İrəvan Zvartnots Beynəlxalq Hava Limanında Avstraliyaya bağlama göndərmək istəyərkən iri partiya tiryək aşkarlanıb. Ötən gün gömrük nəzarəti zonasında daxil olan əməliyyat məlumatının yoxlanılması zamanı İran vətəndaşının tapşırığı ilə Ermənistandan Avstraliyaya göndərilən poçt bağlamasına baxış keçirilib. Baxış zamanı qeyd olunan yükün içərisindən ümumi çəkisi 3 kiloqramdan çox olan, ehtimal ki, tiryəklə isladılmış süngərlər olan 6 ədəd dəri çanta aşkar edilib. Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin və “Haypost” QSC-nin mühafizə xidmətinin əməkdaşları bağlamanı göndərənin – İran vətəndaşının şəxsiyyətini müəyyən ediblər. O, aşkar edilərək əməliyyatçılara təhvil verilib, daha sonra saxlanılıb. Əcnəbinin yaşadığı mehmanxanada axtarış zamanı daha 7 ədəd süngərli, ümumi çəkisi 3,5 kq-dan çox olan, ehtimal ki, tiryəklə isladılmış eyni dəri çanta aşkar edilib. Faktla bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 399-cu maddəsi ilə cinayət işi başlanıb. İddia edilən cinayətdə şübhəli bilinən və ya təqsirləndirilən şəxs Ermənistanın Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun təqsiri sübuta yetirilməyənə qədər təqsirsiz sayılır.