“Arsrun Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirməyə davam edir” — Vaqif Dәrgahlı
“Müdafiə nazirlərini əlcək kimi dəyişən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan özünün sarsaq və yersiz şərhləri ilə insanları təəccübləndirməkdən vaz keçmir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı Azərbaycan ordusu tərəfindən Naxçıvan cəbhəsində 11 min hektar ərazinin azad olunması ilə bağlı A. Ovannisyanın sözlərinə münasibət bildirərkən deyib.
“Lakin bu dəfə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi qeyri-ixtiyari olaraq Azərbaycan müdafiə naziri haqqında həqiqəti söyləyərək onu xilaskar adlandırıb. Bəli, Azərbaycan ordusu xilaskar və öz torpaqlarının qoruyucusudur. Düşməndən fərqli olaraq, bizim başqasının torpağında gözümüz yoxdur. Bununla yanaşı, biz öz torpaqlarımızı işğal altında qoymayacağıq. Azərbaycan ordusunun xilaskar əsgərinin qədim Azərbaycan ərazilərindən sonuncu işğalçını da çıxarıb atacağı gün uzaqda deyil”, - deyə V. Dərgahlı bildirib.