AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"QƏZZADAN KÖÇÜRMƏ XƏBƏRLƏRİ YALANDIR"

  • + A
  • - A
  • Bu gün, 08:07

    "QƏZZADAN KÖÇÜRMƏ XƏBƏRLƏRİ YALANDIR"

    Cənubi Sudan Xarici İşlər Nazirliyi İsraillə Qəzza zolağından fələstinli sakinlərin ölkəyə köçürülməsi ilə bağlı yayılan məlumatları qəti şəkildə təkzib edib. Nazirliyin bəyanatında bildirilir ki, bu iddialar əsassızdır və Cənubi Sudanın rəsmi mövqeyini, yaxud siyasətini əks etdirmir.

    Məsələ ilə bağlı ilk olaraq Associated Press agentliyi məlumat yaymış, adlarının açıqlanmasını istəməyən altı mənbəyə istinadən İsrailin Juba ilə bu istiqamətdə danışıqlar apardığını iddia etmişdi. Xəbər, İsrail ordusunun son günlərdə Qəzza şəhərinə intensiv hava və artilleriya zərbələri endirdiyi, bölgənin tam ələ keçirilməsi planlarının gündəmdə olduğu bir vaxtda ortaya çıxıb.

    İsrail Baş naziri Benyamin Netanyahu bu həftə yenidən bəyan edib ki, fələstinlilər Qəzzanı tərk etməlidirlər. Bu mövqe ABŞ prezidenti Donald Tramp tərəfindən də dəfələrlə dəstəklənib. Lakin beynəlxalq ictimaiyyətin əksər üzvləri bu çağırışa kəskin reaksiya verərək, bunun 1948-ci ildə baş verən və “Nəkbə” kimi tanınan kütləvi köçürmə hadisəsinin təkrarı olacağı barədə xəbərdarlıq ediblər.

    Oxşar iddialar qarşısında mart ayında Somali və onun qismən tanınmış bölgəsi Somalilend də rəsmi açıqlama yayaraq, ABŞ və ya İsraildən belə bir təklif almadıqlarını, eyni zamanda hər hansı köçürmə planını qətiyyətlə rədd etdiklərini bildirmişdilər.

    Qeyd edək ki, Cənubi Sudanın Xarici İşlər Naziri Mande Semaya Kumba iyul ayında İsrailə rəsmi səfər edərək Baş nazir Netanyahu ilə görüşüb. Ötən ay isə Cənubi Sudan hökuməti ABŞ tərəfindən deportasiya edilən səkkiz miqrantın ölkəyə qəbul edildiyini təsdiqləyib. 2011-ci ildə müstəqilliyini əldə edən ölkə, müstəqillikdən sonra vaxtının təxminən yarısını daxili müharibə şəraitində keçirib və hazırda da siyasi böhranla üz-üzədir.

    Beynəlxalq müşahidəçilər hesab edirlər ki, Cənubi Sudanın İsraillə belə bir köçürmə planına razılıq verməsi regional və beynəlxalq aləmdə ciddi siyasi təlatümlərə yol aça bilər. Rəsmi Juba isə bu iddiaları rədd etməklə ölkənin neytral mövqeyini qorumağa çalışır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR