MBA (Master of Business Administration) proqramı dünyada ən çox tələb olunan magistr proqramlarından biridir və əsasən menecment, biznes strategiyaları, maliyyə, insan resursları və marketinq sahələrində peşəkar biliklər qazandırır.
Lakin Azərbaycanda magistr imtahanlarında az bal toplayan tələbələrin çoxunun MBA proqramını seçməsi artıq bir tendensiyaya çevrilib. Bu isə MBA təhsilinin həqiqi məqsədini və onun kimlər üçün uyğun olduğunu müzakirə etməyi vacib edir.
Modern.az-a mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, MBA proqramı əsasən iş dünyasında rəhbər və idarəetmə vəzifələrində çalışmaq istəyən şəxslər üçün nəzərdə tutulub.
"Dünyanın aparıcı universitetlərində MBA proqramına qəbul üçün yalnız akademik göstəricilər deyil, həm də iş təcrübəsi, liderlik qabiliyyəti və strateji düşünmə bacarıqları tələb olunur. Harvard Business School, Wharton School və Stanford Business School kimi nüfuzlu MBA proqramlarına qəbul olan tələbələrin böyük əksəriyyəti minimum 2-5 illik iş təcrübəsinə malikdirlər. Bu təcrübə onların proqramın praktiki yönümlü təlimlərinə daha effektiv şəkildə qoşulmasına və real biznes problemlərini həll etmə bacarığını inkişaf etdirməsinə kömək edir.
Azərbaycanda isə MBA proqramına qəbul üçün belə tələblər yoxdur və çox zaman bakalavrdan birbaşa MBA-ya keçid edilir. Bu, MBA-nın əsas məqsədindən uzaqlaşmasına səbəb olur. MBA proqramının əsas mahiyyəti yalnız nəzəri biliklər öyrətmək deyil, həm də real biznes problemlərini həll etmək üçün tələbələrə praktiki bacarıqlar qazandırmaqdır. İş təcrübəsi olmadan MBA proqramına daxil olan şəxslər bu proqramın təqdim etdiyi dərin analitik və strateji bacarıqları tam mənimsəyə bilmirlər. Məhz bu səbəbdən, dünyanın bir çox aparıcı universitetlərində iş təcrübəsi olmayan tələbələr üçün fərqli proqramlar (MSc in Management və ya MSc in Business Analytics kimi) təklif olunur.
MBA təhsilinin ən böyük üstünlüklərindən biri şəbəkələşmə (networking) imkanlarıdır. MBA tələbələri adətən müxtəlif sahələrdə çalışan peşəkar şəxslərlə bir araya gəlir və bu onların gələcək iş imkanlarını artırır. Məsələn, ABŞ və Avropada MBA proqramlarının məzunları üçün xüsusi biznes görüşləri, investor forumları və startaplar təşkil edilir. Lakin Azərbaycanda MBA təhsili alanların çoxu təcrübəsiz olduğu üçün bu cür imkanlardan tam yararlana bilmirlər".
Təhsil eksperti onu da bildirib ki, Azərbaycanda MBA məzunlarının əmək bazarında rəqabət qabiliyyəti çox zəifdir. İnkişaf etmiş Qərb ölkələrində MBA məzunlarının orta illik maaşı 175.000 ABŞ dolları olsa da, ölkəmizdə Abu proqramı bitirdikdən sonra yüksək maaşlı vəzifələr tapmaqda çətinlik çəkirlər. Nəticədə, MBA-nın real dəyəri azalır və yalnız akademik bir göstərici olaraq qalır:
"MBA proqramının önəmini artırmaq üçün Azərbaycanda qəbul qaydalarında müəyyən dəyişikliklər edilməlidir. İlk növbədə, MBA proqramına qəbul üçün minimum iş təcrübəsi tələbi qoyulmalı və proqramın məzmunu daha çox praktiki yönümlü olmalıdır. Bununla yanaşı, yerli universitetlərdə MBA proqramları beynəlxalq səviyyədə akkreditasiya olunmalı və nüfuzlu xarici universitetlərlə əməkdaşlıq çərçivəsində tədris metodları yenilənməlidir.
MBA təhsilini əsasən iş həyatında müəyyən təcrübə qazanan, biznes idarəçiliyində irəliləmək istəyən və gələcəkdə rəhbər vəzifələrdə çalışmaq arzusunda olan şəxslər almalıdır. Əgər məqsəd yalnız magistr diplomu əldə etmək və ya akademik bilikləri artırmaqdırsa, daha uyğun ixtisaslar (məsələn, iqtisadiyyat, maliyyə, idarəetmə elmləri üzrə magistr proqramları) seçilməlidir. MBA proqramı praktik yönümlü olduğu üçün təcrübəsiz şəxslər üçün nəzərdə tutulmayıb və bu sahəyə yalnız real biznes problemlərini həll etmək istəyən şəxslər yönəlməlidir".
"Azərbaycanda MBA təhsilinin populyarlığının artması sevindirici haldır, lakin onun keyfiyyətinin artırılması və həqiqi məqsədinə uyğun insanlara yönləndirilməsi üçün ciddi islahatlara ehtiyac var. Əks halda, MBA proqramları dəyərini itirə bilər və əmək bazarında gözlənilən üstünlükləri təmin edə bilməz",- deyə sonda Kamran Əsədov qeyd edib.