İşğal altındakı Qarabağda ermənilərin etiraz aksiyaları — Tələb istefadır
Azərbaycanın işğal altında olan Xankəndi şəhərində qondarma rejimin kəşfiyyatçısının iştirakı ilə baş verən davanın ədalətli araşdırılması tələbi ilə mitinq keçirilib.
Müxalif partiyanın üzvü Tiqran Qriqoryan sosial şəbəkədəki hesabında separatçıların xüsusi təyinatlısının Xankəndinin mərkəzində iki vətəndaşı döydüyünü yazıb. Döyülənlər xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, kütləvi dava ilə bağlı 15 nəfər saxlanılıb. Bundan sonra zərərçəkənlərin yaxınları günahkarların cəzalandırılması üçün aksiya keçirib.
Qriqoryan yazıb ki, ötən gün başlayan mitinq bu gün də davam edib. “Tələb – güc strukturları rəhbərlərinin istefasıdır”, - Qriqoryan yazıb.
Onun sözlərinə görə, baş verən hadisə ilk dəfə deyil. Xankəndidə vaxtaşırı olaraq belə özbaşınalıqlar baş verir.
Qeyd edək ki, Xankəndidə kütləvi dava baş verdiyi haqda məlumat yayılmışdı. Kütləvi dava mülki vətəndaşlarla separatçı rejimin “milli təhlükəsizlik xidməti”nin əməkdaşları arasında olmuşdu.