Miqrant siyasətini sərtləşdirən Avropa İttifaqı bu sahədə yeni reqlamentin müzakirəsində kompromis əldə edib. Məlumata görə, Avropa Parlamenti, Avropa Komissiyası və Aİ ölkələrinin nümayəndələri İttifaq ərazisində sığınacaq verilməyən, ancaq vətənlərinə göndərilə bilməyən miqrantların deportasiyasını sadələşdirən yeni qaydalarla bağlı ilkin razılığa gəliblər. Bundan sonra həmin şəxslər üçün üçüncü ölkələrdə qalma mərkəzləri yaradılacaq.
Məsələ ilə bağlı qurumun mətbuat üçün yaydığı açıqlamada Kipr Respublikasının miqrasiya üzrə nazir müavini Nikolas A. İoannidisə istinadən vurğulanıb ki, yeni reqlament mühacirlərin geri qaytarılması prosesini sürətləndirəcək, habelə Aİ-də qanuni qalma hüququ olmayan, geri qaytarılan şəxslərin sayı artacaq: "Bu prosesin qısa müddətdə tamamlanması bütöv miqrasiya sistemi çərçivəsində miqrantların effektiv geri qaytarılması haqqında Aİ qaydalar toplusunun yaradılmasına sadiqliyi əks etdirir".
Deportasiya mərkəzlərinin yaradılmasını, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini bir sıra İttifaq ölkəsi, o cümlədən Almaniya, Avstriya, Danimarka da dəstəkləyib. Məlumata görə, Aİ-nin bu istiqamətdə gələcək tərəfdaşları Qazaxıstan, Özbəkistan, Ruanda və Uqanda ola bilər.
Başqa sözlə İttifaq ərazisində qalmaq icazəsi olmayan şəxslər üçün qurum bu ölkələr ərazisində deportasiya mərkəzləri yaratmağı nəzərdən keçirir.
Məlumata görə, üçüncü ölkələrdəki deportasiya mərkəzləri ilə bağlı danışıqlar son mərhələdədir. Fransa və Almaniya, həmçinin Avropa Parlamentinin nümayəndələri onların tez bir zamanda fəaliyyətə başlamasını tələb ediblər. Ancaq Aİ-nin başqa ölkələri öz qanunlarını yeni normalara uyğunlaşdırmaq üçün bir illik möhlət verilməsinə nail olublar.
Yeni qaydalara əsasən, Aİ ərazisini tərk etməkdən imtina edən miqrantlar həbs ediləcək. Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə üçün yeni mümkün tədbirlər arasında müavinət ödənişlərinin azaldılması, yaxud tamamilə dayandırılması da var.
Avropa Parlamenti və Aİ-yə üzv ölkələrin yaxın həftələrdə yeni reqlamenti yekun olaraq təsdiqləyəcəkləri gözlənilir.
Bunun formal xarakter daşıdığı da iddia olunur. Çünki 2026-cı ilin martında Avropa İttifaqının miqrasiya siyasətini əhəmiyyətli dərəcədə sərtləşdirən təşəbbüsü Avropa Parlamentinin vətəndaş azadlıqları, ədalət və daxili işlər komitəsi təsdiqləyib. Mayın sonunda isə üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasını Avropa Parlamenti və Aİ ölkələrinin nümayəndələri razılaşdırıblar.
Qeyri-hökumət təşkilatları yeni reqlamentə etiraz edir. Onlar insan hüquqlarının sistematik pozulacağından ehtiyat edirlər. Çünki belə tədbirlər miqrantları heç bir əlaqəsi olmadıqları ölkələrə göndərməyə imkan verir.
Son illər Avropa İttifaqının orqanlarında miqrasiya ilə bağlı fikir ayrılıqları mövcud idi. Xüsusi ilə Afrikanın şimalı, Yaxın Şərqdə, Əfqanıstanda və başqa münaqişəli bölgələrdə baş verən hadisələrin nəticəsində meydana çıxan miqrasiya Aİ üçün müəyyən mənada gözlənilməz olub.
Məsələn, Suriya və İraqda baş vermiş hadisələr fonunda Türkiyə üç milyondan çox suriyalı, iraqlı miqranta sığınacaq verməklə İttifaqı mühacirə böhranın nəticəsində yaranacaq mümkün humanitar böhrandan xilas etmişdi.
İttifaq Türkiyədə olan suriyalı sığınacaq axtaranların əsas ehtiyaclarının ödənilməsi məqsədilə 2016-cı ildə imzalanan qaçqın razılaşması çərçivəsində Ankaraya üç milyard avro maliyyə yardımı göstərmə öhdəliyi götürmüşdü. Onda Aİ həmin maliyyə yardımını bir neçə ilə hissə-hissə ödəmişdi.
Belə demək olar ki, Türkiyə həmin dövrdə Avropa İttifaqı üçün miqrantların axının qarşısının alınmasında mühüm rol oynamışdı.
Həmin hadisələrdən sonra Aİ miqrasiya siyasətində dəyişikliklər etməyə başladı. Miqrantları araşdırmağı, onları tədqiq etməyi sərtləşdirdi.
Bir sıra terror qruplarının Avropa İttifaqı ölkələrində sığınacaq alması, yaxud qeyri-hökumət təşkilatları adı altında gizlənməsi faktları da aşkarlanıb.
Bu baxımdan onun miqrasiya siyasəti xarici sərhədlərin nəzarəti, qanuni əmək miqrasiyasının tənzimlənməsi və sığınacaq istəyənlərin bölüşdürülməsinə yönəlmiş ümumavropa normalar və ikisəviyyəli tədbirlər kompleksi formalaşdırılıb. Hədəf ilk növbədə Şengen zonasında təhlükəsizliyin təmin edilməsidir.
Belə ehtimal etmək olar ki, Aİ-nin qanunsuz qalan miqrantlarla bağlı qaydaların sərtləşdirilməsində ABŞ Prezidenti Donald Trampın tənqidi də az rol oynamayıb.
O, İttifaqın miqrasiya siyasətini dəfələrlə sərt tənqid edərək onu "fəlakətli" adlandıraraq, kütləvi miqrasiyanın bəzi Avropa şəhərlərini və ölkələrini tanınmaz hala gətirdiyini bildirmişdi. Onun sözlərinə görə, miqrantların Paris və London kimi Avropa paytaxtlarına axını onların tarixi və mədəni kimliyini məhv edir, simasını mənfi mənada dəyişdirir. Donald Tramp miqrasiya axınlarını Avropa dövlətlərində təhlükəsizliyi və sabitliyi təhdid etdiyini də vurğulamışdı.
Onun qiymətləndirmələrinə görə, Avropa liderlərinin bu sahədə qəbul etdiyi qərarlar uğursuz olub və qitədəki dövlətlərin tənəzzülünə gətirib çıxarır.
Avropa İttifaqı nəyi hədəfləyir? Bu, onun insan hüquqlarının müdafiəsi, bir sıra azadlıqlarla bağlı dəyər və prinsiplərinə zərbə vurmayacaq?
Əvvəllər, Avropa liderləri tolerant, habelə multukultural cəmiyyətə malik olduqlarını bildirirdilər. Yayılan xəbərlərdən belə görünür ki, son illər miqrantların axını Aİ ölkələrində çoxsaylı ictimai, siyasi, iqtisadi, maliyyə, problemlər yaradıb. Habelə narkomaniyanın artmasına təkan verib. Bundan başqa miqrantlar sığındıqları ölkələrin cəmiyyətinə inteqrasiya etməkdə çətinlik çəkir, yaxud buna cəhd göstərmirlər. Bu isə yerli əhalidə müəyyən mənada özünüqoruma instinkti ilə əks addımların atılması ilə müşahidə olunur.
Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron hələ 2011-ci ildə açıq şəkildə bəyan etmişdi ki, ölkədə dövlət multikulturalizmi uğursuzluğa düçar olub. Onun sözlərinə görə, müxtəlif mədəni qrupların özlərini təcrid etməsi ekstremizmin artması ilə nəticələnib.
Əlbəttə, Britaniya, Fransa, Almaniyada silsilə terror hadisələri də onun iddialarını təsdiqləyir. Avropa ölkələrində neofaşizmin çiçəklənməsinə bu kimi hadisələr təkan verir.
Beynəlxalq hüquqa görə, ölkələr öz sərhədlərinə nəzarət etmək və vizalar tətbiq etmək hüququna malikdirlər. İstənilən ölkədə yaşamaq üçün həmin dövlətin rəsmi icazəsi (viza, yaşayış icazəsi və ya vətəndaşlıq) tələb olunur. BMT-nin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən, hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmək və yaşamaq hüququ var.
Odur ki, Avropa İttifaqının qəbul edəcəyi yeni reqlament deportasiya olunanların sayının artmasına da səbəb ola bilər.
Yeni reqlamentlə bağlı məsələni belə qruplaşdırmaq olar:
- Avropa İttifaqına üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi;
- multikulturalizmdən imtina olunması;
- miqrasiyasının qarısının alınması;
- miqrantlar üçün yeni baryerlərin, yaxud süzgəc mərkəzlərinin yaradılması;
- Avropa dəyərləri uğrunda mübarizə aparanlara maneə;
- Avropa əhalisinin etnik, milli və dini tərkibinin pozulmasının qarşısının alınması və s.
Aİ-nin miqrant siyasətini sərtləşdirməsi perspektivdə onun etibarına, ona etimada zərbə vura bilər. Bu isə Qərbin on illərlə formalaşdırdığı təhlükəsiz sığınacaq yeri imicinə də təsirsiz ötüşməyəcək.
O halda "Avropa dəyərləri" adlanan məfhuma da yenidən baxılması zərurəti yaranar. Bəhs etdiyimiz qaydaları Avropa İttifaq üçün yenidənqurma prosesinin tərkib hissəsi kimi də qəbul etmək olar. O da bu kimi addımlarla yeni dünya nizamı üçün hazırlıq görür. Bu proses onun dəyərlərinə sayğıya təsir göstərəcək? Ona görə belə düşünmək olar ki, Avropa dəyərləri ilə təhlükəsizliyi üz-üzədir...(Report)