belarus sərhəd nəzarəti məsələləri üzrə dialoqun və praktik əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.