AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI

  • + A
  • - A
  • 14-08-2019, 13:45

    “Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI

    Azərbaycanda bizneslə məşğul olan, yaxud olmaq istəyən xarici iş adamlarının ən birinci iradı həmişə ölkəmizdəki məhkəmə-hüquq sistemilə bağlı olub. Biz hələ öz vətəndaşlarımızı demirik. Hüquq sistemimiz, məhkəmələrimiz o qədər açıq-aşkar qanunsuz, ədalətsiz əməllərə, qərarlara imza atıb, o qədər günahsız, yaxud cüzi qanunsuz əməli olan “sahibsiz” vətəndaşları zindana göndərib, əvəzində canilərin, rüşvətxorların, dələduzların “üzünə gülüb” ki…

    Bu gün məlum oldu ki, “Qaçqınkom”un uzun illər sədri olmuş, hazırda isə baş nazirin müavini vəzifəsini daşıyan Əli Həsənovun 2 nəfərin ölümünə bais olan nəvəsi Nail Allahverdiyev azadlığa buraxılıb. Ona əvvəl 6 il iş verilsə də, sonradan Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib, Ali Məhkəmə isə ümumiyyətlə şərti iş kəsərək, azad edib.

    Əlbəttə ki, kimliyindən asılı olmayaraq, heç kimin, özü də belə cavan yaşında zindana düşməsini kimsə arzulamaz. Lakin bu qəzanı törədən N.Allahverdiyev insanların şüurunda kimin yaxını olduğu, bu qəzanı neçə yüz minlik maşında və necə törətdiyi, ümumiyyətlə nəyə, kimə arxayın olub özünü belə apardığı kimi suallarla assosiasiya olunur. Bu kateqoriyadan olanlara qarşı isə cəmiyyətin böyük kəsimində qıcıq, bəzən isə kin, hiddət var.

    Əlbəttə ki, hər kəs soruşa bilər – axı doğrudan da, kimdir Əli Həsənov, kimdən artıqdır? Azərbaycan üçün bu qədərmi əhəmiyyətli, böyük xidmətləri olan, milləti, xalqı üçün fədakarlıq etmiş, canını vətən yolunda qoyan bir vətəndaş, məmurdur?Onun rəhbərliyi dövründə “Qaçqınkom”dan narazı qalmayan qaçqın, köçkün oldumu? Adamın qohum-əqrabasının adına olan mülklərin, var-dövlətin, biznesin sorağı Almaniyadan belə daha haralardan gəlmir, amma yenə də “Qaçqınkom”un sədrliyindən gedəndə xidməti “BMW”-sini də özü ilə apardı. Nədən onun nəvəsi hansısa üstünlüyə malik olmalı, 2 nəfərin ölümünə görə 2 il yatıb çıxmalıdır, hansısa kasıb isə buna bənzər qəzaya görə dəfələrlə ağır cəzalara məhkum edilməlidir?

    Hətta tam bəraət tələb edən vəkilin məhkəməyə müraciətindən belə məlum olur ki, sən demə N.Allahverdiyevin yanında oturan mərhum cavan oğlan hələ qəza baş verməmişdən dünyasını dəyişib, maşının qəzaya düşməsi isə təkərinin partlaması nəticəsində baş verib və heç bir avtoxuliqanlıq, başqa maşınla qaçdı-tutdu oyunu olmayıbmış… Və belə görünür ki, məhkəmə də buna “inanır”, yoxsa nədən Əli Həsənovun nəvəsini azad etsin ki? Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan məhkəməsi Əli Həsənovun nəvəsinin “Galenvagen”inin partlayan təkərinin altında qalıb…

    Təbii ki, burada hər şey gün kimi aydındır, bu, Azərbaycan reallığıdır. Sadəcə, düşündürücü məqam budur ki, ilin əvvəlində verilmiş ölkə başçısının məhkəmə islahatları ilə bağlı fərmanı doğrudan da bu sahədə canlanmaya səbəb oldu və cəmiyyəti xeyli ümidləndirdi. Bəs Əli Həsənovun nəvəsilə bağlı verilən az qala bəraət mahiyyəti daşıyan bu məhkəmə qərarı həmin fərmanın tələblərilə nə dərəcədə uzlaşır?…

    Yeri gəlmişkən, qəzada ağır xəsarətlər alan Türkiyə vətəndaşları hələ də tam sağalmadıqlarını, qarşı tərəfin onların məsrəflərini və müalicə xərclərini ödəmədiklərini idddia edirlər və bunu Türkiyənin aparıcı telekanalları yayımlayır. Bu isə onsuz da Azərbaycanın məmur ordsusunun həsəd aparılmayacaq imicini növbəti dəfə yerdən-yerə vurur.

    Tanınmış vəkil Adil İsmayılov Hacı Məmmədovun işilə bağlı “AzPolitika”da da dərc olunan yazısında məhkəməyə sədrlik edən hakim Əli Seyfəliyevlə dialoqundan söz açır. Hakimin dediklərinə fikir verin: “Siz elə bilirsiniz ki, mən yazdıqlarınızı bilmirəm? Necə fikirləşirsiniz, mən Baş prokurorun imzası ilə təsdiq olunmuş ittiham aktı ilə məhkəməyə daxil olan işi geri qaytarmalı idim? Özünüz ağıllı adamsınız, bunun nəticəsinin nə olacağını məndən də yaxşı bilirsiniz…”

    Yaxud, olsun məlum fərmandan sonra bir neçə hakimin bütün əndazələri aşan əməllərinə görə səlahiyyətlərinə xitam verilməsi, hətta rüşvətə görə həbs olunması. Budur Azərbaycan hakiminin durumu, günü, güzəranı – bir gözü “yuxarıların” tapşırıqlarında, o biri gözü “müştərilərin” cibində!

    Hörmətli Əli Həsənov isə hələ 2015-ci ildə uzaq İndoneziyadan gələn bir nümayəndə heyətinin qarşısında çıxış edərkən Avropa Parlamentini korrupsiyaya bulaşmış bir qurum adlandırmışdı və bu qurumla bağlı görün nə demişdi: “Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…”

    Bəli, Əli müəllim bunu Avropa Parlamenti üçün deyib və deyilənlərin Azərbaycan məhkəmələrilə heç bir əlaqəsi yoxdur…(AzPolitika.info)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR