“ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verəcək”
Əli Əliyev: “Azərbaycan Qərb-Türkiyə ilə Rusiya-İran arasında seçim etmək məcburiyyətində qalacaq”
Dünən Türkiyədə keçirilən referendum, bütövlükdə bu ölkədə baş verən siyasi proseslər Azərbaycanda da diqqətlə izlənməkdədir. Maraqlıdır, bəs qardaş ölkədə baş verən siyasi proseslər hansısa formada ölkəmizə də təsir göstərə bilərmi?
Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev Türkiyədəki proseslərin Azərbaycana da təsir göstəcəyini vurğuladı:
“Türkiyə Azərbaycana həledici təsirə malik azsaylı dövlətlərdəndir. Sözsüz ki, orada baş verən miqyaslı hadisələr Azərbaycana təsir göstərir. Referenduma gəldikdə, onun nəticələri yəqin ki, təşəbbüs müəllifi AK partinin xeyrinə olacaq. Bu baxımdan Türkiyə iqtidarının mövqeləri daha da möhkəmlənəcək. Referenduma qədər də YAP hakimiyyəti ilə hakim Türkiyə komandası dözümlü münasibətlərdə idilər. Hansısa kardinal dəyişikliyin olacağını düşünmürəm.
Türkiyə-Azərbaycan münasibətlərinə ciddi təsir ABŞ-ın yeni siyasətindən gələ bilər. ABŞ fikrimcə, bölgədə Türkiyənin rolunun artmasına çalışacaq. Tramp administrasiyasının, xüsusən referendumdan sonra, Ərdoğana münasibəti ilıqlaşacaq. Fətulla Gülənin təhvil verilməsini görürəm. Rusiya- Türkiyə münasibətləri soyuyacaq. Azərbaycan Qərb-Türkiyə ilə Rusiya-İran arasında seçim etmək məcburiyyətində qalacaq. O zaman iki qardaş xalqın iqtidarlarının münasibətləri imtahana çəkiləcək. Təəssüf edirəm ki, Azərbaycan iqtdarı Türkiyə ilə strateji və dərin deyil, taktiki və situativ əlaqələrə malikdir”.