Moskvanın Ukraynanın mülki infrastrukturuna hava hücumlarını bərpa etdiyi bir vaxt, yanvarın 4-də səhər saatlarında Rusiyanın işğal etdiyi Krım yarımadasındakı Belbek hərbi aerodromunun yaxınlığında partlayışlar baş verdiyi bildirilib.
Sevastopolun Rusiya tərəfindən təyin edilmiş rəhbəri Mixail Razvojayev Telegram kanalında Ukraynanın iki pilotsuz təyyarəsinin Rusiya qüvvələri tərəfindən vurulduğunu yazıb. AzadlıqRadiosu bu xəbəri təsdiq edə bilməyib.
Belbekdə Rusiya Hərbi Hava Qüvvələrinin 38-ci qırıcı alayı yerləşir. Aerodrom 2022-ci ilin avqustunda dronla hədəfə alınmışdı. O vaxtdan bəri Krımda hava hücumundan müdafiə sistemləri müntəzəm olaraq aktivləşdirilib. İşğal edilən yarımadanın başçısı Sergey Aksyonov dron hücumlarının bölgədə "əsas təhlükə" olduğunu deyib.
Ukrayna Baş Qərargahının yanvarın 4-də bildirdiyinə görə, əksəriyyəti Kramatorsk, Zaporijye və Xerson olmaqla, Rusiya mülki infrastrukturu hədəf alan onlarla hava və raket zərbələri endirib. Ölkənin bir çox yerində gecə hava hücumu sirenləri eşidilib.
Rusiya oktyabr ayından bəri Ukraynanın enerji sisteminə qarşı intensiv hava hücumları həyata keçirir və bu, geniş miqyasda işıqların kəsilməsinə, istilik və su çatışmazlığına səbəb olub.
Bundan əlavə, Ukrayna tərəfi Donetsk və Luhanskın qismən işğal olunmuş şərq rayonlarının bir neçə bölgəsində döyüşlərin getdiyini bildirib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.