Ana və uşağını zahiri görünüşünə görə təyyarədən qovdular – Foto
Amerikada ana və körpə uşağı üzlərindəki səpkilərə görə təyyarədən qovulub. Hadisə “American Airlines” şirkətinin reysində baş verib.
Bizimyol.info xəbər verir ki, Cordan Fleyk bir yaşlı oğlu Ceksonla birlikdə Dallasa, həyat yoldaşı Kris Fleyklə görüşməyə gedirmiş. Təyyarəyə minik başlanandan sonra salonda bələdçi qadına Cordana yaxınlaşaraq, ondan özünün və oğlunun üzündəki səpkilərin səbəbini soruşub. Daha sonra qadından həkimin uçuşa icazə sənədini istəyib. Qadın ona izah edib ki, özü və oğlu nadir genetik xəstəliklərdən olan ixtiozdan əziyyət çəkir. Bu xəstəlik zamanı dəri quruyur, qabıq verir.
Təyyarə bələdçisi gedib internetdə bu xəstəlik barədə məlumatı oxuyandan sonra geri qayıdaraq, qadından oğlu ilə brilikdə təyyarədən düşməyi tələb edib. Cordanın sözlərinə görə, o, təyyarədən düşəndə digər bələdçi onun ünvanına xoşagəlməz replika səsləndirib.