Avqustun 18-də Lerikdəki “Relaks” istirahət və turizm mərkəzində baş verənlərə artıq hüquqi qiymət verilib.
Belə ki, Baş prokurorluq, Daxili İşlər və Vergilər nazirlikləri insidentlə bağlı birgə məlumat yayıb.
Birgə məlumata görə, Vergilər Nazirliyi avqustun 16-da “Relaks” istirahət və turizm mərkəzində vergidənyayınma ehtimalı yüksək olan hallara qarşı vergi nəzarəti tədbirləri həyata keçirmək istəyib. Çünki faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərib.
Ancaq Vergilər Nazirliyiinin əməkdaşları obyektdən döyülərək qovulub. Baş verən hadisələrdə iştirak edən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, deputatın qardaşı oğlu Orxan Nərimanlı və digərləri həbs olunub.
Bu zaman yenə də gündəmə məmur, nazir, deputat övladlarının qanunlara hörmət etməməsi, həvalə olunan vəzifədən sui-istifadəyə yol verməsi gəlir.
Niyə?
Məmur övladları kimə və nəyə arxayındır ki, dövlətin qanunlarını rahat şəkildə çeynəyib keçə biləcəklərini zənn edirlər?
Təbii, “papanın gül balaları” heç də sonuna kimi bu titula sahib ola bilmirlər. Nəticədə yaramaz övladların hərəkətlərini valideynləri çəkməli olur. Həm nüfuzdan düşməklə, həm də sahib olduqları kreslonu itirməklə…
Bəs məmur, deputat kreslosunda əyləşən valideynlərin günahı nədir?
Niyə zamanında övladlarına tərbiyə verməkdə gecikirlər?
Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.
Milli Məclisin deputatı Fəzail Ağamalı mövzu barədə danışarkən son günlər baş verənlərin böyük təəssüf doğurduğunu xüsusi qeyd edib:
“Baş verənlər ailənin faciəsi kimi qiymətləndirilməlidir. Həmçinin, bu cür hallar cəmiyyətdə ciddi və xoşagəlməz diskussiyalara, narazılıqlara səbəb olur. Bu baxımdan mən də təəssüflənirəm. Bu cür hallar istisnalardır. Çox arzu edərdik ki, bu istisnalar da olmasın”.
Fəzail Ağamalı harınlamış övladların əməllərindən danışarkən valideynlərin onlara nəzarət etməsini vacib hal sayıb:
“Hesab edirəm ki, belə hallar hər eydən əvvəl valideynlərin öz övladlarına kifayət qədər nəzarət etməməsi, onu ciddi həyat tərzində yaşamağa alışdırmaması ilə bağlıdır. Əlbəttə, xoşagəlməz vəziyyəti bütün məmurların, deputatlarrın övladları haqqında demək ədalətsizlik olar. Belə epizodlarla əvvəllər də rastlaşmışıq. Harınlamış bəzi məmur övladları bu cür davranışlara yol veriblər. Bu cür davranışlara yol verməklə, bir çox mətləblərə də aydınlıq gətirirlər. Bu qədər pul hardandır?! Nəyin hesabına qazanıblar? Deməli, dövlətdən, xalqdan oğurlayıblar. Hətta araşdırsanız, görərsiniz ki, bəzi məmur övladları var ki, ölkədə əsgəri xidmətdə olmadan ayrı-ayrı ölkələrdə vətəndaşlıq alaraq, dəbdəbəli həyat sürürlər. Yüksək səviyyəli dövlət məmurunun övladı əsgər həyatı çəkməyibsə, bu ona ən azı dövlət və cəmiyyət qarşısında başıaşağılıq gətirir. Sanki “hər şey belə olmalıdır” deyə bəzi məmurların heç nə vecinə deyil”.
Deputat bildirib ki, inkişaf etmiş Qərb ölkələrində harınlamış məmur övladlarına rast gəlmək olmur:
“İnkişaf etmiş Qərbi Avropa ölkələrində böyük imkanlara malik olan iş adamlarının, dövlət xadimləriın övladları ilə bağlı belə halların şahidi olmamışıq. Belə hallara mətbuatda da rast gəlməmişəm. Bu cür hallar əsasən müstəqiliyi yeni qazanan dövlətlərdə baş verir. Birdən-birə, əvvəldən deyil, sonradan pul qazanmaq imkanı əldə ediblər. Pul da çox olanda başgicəllənməsi baş verir. Həmin şəxslər pulu idarə etmək imkanlarını itirirlər. Pul onları və ailələrini idarə edir. Ya övladları, ya da həyat yoldaşları xoşagəlməz hərəkətlər edirlər. Bu da cəmiyyətdə böyük narazılıqlar doğurur”.