Aİ 2028–2034-cü illər büdcəsində hərbi xərcləri 200 milyard avronu ötəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcəsində hərbi sahəyə ayrılacaq vəsait 200 milyard avronu ötəcək.
Onun sözlərinə görə, yeni çoxillik maliyyə çərçivəsində hərbi imkanların gücləndirilməsi üçün 131 milyard avro, hərbi mobilliyin artırılması məqsədilə isə 71 milyard avro ayrılması nəzərdə tutulur. Bu vəsait Avropa üzrə yolların, körpülərin və tunellərin ağır hərbi texnikanın və hərbi yüklərin daşınmasına uyğunlaşdırılması və modernləşdirilməsinə yönəldiləcək.
Ursula fon der Lyayen, həmçinin, Aİ-nin üzv dövlətlərin müdafiə xərclərini dəstəkləyən proqramlarını xatırladaraq qeyd edib ki, həmin təşəbbüslər sayəsində 2030-cu ilədək Avropa İttifaqı üzrə hərbi ehtiyaclar üçün ümumilikdə 950 milyard avroya qədər maliyyə vəsaiti cəlb oluna bilər.
Qeyd edək ki, 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə Avropa İttifaqı tarixində hərbi xərclərin ən yüksək səviyyədə nəzərdə tutulduğu ilk büdcə olacaq
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.