Etibar Pirverdiyevin qohumu ADNSU-da yeni rektora “meydan oxuyur” – “Kimi təyin etsəniz də kafedranı mən idarə edəcəm”
Ölkədə başa vermiş enerji böhranı nəticəsində vəzifəsindən azad edilən “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevin adı hələ də bir sıra qanunsuzluqlarda hallanır. Üstəlik, E.Pirverdiyevdən sonra onun bəzi kadrları haqqında da xoşagəlməz informasiyalar səslənməkdədir
Bu kadrlardan biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İstilik Energetika” kafedrasının keçmiş müdiri Kamal Abdullayevdir.
Bu haqda redaksiyamıza etibarlı mənbədən informasiya daxil olub. Məlumata əsasən, Mustafa Babanlı sözügedən ali məktəbə rektor təyin olunduqdan sonra Etibar Pirverdiyevin yaxın qohumu olan Kamal Abdullayevi vəzifəsindən azad etsə də, o, hazırda kafedranın fəaliyyətini iflic etməkdədir. Hətta onunla bərabər qızı Gülşən Adullayeva, yaxın qohumları Ağamalıyev Muxtar və Məmmədbəyova Rəhilə (ər-arvad), Rəhimov Fəxrəddin - Rəhimova Təranə (ər-arvad) kafedranın fəaliyyətinə ciddi problemlər yaradırlar.
Mənbə bildirir ki, rektor Mustafa Babanlı kafedraya heç bir müdaxilə edə, tapşırıq belə, verə bilmir. Çünki, tapşırıq verilsə də, Kamal Abdullayev onun icrasına imkan vermir, maneçilik törədir.
Hətta o, Etibar Pirverdiyevin köməkliyi ilə yaxın adamı Babayev Ata Manaf oğlunun prorektor olmasına da nail olub.
Qeyd edək ki, Kamal Abdullayev başda olmaqla, onun adı keçən bəzi qohumları ADNSU ilə bərabər başqa, yerlərdə də işləyirlər. Məsələn, K.Abdullayevin özü “Azərenerji”də məsləhətçi işləyir. Kamal Abdullayevin qohumu və kafedranın əməkdaşı Fəxrəddin Rəhimovun şəxsi mətbəəsi var (rəsmi olaraq başqa şəxsin adınadır), qızı Gülşən Abdullayeva bacısı ilə ortaq travel şirkəti işlədir və şirniyyat mağazası var.
Bütün bunlarla bərabər Mustafa Babanlıya tabe olmayan və “İstilik Energetika” kafedrasının işini iflic vəziyyətə salan Kamal Abdullayev və yuxarıda adları qeyd edilən şəxslər öz işlərini davam etdirirlər.
Yeri gəlmişkən, Kamal Abdullayev uzun illər (45 il) kafedra müdiri olaraq çalışsa da, qətiyyən vəzifədən getməsini qəbul edə bilmir. Dəfələrlə prorektor Ata Babayev vasitəsilə dolayısı ilə rektora xəbər göndərib ki, “kimi təyin etsəniz də kafedranı mən idarə edəcəm”.
Mənbə deyir ki, əslində Kamal Abdullayevin heç bir elmi biliyi yoxdur. Bütün elmi işləri əvvəllər kafedrada işləmiş yəhudi və ermənilərin işləridir. Bu gün isə kafedranın professoru Muxtar müəllimin yazdığını özəlləşdirir. Hətta 20 ildən çox latın qrafikasına keçilməsinə baxmayaraq, bu adam latın hərflərini tanımır, jurnalı tələbə və lobarantlara yazdırır. Komputerdən istifadə edə bilmir və universitet elektron jurnal sisteminə keçməsinə baxmayaraq, öz qeydlərini elektron jurnalda başqa şəxslərə yazdırdır. Kafedrada 8 iş saatı olsa da, K.Abdullayev səhər saat 8-də işə gəlib, 11-də gedir. Kafedra üçün faydalı heç bir iş görmür.
Prorektorlardan biri və kafedrada müəllim olan Ata Babayev hər səhər onun yanına gələrək, rektoratlıqda baş verən hadisələr haqqında məlumat verir. Kamal Abdullayev isə onu təlimatlandırır.
Məlumata əsasən, Ata Babayev universitetin tərbiyə işləri üzrə prorektorudur. Əvvəllər adı laboratoriyada adi işçi kimi gedib. Kamal Abdullayevin yaxın adamı olduğundan uzun müddət işə gəlməyib, ev maklerliyi ilə məşğul olub. Yeni rektor təyin olunana qədər 2 semestr dosent vəzifəsini daşıyaraq, Rusiya bazarlarında alver edib. Lakin sessiya vaxtı imtahan rüşvətini yığmağa gəlmişdir.
Mənbə Ata Babayev haqqında bunları deyir: “Savadsız biridir. Bunu bütün universitet bilir. Kamal Abdullayevin imtahanlarının pulunu o, yığıb və əlaltısı olub. Prorektorluğundan istifadə edərək, ona ayrılan tədris yükünü başqalarına həvalə edir”.
Bildirilir ki, keçmiş dekan Yusif Cəbiyev də yeni kursa əks gedənlərdir. Bu haqda məlumat verən mənbə deyir: “Yusif Cəbiyev ixtisasca fizikdir. İxtisasa aid dərsləri özü apara bilmir. Kamal Abdullayevin, dolayısı ilə Etibar Pirverdiyevin dəstəyi ilə 7 il Energetika fakültəsinin dekanı olub. Amma dekan olduğu müddətdə dərslərini digər müəllimlər aparıb.
Sağlamlığı müəllim işləməyə imkan vermir. 2018-ci ilin mart və aprel aylarında işə gəlməyərək, gözündən əməliyyat olduğunu bildirmişdir. Qulaqları zəif eşidir. Əsəbləri də çox tez-tez pozulur. Buna görə də tələbələrlə çox kobud rəftar edir. Tələbələr dəfələrlə rəftarına görə Yusif Cəbiyevdən dekanlığa şikayət etmişdir.
Kompüterdən istifadə edə bilmir. Elektron jurnalı özü doldurmağa qadir deyil və yeni metodika ilə dərs keçə bilmir”.
Kamal Abdullayevin qızı Gülşən Abdullayeva da tələbəlik illərindən indiyə qədər atasının himayəsi ilə kafedrada heç kimə tabe olmayıb. Bu haqda məlumat verən mənbə bildirir: “Atası kafedra müdri olan müddətdə travel şirkəti və digər biznesi ilə əlaqədar Gülşən Abdullayevanın dərs yüklərini başqaları aparıb. Universitetdə hər hansı bir xoşagəlməz durum olan kimi, Amerika səfirliyindən sığınacaq istəyəcəyi ilə hədə-qorxu gəlir. Qətiyyən dərs demək iqtidarında deyil. Auditoriyanı idarə edə bilmir. Savadı yoxdur. Ən böyük rüşvət alan müəllimlərdən biridir. Azərbayncanca düzgün danışa bilmir. Bununla belə, kafedra müdirliyinə iddialıdır”.
“İstilik Energetika” kafedrasında Kamal Abdullayevin “sağ əli” hesab olunan Fəxrəddin Rəhimovun isə 25 ildir elmi işini müdafiə edə bilmədiyi vurğulanır: “Kafedralar birləşdikdən sonra, Kamal Abdullayev pul müqabilində müdafiəsini təmin etmişdir. Bundan sonra dosent vəzifəsinə keçirilmişdir. 5 ildən çoxdur ki, bu vəzifəni daşımağına baxmayaraq, hələ də müsabiqədən keçərək, dosent diplomu ala bilmir. Elmə qəti meylli olmayan adamdır. Ehtiyat variant kimi bu vəzifədən istifadə edir, şəxsi biznes ilə məşğuldur. Həyat yoldaşı laborantlar arasında, özü isə müəllimlər arasında Kamal Abdullayevin göstərişi ilə rektora qarşı kampaniya qurur”.(muxalifet.az)