İnsan üçün olduqca qiymətli olan, amma bəzi hallarda qayğısına qalmadığımız ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində tibb işçiləri durur və hər il iyun ayının 17-ci günü, müstəqil Azərbaycan Respublikasında səhiyyə işçilərinin peşə bayramı günü olaraq qeyd olunur. Xatırladaq ki, bu gün ilk dəfə olaraq Səhiyyə Nazirliyinin yarandığı tarixi bir gündür. Belə ki, 1918-ci ildə Xalq Cümhuriyyətinin yaradılması ilə səhiyyə tarixində yeni bir səhifə açılır və Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə, Azərbaycanda Səhiyyə Nazirliyi yaradılır və ilk gündən bu sahə dövlətin tabeçiliyinə verilir. Onu da bildirək ki, bu yöndə verilmiş qərar demokratik respublikanın mühüm qərarlarından biri olur və ilk səhiyyə naziri ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin olunur. Bu günün səhiyyə işçilərinin peşə bayramı günü olaraq qeyd olunması da, məhz belə bir amillə bağlı olmuşdur. Yeni yaradılmış nazirliyin qarşısına həmin vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, xəstəxanalar, feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq və s. kimi vəzifələri yerinə yetirmək qoyulur. Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər istedadlı gənclər arasında həkimlik ixtisasına yiyələnənlər də olur. Bu gün isə, ölkəmizdə həkimlik peşəsinin sirlərinə dərindən yiyələnən, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçiləri var. Sovet dövründə də, ölkəmizdə Səhiyyə nazirliyi dövlətin tabeçiliyində olmaqla bərabər, daim inkişaf edən bir sahə olub.
Xalqımızın ümummilli lideri, mərhum prezident Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə nazirliyinin 17 iyun 1918-ci il tarixdə yaradılmasını nəzərə alaraq, hər ilin bu günü Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü olaraq qeyd olunur. Ümummilli liderin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra, onun həyata keçirdiyi islahatlar tibb sahəsində də öz bəhrəsini verdi. Yəni, bu sahənin səmərəsinin yüklədilməsi, intensivləşdirilməsi üçün lazımi baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi. Bu gün isə, Azərbaycan səhiyyəsi özünün yeni bir inkişaf mərhələsini yaşamaqdadır. Belə ki, ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində nəinki paytaxt Bakı şəhərində, hətta bölgələrdə də müasir tibb mərkəzlər açılır, köhnə tibb ocaqları yenidən təmir-bərpa olunur və müasir tibbi avadanlıqlarla təminatlar dolgun şəkildə ödənilir. Hər il səhiyyə sahəsinin inkişaf etdirilməsi, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi və s. daim diqqət mərkəzində saxlanılır. Bəli, fakt budur ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə həyata keçirən cənab Prezidentin atdığı addımlar sayəsində, hər il dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitlər artmaqda davam edir. Belə bir halın varlığı da, ümumilikdə tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni yollar açır.
O da hər kəsə güntəki aydındır ki, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində, hal-hazırda ölkəmizin səhiyyə sahəsi sürətlə müasirləşir, vətəndaşlar dövlətin yaratdığı tibb xidmətlərdən lazımi səviyyədə yararlanmağa çalışırlar. Yəni, bu sahədə atılan hər bir addımın kökündə, məhz vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət etmək durur.
Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixi Sərancamına əsasən, hər il iyunun 17-i Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü olaraq qeyd olunur. Belə bir tarixi və möhtəşəm gün münasibətilə, ölkəmizin səhiyyə sahəsinin inkişaf etdirilməsi yöndə göstərdikləri nümunəvi xidmətlərinə, bu sahəyə bəxş etdikləri əvəzsiz töhvələrinin varlığına, həmçinin digər addımlarına görə, Respublikamızın səhiyyə müəssisələrində çalışan hər bir əməkdaşını- 17 iyun Tibb işçilərinin peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edib, hər kəsə cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar əldə etmələrini arzu edirəm.
Hörmətlə, Məşhur Məmmədov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı