AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropaya gedənlər üçün kritik tarix: Bu gündən sərhəddə vəziyyət dəyişir

  • + A
  • - A
  • Bu gün, 11:23

    Avropaya gedənlər üçün kritik tarix: Bu gündən sərhəddə vəziyyət dəyişir

    Şengen bölgəsinə səfər edən milyonlarla insanı əhatə edən yeni sərhəd sistemi ilə bağlı mühüm mərhələ başa çatır. Giriş-Çıxış Sistemində (EES) sərhədlərdə yaranan sıxlığın qarşısını almaq üçün tətbiq olunan müvəqqəti çeviklik sentyabrın 6-da başa çatacaq.

    EES Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına giriş və çıxışlarını rəqəmsal şəkildə qeydə alır.

    Aprelin 10-dan tətbiq olunan sistem çərçivəsində sərnişinlərin şəxsi məlumatları, üz görüntüləri və barmaq izləri elektron bazaya daxil edilir. Sistem İrlandiya və Kipr istisna olmaqla Aİ ölkələrində, eləcə də İsveçrə, İslandiya, Lixtenşteyn və Norveçdə fəaliyyət göstərir.

    Sərnişinin biometrik məlumatları Şengen zonasına ilk giriş zamanı qeydə alınır. Qısamüddətli Şengen vizası olan şəxslərdən barmaq izləri yenidən götürülmür. Çünki bu məlumatlar viza müraciəti zamanı artıq sistemə daxil edilib. 12 yaşdan kiçik uşaqlar isə barmaq izi prosedurundan azaddır.

    Yeni sistemin tətbiqi sərhədlərdə gözləmə müddətinə də təsir edib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, əvvəllər 20-25 saniyə çəkən pasport nəzarəti EES-dən sonra orta hesabla 90 saniyəyə qədər uzanıb.

    Bəzi böyük Avropa hava limanlarında növbələr daha da artıb. Frankfurtda iyul ayında orta gözləmə müddəti 60 dəqiqədən 120 dəqiqəyə, Münhendə 31 dəqiqədən 60 dəqiqəyə yüksəlib. Amsterdam Hava Limanında isə maksimum gözləmə müddəti 80 dəqiqədən 120 dəqiqəyə çatıb.

    Uzun növbələrin qarşısını almaq üçün sərhəd keçid məntəqələrinə müəyyən müddət ərzində əlavə çeviklik imkanları verilib. Lakin bu müddət sentyabrın 6-da başa çatır.

    IATA sıxlığın azaldılması üçün mövcud tədbirlərin qış uçuş cədvəlinin sonuna qədər uzadılmasını istəyib. Təşkilat sərhədlərdə texniki infrastrukturun gücləndirilməsini, avtomatlaşdırılmış keçid məntəqələrinin sayının artırılmasını və kifayət qədər işçi heyətinin cəlb edilməsini vacib hesab edir.

    Avropa Komissiyası isə sentyabrın 1-də bildirib ki, EES yay dövründə ümumilikdə normal fəaliyyət göstərib. Bununla belə, bəzi sərhəd keçid məntəqələrində əlavə tədbirlərə ehtiyac yaranıb.

    EES-in digər əsas funksiyası sərnişinlərin Şengen ərazisində icazə verilən qalma müddətinə əməl edib-etmədiyini izləməkdir. Müddəti aşan şəxslərlə bağlı məlumatlar sistemdə qeydə alınacaq.

    Şengen zonasına girişi rədd edilən şəxslər barədə də elektron qeyd yaradılacaq. Bu məlumatlar sonrakı sərhəd keçidlərində və mümkün viza müraciətləri zamanı nəzərə alına bilər.

    Diplomatlar, uzunmüddətli viza sahibləri və yaşayış icazəsi olan şəxslər də daxil olmaqla müəyyən kateqoriyalar isə EES-in tətbiqindən azaddır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR