Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 27-də Romaya rəsmi səfər edəcək.
Səfər çərçivəsində o, İtaliyanın Baş naziri Corca Meloni ilə görüşəcək və daha sonra Vatikan şəhərində Roma Papası XIV Leo tərəfindən qəbul olunacaq.
“Magyar Nemzet” qəzetinin məlumatına görə, Orban ilə Pontifikin görüşündə əsas müzakirə mövzularından biri Ukraynada gedən müharibənin sülh yolu ilə həlli olacaq. Vatikan da Macarıstan kimi münaqişənin diplomatik yollarla sona çatdırılmasının tərəfdarıdır.
Qəzet yazır ki, görüş Ukrayna müharibəsi, sülh prosesi və xristian dəyərləri mövzularına həsr olunacaq. Bu, Viktor Orbanın Papa XIV Leo ilə ilk şəxsi görüşü olacaq.
Macarıstanın hökumət başçısı bundan öncə də Vatikanla sıx əlaqələr saxlayıb. O, Papa XIV Leo-nun sələfi Papa Fransisklə bir neçə dəfə görüşüb. Xatırladaq ki, Papa Fransisk 2023-cü ildə Macarıstana apostol səfəri etmişdi.
Macarıstan mediasının yazdığına görə, Orbanın İtaliyanın Baş naziri Corca Meloni ilə münasibətləri digər Avropa İttifaqı liderləri ilə müqayisədə daha yaxın və səmimidir. Hər iki lider bir sıra məsələlərdə Brüsselin rəsmi mövqeyindən fərqli, daha mühafizəkar yanaşma sərgiləyir.
Görüşdə Ukrayna məsələsinin də əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.