AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Seks-agentlər harda və necə yetişdirilir

  • + A
  • - A
  • 19-12-2016, 10:15

    Seks-agentlər harda və necə yetişdirilir




















    2002-ci ilin əvvəlində tanınmış teleaparıcı, müxalifətçi Sergey Kiselyova qarşı Rusiya mətbuatında başlanmış qara piar kampaniyası özünün pik nöqtəsinə qalxır. Müxtəlif saytlar anons verirlər ki, guya ixtiyarlarında Kiselyovun pornokasetləri var. Bəs guya tezliklə bu videogörüntülər geniş tamaşaçı auditoriyasına ötürüləcək.

    Anonsçular öz vədlərinə dönük çııxmırlar. Lazımi vaxtda pornogörüntülər saytlara ötürülərək bütün Rusiya Federasiyasında tirajlanır. Kasetdəki “gecə böcəkləri”ndən birinin - Yelena Stebunovanın, izinə düşən jurnalistlər tezliklə gəlib çıxırlar Moskvadakı Krijanovski küşəsi, ev 32, mənzil 69 ünvanına. Lakin artıq gecdi. Yelenanı əvvəlcə boğub sonra alnına güllə sıxan qatilləri isti-isti aşkarlamaq mümkün olmur.

    Qatillər bu ünvana vaxtlı-vaxtında, jurnalistlər isə çox gec gəlmişlər. Ölümündən azca əvvəl, sən demə, Yelena Stebunova Moskva mətbuatına məlum pornokaset barədə detallı müsahibə verməyə hazırlaşırmış. Videogörüntülərdəki iyrənc sadomazoxizm səhnələrə şərh verməyə razılaşan Yelena kadrlarda vaxtaşırı görünən saqqallı kişinin məhz Kiselyov olduğunu da müsahibəsində təsdiq etməliymiş.

    Ancaq cinayət işini, “qara piar”ı indi saxlamaq mümkün deyil. Jurnalistlər araşdırmalarını davam etdirərək Sergey Kiselyovla əlaqədə olmuş digər xanımların telefon nömrələrini, adreslərini mətbuata ötürməyə başlayırlar. Moskvada əsl vay-şivən qalxır. Həyatını təhlükədə görən bir çox “gecə böcəyi” təcili olaraq şəhəri tərk etməyə məcbur qalırlar.

    ***

    Ancaq, əgər bu qızlar, məşhur Rusiya seks-agenti Anna Çapman kimi, məxfi təlimlərdən keçsəydilər, yaranmış panikaya qapılmaz, öz adi məhəbbət işlərinə sakitcə davam edərdilər. “İş” deyəndə ki, Çapmanın ABŞ-dakı ana hədəfi - Barak Obama administrasiyasındakı yalqız vəzifə sahibləriymiş. Anna Çapman barədə müstəntiqlərə verdikləri səmimi ifadələrində həmin vəzifə sahibləri rus afətinin sərhədsiz seksual temperamentini xüsusi zövqlə qeyd edirdilər.

    Anna Çapman kimi “seksagent” adını qazanmaq isə hər adamın, bağışlayın, hər “gecə böcəyi”nin işi deyil. Deyilənlərə inansaq, Moskvanın bəzi məxfi ünvanlarında sovet zamanında olduğu kimi, indi də sırf peşəkar seks-agentlər hazırlanır. Malaxovka qəsəbəsindəki İdman İnstitutunda gələcəyin “Romeo”ları təlim keçir, “Xarici Dillər İnstitutlarında” isə adamın ağlını başından çıxaran Çapman kimi dünya gözəlləri.
    Təcrübəli əməliyyat işçiləri, 5-7 il ərzində buralarda təhsil alıb sonra real şəraitdə sınaqdan keçirdilirlər. Əsas tələb bir neçə xarici dil bilib cazibədar zahiri görüşə malik olmaqdır. Tədris proqramının əhatə dairəsi zəngindi (məxfi foto və video çəkmək istedadı, izlənmədən yayınmaq bacarığı, mətnləri şifrələyib lazımi ünvana çatdırmaq, hər cür silahdan istifadə etmək və s. və ilaxır).

    Məşhurların seksual instinktləri, sapıntıları, təəssüf ki, həmişə nəzarətdə olub, bundan sonra da olacaq. İsveç Təhlükəsizlik Xidməti “SAPO”nun sabiq şefi Olof Franstedt öz memuarlarında yazır ki, Brejnevin oğlu Yuriy üçün vaxtilə Stokholmda bu cür tələ hazırlanıbmış.
    Britaniyanın Mİ-6 kəşfiyyatının “Enn” adlı seks-agenti, sadəlövh Yuri Brejnevi Stokholmdakı bir eyş-işrət məclisinə sürükləyib gətirməli, soyundurub yatağa salmalı, sonra bütün bu səhnələri lentə almalıymış.

    Ancaq əməliyyat hələ start götürməmiş Yuriy təcili olaraq Moskvaya çağırılır. Sonralar bəlli olur ki, İsveç kəşfiyyatının Stiq Berlinq adlı əməkdaşı, əməliyyatdan xəbər tutunca dərhal onun bütün incəliklərini Moskvaya ötürüb.

    Çağdaş Türkiyədə isə, “seks dosyesi” siyasi həyatın ayrılmaz hissəsinə çevrilib. Dəniz Baykalın siyasi karyerasına son qoymuş “kaset olayı” göstərir ki, Türkiyədə Qərbdəki kimi, seks agentlər dəbdə deyil. Türkiyədə siyasi rəqiblər sadəcə, bir-birilərini aylarla, illərlə güdüb barəsində “dosye” toplayır, “X saatı”nda həmin kompromatı mass-media səhifələrinə ötürürlər.

    ***

    Amma dünyada ad çıxarmış seks-agentlər sırasında ən bacarıqlısı, peşəkarı rus deyil, ingilis deyil, alman deyil, çinlidir. Şi Peypu adlı opera solistidir. Fransızcanı ikinci ana dili kimi bilən seks-agentin casus epopeyası 1964-cü ildə başlayıb. Cazibədar Şi iyirmi yaşlı fransız diplomatı Bernar Bursiko ilə ilk dəfə Fransız səfirliyində keçirilən növbəti milad şənlikləri zamanı görüşür. Əynindəki kişi kostyumunu məcburən geydiyini söyləyən Şi elə ilk baxışından yazıq Bernarın saqqızını oğurlamağa müvəffəq olur. İsrar edir ki, oğul arzusu gözündə qalmış atası uşaqlıqdan ona kişi paltarları geyindirir, kişi kimi böyüdür və s. və ilaxır. Amma özü guya qadındır.

    Tezliklə bu münasibətlər seksual səhnələrlə zənginləşib Bernarı əməlli-başlı valeh edir. Yarıplutonik hisslər Bernara imkan vermir ki, o həqiqəti anlayıb Şi Peypunun qadın yox, kişi olduğunu hiss etsin.

    1965-ci ildə Şi öz fransalı sevgilisinə şad xəbər çatdırır ki, bəs guya hamilədir. Sonra o, bu əfsanəni lap inkişaf etdirib axırda Bursikonu guya öz “oğlu” ilə tanış edir (uşaq, öz doğma valideynlərindən zorla ayrılmış bir uyqur balasıymış). Məxfi informasiya sənədlərinin Çin kəşfiyyatına ötürülməyi ilə müşayiət olunan bu görüşlər əvvəl-axır Fransa əks-kəşfiyyatına məlum olur.

    Cütlük uzun müddət izləndikdən sonra nəhayət 30 iyun 1983-cü ildə həbsə alınır. Dindirmələr zamanı bəlli olur ki, bəs Şi Peypu qadın yox, kişidir, uşaq-zad da doğa bilməz. Bernar bir müstəntiqə baxır, bir qarşısındakı övladına. Sonra qəfil özünü pencərədən küçəyə atıb intihar etmək istəyir. Tezliklə mövzu qəzetlərin manşetlərini bəzəyərək dönür əsl sensasiyaya. Məhkəmə salonu tamaşaçı izdihamını daha öz dar divarları arasına sıxışdıra bilmir. Casus cütlüyü kimi 6 il həbs cəzasına məhkum edilən sevgililəri, bir il sonra Fransa prezidenti Fransua Mitteran öz xüsusi əmri ilə əfv edib azadlığa buraxır. Qazamatdan sonra Parisdə qalıb vətəninə geri dönməmək qərarını verən Şi Peypu çəkilir tənhalığa. 2009-cu ildə müəmmalı şəkildə dünyasını dəyişən Şi Peypu həm də peşəkar qələm sahibi, Çin Yazarlar Birliyinin tanınmış üzvüymüş.

    Uzun müddət bütün dünya mətbuatının marağını özünə cəlb edən bu süjet, axır öz burulğanına kino sənətini də dartmağı bacarır. 1993-cü idə rejissor Devid Kronenberq, əfsanəvi Şi Peypu epopeyasını “Madam Batterflay” filmində əks etdirərək dünya şöhrəti qazanır.

    ***

    Siyasi rəqiblərini sıradan çıxarmaq istəyənlər, seks-agentlərin zəngin təcrübəsindən geniş istifadə edirlər. Misal üçün, Səddam Hüseyni, Ben Ladeni gözdən salmaq naminə Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, hətta onların oxşarlarından istifadə etməyi planlaşdırırmış. Çəkiliş, deyilənə görə, Hollivud pavilyonlarında səhnələşdirilib lentə alınmalıymış. Aktyorlar, qrim otaqlarından çıxıb videkameralara tərəf gedərkən qəfil “yuxarılardan” zəng gəlib. Telefon dəstəyini ağzına sıxan anonim məmur rejissora deyib ki, daha bəsdi, bu ağ oldu lap, çəklişləri yarıda qoyub evlərinizə dağılışın.

    Aktyorluq, seks-agentlərin əsas vurucu silahlarından biridir, ancaq əsası deyil. Əsas hədəf, düşməni qətlə yetirməkdi. Seks-agentlər bu cür məxfi əmrləri həyata keçirərkən həmişə yüksək peşəkarlıq nümayiş etdiriblər. Bunun ən qədim nümunələrindən birinə yəhudi salnamələrində rast gəlinir. Assuriya hökmdarı, qaniçən Olefernin əlindən təngə gələn yəhudilər, axır qərara gəlirlər dünya gözəli Yudifi gecəyarısı onun çadırına göndərsinlər. Yəhudi gözəli, Olifernə səhərəcən kef verib, axır onu şil-küt salır. Görəndə Olifern yuxulayıb, qılıncı əlinə alıb başını kəsir. Qoltuğundakı məşum qənimətlə özünkülərinin düşərgəsinə qayıdıb tapşırığı can-başla həyata keçirir.

    İndi, həmin “Yudif” kodlu seks-agentlər, deyilənə görə, Mossad casuslarının 20 faizdən çoxunu təşkil edir. Agentlər kimin desən, hətta ölkə prezidentlərinin yatağına belə girə bilərlər. Seksdə “dur!” nədi bilməz, ancaq lap axırda öz sevgililərini mütləq qətlə yetirərlər. Belə Yudiflərdən birinin - Monika Levinskinin toruna düşmüş ABŞ prezidenti Bill Klinton, hələ yaxşı qurtarıb. Tale, onu Olifernin acı aqibətindən deyəsən özü qoruyub. O vaxtlar, demokratların bu xarizmatik lideri Yaxın Şərqdə sülh prosesini körükləmək, İsrail və Fələstin liderlərini bir masa arxasında əyləşdirmək istəyirdi. Ağ Ev əməkdaşları, Fələstin lideri Yasir Ərəfatı o vaxtlar Klintonun qapısı önündə tez-tez görərmişlər. Mərhum Ərafat, saatlarla dəhlizdə oturub qapının açılacağı vaxtı səbirsizliklə gözləyirmiş.

    Acı səhnəni təəssüf hissiylə izləyən məmurlar adətən bu vaxt bir-birinin qulaqlarına pıçıldayarmışlar: “İçəridəki görünür Monika Levinskidi. Prezidentimizə mane olmayaq. Yazıq Ərafat, deyəsən bu gün, əvvəlkindən çox sürdü Klintonun seks naharı...”

    ***

    Azərbaycanda oxşar olaylar hələ ki dünya standartları, təcrübəsi səviyyəsində görünmür mənə. Bizdə bu sahə məxfi qurumlardan çox dələduzların at oynatdığı bir sahədir. Ötən günlər “seks kasetləri”ni əlində bayraq edib bəzi məmurları şantaj edən mütəşəkkil cinayətkar dəstə üzvləri - qondarma jurnalistlər həbs edilib. Hadisəyə aidiyyəti qurumların deyil, MTX-nin müdaxiləsi, düzü, ictimaiyyətdə təəccüb hissi doğurub. Cavabsız suallar göydə qalıb. Hadisədən, düzü, gözüm su içmir mənim.

    O ki qaldı Eldar Mahmudovun ixtiyarındakı 2700 seks kaset söhbətlərinə, onların yerini məncə indi Elşad Abdullayev yaxşı bilər.

    Hələlik bu qədər.

    Həmid Herisçi
    Yeni Müsavat


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR