ABŞ mətbuatı: "Ermənistan Dağlıq Qarabağı işğal edib və indi orada yaşayanlar aclıq içindədir"
ABŞ-ın populyar "Daily Caller" portalı Raul Kontrerasın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsini dərc edib.
Report xəbər verir ki, yazıda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən Tərtər rayonunun Qapanlı kəndi və ermənilərin kənd sakinlərinə yaratdığı çətinliklər barədə məlumat verilib.
"Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı hərbi yolla işğal edib. Eyni zamanda həm Ermənistanın özündə, həm də Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında etnik təmizləmə aparıblar. Bundan sonra onlar orada 25 il ərzində heç kim tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası" yaradıblar. ATƏT-in himayəsi altında 25 ildir yaradılan atəşkəs rejiminə baxmayaraq, ermənilər Rusiya silahlarının vasitəsilə Azərbaycan ərazilərini atəşə tutmağa davam edirlər", - müəllif qeyd edib.
Məqalədə bildirilib ki, Ermənistanın işğalı nəticəsində bir milyon azərbaycanlı qaçqın düşüb və onların bir hissəsi üçün Tərtər rayonunun Qapanlı kəndi ərazisində yeni qəsəbə salınıb: "Ermənilərin daha bir insanlığa sığmayan hərəkəti dağlardan Tərtər rayonuna axan çayların qarşısını kəsmək olub. Müharibə zamanı Tərtər rayonunun suvarma sistemi məhv edilmişdi. Azərbaycan hökumətinin səyləri sayəsində, 4000 quyu qazılıb və indi Tərtərdə kənd təsərrüfatı inkişaf edir. Bunun qarşılığında isə Dağlıq Qarabağda təpələrin o biri tərəfində olan ermənilər özlərini dolandıra bilmir və məcbur qalıb Ermənistandan və ya Rusiyadan ərzaq almalı olurlar".
R.Kontreras məqaləsində ermənilərin kəndi daim atəş altında saxladığını yazıb və vurğulayıb ki, uşaqlar güclü atışma olanda sığınacaqlara qaça bilmək üçün ayaqqabı ilə yatmaq məcburiyyətindədirlər.