Başçının 1 milyonluq bazarı: İcra nümayəndələri göyərti satır - FOTOLAR
Goranboy İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev rayonda özü üçün ticarət mərkəzi tikdirib. Bu barədə Qaynarinfo.Az-a rayondakı mənbə məlumat verib.
Mənbə bildirir ki, ticarət mərkəzinin tikintisi 1 milyon manata başa gəlib. Ticarət obyekti başqa bir şəxsin adına rəsmiləşdirilsə də, onun əsl sahibi icra başçısı Nizaməddin Quliyevdir.
Məlumata görə, icra başçısı hər həftənin şənbə və bazar günləri kənd icra nümayəndələrini məcbur edir ki, kənd təsərüfatı maallarının satışını onun bazarında təşkil etsinlər. Hətta belə göstəriş verilib ki, hansı kənddə ticarət mərkəzinə gətirmək üçün məhsul yoxdursa, rayonun mərkəzi bazarından alıb bura gətirsinlər. Burda məqsəd alıcı axınının Nizaməddin Quliyevin ticarət mərkəzinə yönəlməsidir.
Aşağıda sizə təqdim etdiyimiz fotolarda da bazarda satıcı qismində rayonun kənd icra nümayəndələri görəcəksiniz. Yəqin ki, dünyada ikinci belə bazar çətin tapıla. Necə deyərlər, bu, məhz analoqu olmayan bazardır.
Mənbə onu da bildirir ki, rayon əhalisinin icra başçısına münasibəti heç də yaxşı deyil. Bu səbəbdən də sakinlər onun ticarət mərkəzinə gəlmək istəmir. Amma digər bazarlara yaradılan süni maneələr insanların məcburi şəkildə başçının bazarına üz tutmasına səbəb olur.
Bundan başqa icra başçısı bütün məmurlara evlərinə bazarlığı məhz onun bazarından etməyi tapşırıb. Hətta rayonda fəaliyyət göstərən restoran və şadlıq saraylarına, digər iaşə obyektlərinə də belə bir tapşırıq verilib.
Məlumatda həmçinin qeyd olunur ki, ticarət mərkəzinə Nizaməddin Quliyevin baldızı nəzarət edir.